Azərbaycan

3 iyun 1929 - Musiqişünas, Əməkdar müəllim Elmira Mirzəağa qızı Əliyeva anadan olub.
3 iyun 1957 - Yazıçı, tərcüməçi Afaq Məsud (Afaq Məsud qızı Vəliyeva) Bakıda doğulub. Əsərləri: “İzdiham”, “Azadlıq”, “Dəfn”, “Fatma” (roman), “O məni sevir”, “Qatarın altına atılan qadın” (pyes) və s. Q.Markes, T.Vulf və digər müəlliflərin əsərlərini dilimizə tərcümə edib. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktorudur.
3 iyun 1992 - Azərbaycan BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

4 iyun 1926 - Tanınmış xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 - 4.1.2000) Qubada anadan olub. Bənzərsiz səsi ilə ifa etdiyi “Kəsmə şikəstə” muğamı, “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi” və s. mahnılarla musiqi tariximizdə qalıb. "Arşın mal alan" filmində (1945) Telli rolunu ifa edib.
4 iyun 1929 - Tanınmış kamança ifaçısı, Əməkdar artist Elman Kərim oğlu Bədəlov (1929 - 25.6.1991) Şuşanın Malıbəyli kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosu xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib, xarici ölkələrdə qastrol səfərlərində olub.
4 iyun 1944 - Kinooperator, Əməkdar mədəniyyət işçisi Elman Əliverdi oğlu Əliyev Bakıda anadan olub. 1964-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır. 30-dan artıq sənədli filmin operatoru, “Yalan”, “İstanbul reysi”, “Çölçü”, “Dərvişin qeydləri” bədii filmlərinin rəssam-fotoqrafıdır.
4 iyun 1957 - Azərbaycan SSR Radio və Televiziya Verilişləri Komitəsi (indiki “Azərbaycan Televiziyası və Radiosu” QSC) yaradılıb.

5 iyun 1908 - Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə 1908 - 06.01.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. On il ərzində 10 şeir və poemalar toplusu nəşr etdirib. 1937-ci ildə pantürkizm və millətçilikdə ittiham edilərək həbs olunub, 1938-ci il yanvarın 6-da güllələnib.
5 iyun 1912 - Dramaturq, ədəbiyyatşünas Həsən Məmməd oğlu Qasımov (1912-8.5.1977) anadan olub. "Kür sahilində" pyesi teatrlarda tamaşaya qoyulub.
5 iyun 1939 - Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) anadan olub. Lirik-fəlsəfi poeziyası ilə müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir Milli Məclisin deputatı (2000-2010) olub.
5 iyun 1941 - Görkəmli aktyor Hamlet Bəbir oğlu Xanızadə (1941 - 3.2.1990) Bakının Şağan kəndində anadan olub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
5 iyun 1949 - Yazıçı, kinossenarist, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə anadan olub. 30-dan çox kitabın, 10-dan çox filmin (“Gecə qatarında qətl”, “Vahimə”, “Biz qayıdacağıq” və s.) ssenari müəllifidir.

Dünya

3 iyun 1906 - Rus rejissoru, SSRİ Xalq artisti, kino pedaqoqu Sergey Gerasimov (1906 - 1985) anadan olub. Filmləri: “Gənc qvardiya”, “Sakit Don” və s.
3 iyun 1875 - Fransız bəstəkarı Jorj Bize (Georges Bizet - Alexandre-Cesar-Leopold Bizet, 25.10.1838 - 1875) vəfat edib. Məşhur “Karmen” operasının müəllifidir.
3 iyun 1924 - Alman yazıçısı (yəhudi əsilli) Frans Kafka (Franz Kafka; 3.7.1883, Praqa - 1924, Vyana) vəfat edib. Əsərləri: “Bir xanımın xülasəsi”, “İtaətçi ilə söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi”, “Qətl” və s.
3 iyun 1963 - Böyük türk şairi, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmət (15.1. 1902 - 1963) Moskvada vəfat edib. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət etmişdi. Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), "Məhəbbətim mənim, kədərim mənim" (SSRİ-Türkiyə, rejissor Əjdər İbrahimov) filmləri çəkilib.

4 iyun 1882 - Rus teatr rejissoru Fyodor Komissarjevski (1882-1954) anadan olub.
4 iyun 1975 - Amerika kino ulduzu Ancelina Coli (Angelina Jolie) anadan olub. Filmləri: “Məhəbbətin dolanbacları”, “Qorxunun hökmü”, “Yarıda kəsilmiş həyat” (“Oskar”), “Mister və miss Smit”.

5 iyun “Dünya ətraf mühit günü”dür (World Environment Day). 1972-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 27-ci sessiyasında təsis olunub.
5 iyun 1898 - Məşhur ispan şairi və dramaturqu, musiqiçi və rəssam Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898-1936) anadan olub. İspaniyada Vətəndaş müharibəsində həlak olub.
5 iyun 1931 - Fransız kinorejissoru Jak Demi (Jacques Demy, 1931-1990) anadan olub.
5 iyun 1941 - Polşa aktrisası Barbara Brılska (Barbara Brylska) anadan olub. E.Ryazanovun «Taleyin ironiyası və ya həmişə təmizlikdə» filmində Nadya rolu ilə sovetlər ölkəsində şöhrət qazanıb.
5 iyun 1946 - İtalyan kinoaktrisası Stefaniya Sandrelli anadan olub. Filmləri: “XX əsr”, “Alfredo, Alfredo” və s.

Hazırladı: Vüqar Orxan