Azərbaycan

27 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.
27 iyun 1924 - Xalq artisti, məşhur aktyor Məlik Yusif oğlu Dadaşov (1924 - 3.12. 1996) Bakıda anadan olub. 1950-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatr və televiziya tamaşalarında yaddaqalan rollar oynayıb. Rus Dram Teatrında direktor və bədii rəhbər (1989-1991) işləyib. Kinoda zəngin obrazlar qalereyası yaradıb: “Dəli Kür” - Molla Sadıq, “İyirmialtılar” - Əzizbəyov, “Birisi gün gecə yarısı” - Nəriman Nərimanov, “Axırıncı aşırım” - Qəmlo, “O dünyadan salam” - Şeyx Nəsrullah, “Fəryad” - Aram Xaçaturyan və s.

28 iyun 1842 - Görkəmli maarifçi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1842-1907) anadan olub. 1875-ci ildə «Əkinçi» qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Zərdabi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycan müəllimlərinin birinci qurultayının sədri (1906) olub.
28 iyun 1914 - Xalq artisti, məşhur teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (1914 - 14.1.1999) Şuşada doğulub. 1935-ci ildən Akademik Dram Teatrında çalışıb. “Görüş” (Şövkət), “O olmasın, bu olsun” (Sənəm), “Qızmar günəş altında” (Sərdarovun arvadı), “Onun bəlalı sevgisi” (Nənə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
28 iyun 1925 - Xalq artisti, müğənni Gülağa Allahverdi oğlu Məmmədov (1925 - 7.6.1994) anadan olub. 40 ildən çox Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. “Dəli Kür”, “Sən niyə susursan?”, “Evlənmək istəyirəm” filmlərində, teatr tamaşalarında musiqi nömrələrini ifa edib.
28 iyun 1935 - Teatr rejissoru, Xalq artisti, professor Ağakişi Şəmməd oğlu Kazımov Ağcabədi rayonunda doğulub. Sumqayıt Dram Teatrında direktor, Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” bədii filmində (Hacı Zeynalabdin Tağıyev) çəkilib.

29 iyun 1913 - Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 - 7.10.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən ədəbi nümunələri (F.Şillerin «Məkr və məhəbbət», A.Çexovun «Vanya dayı», «Albalı bağı» pyesləri, E.Voyniçin «Ovod» romanı, A.Puşkinin, M.Lermontovun, T.Şevçenkonun şeirləri) Azərbaycan dilinə çevirib.
29 iyun 1944 - Tanınmış şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu (Çingiz Əli oğlu Əliyev) Füzuli şəhərində doğulub. Ümumittifaq poeziya müsabiqəsinin qalibi kimi "Yunost" jurnalının "Yaşıl yarpaq" mükafatına layiq görülüb. Rus dilindən ədəbi tərcümələrin müəllifidir. Əsərləri müxtəlif dillərə tərcümə olunub. Kitabları: “Soraqlar sevgi məni”, “Alnından ay doğan adam”, “Günəşli dayanacaqlar”, “Görüşdən ayrılığa”, “Çərçivə” və s.

30 iyun 1934 - Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. Əslən Krım tatarı olan A.Refatov tanınmış bəstəkar idi. 1926-cı ildə Bakıya gələrək Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, burada dərs demiş, 1931-ci ildə bu təhsil ocağının prorektoru təyin edilmişdi. O, Bəstəkarlar İttifaqının bir il sədri oldu, 1937-ci ildə repressiya olundu. 1935-ci ildə Bəstəkarlar İttifaqına Əli Kərimov, 1936-cı ildən isə dahi bəstəkar Üzeyir Hacıbəyli (1948-ci ilədək) rəhbərlik etdi.
30 iyun 1952 - Yazıçı-dramaturq, filosof, tərcüməçi Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) anadan olub. 30-dan çox pyesin ("Ayı təbəssümü", “Zaman”, “Tələ”, “Pələng ili”, "Musiqili məktublar" və s.), povest və romanların ("At günü", "Dəniz köçü", “Teatr meydanı”) müəllifidir. Rus dilindən tərcümələr edir.

Dünya

27 iyun 1940 - Aktyor, müğənni, Rusiyanın Xalq artisti Boris Xmelniski (1940-2008) anadan olub. “Robin Qudun oxları” (Robin Qud), “Qırmızı çadır”, “İgid cəngavər Ayvenqo” və s. filmlərdə çəkilib.
27 iyun 1941 - Polşa kinorejissoru Kşiştof Keslovski (1941-1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.
27 iyun 1955 - Fransız aktrisası İzabel Adjani (Isabelle Yasmine Adjani) anadan olub. Filmləri: “Adeliya Hüqonun əhvalatı”, “Bronte bacıları”, “Kraliça Marqo” və s.

28 iyun 1577 - Görkəmli Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens, 1577-1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.
28 iyun 1712 - Fransız yazıçı və mütəfəkkiri, musiqişünas, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712-1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanlarının, “İctimai müqavilə”, “Düşüncələr” və s. fəlsəfi əsərlərin müəlifidir.
28 iyun 1867 - İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1934) laureatı Luici Pirandello (Luigi Pirandello, 1867-1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” romanları, “Liola”, “Hər kəs özünə görə”, “IV Henrix” və s. pyeslər.
28 iyun 1871 - Rus filosofu, yazıçı, publisist Sergey Nikolayeviç Bulqakov (1871-1944) anadan olub. “Təsərrüfatın fəlsəfəsi”, “Adın fəlsəfəsi”, “Fəlsəfənin faciəsi” və s. əsərlərin müəllifidir.

29 iyun 1798 - İtalyan şairi, filosof Cakomo (Giacomo) Leopardi (1798-1837) anadan olub.
29 iyun 1900 - Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Külək, qum və ulduzlar”, “Hərbi təyyarəçi”, “Balaca şahzadə”, “Qala” romanları və s. əsərlərin müəllifidir.
29 iyun 1908 - Amerika bəstəkarı Leroy Anderson (1908-1975) anadan olub.

30 iyun 1789 - Fransız rəssamı Horas Verne (Horace Emile Jean Vernet; 1789-1863) anadan olub. Müharibə mövzusunda tabloların müəllifi və portret ustası kimi tanınıb.
30 iyun 1884 - Fransız yazıçı-dramaturqu, şair, ədəbiyyatşünas Jorj Düamel (Georges Duhamel; 1884-1966) anadan olub. “Tərk edilmişlər”, “Gecəyarısı etiraf”, “Salavenin gündəliyi” romanları və s. əsərlərin müəllifidir.
30 iyun 1911 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1980) laureatı Çeslav Miloş (Czeslaw Milosz, 1911-2004) anadan olub.
30 iyun 1918 - Amerika kinoaktrisası Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918-1975) anadan olub. “Mən yaşamaq istəyirəm” filmindəki roluna görə “Oskar” mükafatı (1958) alıb.

Hazırladı: Vüqar Orxan