Azərbaycan

26 iyul 1994 - Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb.
26 iyul 1995 - Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919, Qazax - 1995) vəfat edib. Ədib «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), Milli Məclisin deputatı (1990-1995) olub.
26 iyul 2008 - Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925, Laçın - 2008 ) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.

27 iyul 1991 - Əməkdar incəsənət xadimi, pianoçu, «Dan ulduzu» instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7. 1991) vəfat edib. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir.
27 iyul 2012 - Müasir Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Zahid İsa oğlu Hüseynov (20.3.1945 - 2012) vəfat edib. Azərbaycan Rəssamlıq Akademiyasının professoru, “Dekorativ-tətbiqi sənət” kafedrasının müdiri olub.

28 iyul 1935 - Bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 - 15.9. 2006) anadan olub. Müxtəlif janrlarda əsərlərin - simfoniya, musiqili komediya, oratoriyalar ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Qəm pəncərəsi", “Çanaqqala"), opera (“Ölülər", “Natəvan"), kantata, mahnı və romansların müəllifidir. “Şərikli çörək”, “Həyat bizi sınayır”, “Kişi sözü” və s. filmlərə musiqi yazıb. Bəstəkarlar İttifaqına rəhbərlik (2000-2006) edib.
28 iyul 1937 - Görkəmli bəstəkar, dirijor, pedaqoq, Əməkdar incəsənət xadimi Müslüm Məhəmməd oğlu Maqomayev (18.9.1885, Qroznı - 1937) vəfat edib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaxın dostu və sənət yoldaşı olub. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir. "Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operalarının müəllifidir. 1924-cü ildən Opera Teatrının rəhbəri və dirijoru, 1929-cu ildən Azərbaycan radiosunun musiqi şöbəsinin rəhbəri olub. Hər səhər efirdə səslənən “Radio marşı”nın müəllifidir.
28 iyul 1993 - Şair, ədəbiyyatşünas, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (23.6.1923, Qubadlı, Xocamsaxlı kəndi - 1993) vəfat edib. “Aşıq gördüyünü çağırır”, “İnsan min il yaşardı”, “Dağlar buraxmır məni” və s. kitabların müəllifidir.
30 iyul 1918 - Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə rus işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa olunub. 1930-cu illərdə Gəncənin adı yenidən dəyişdirildi (Kirovabad), 1989-cu ildə tarixi adı təkrar özünə qaytarıldı.
30 iyul 1942 - Tərcüməçi, ədəbiyyatşünas Fərhad Qəmbər oğlu Əliyev (1942-1996) anadan olub.

31 iyul 1954 - Əməkdar incəsənət xadimi, aktyor və rejissor Cahangir Mütəllib oğlu Novruzov Bakıda anadan olub. Şəki Dram, Musiqili Komediya, Gənc Tamaşaçılar teatrlarında rejissor işləyib. 1995-ci ildən Türkiyədə yaşayır, Çukurova Universitetində (Adana) çalışır. “Qorxma, mən səninləyəm”, “Bəxt üzüyü”, “Sarı gəlin” və s. filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Dünya

26 iyul 1856 - İngilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw; 1856 - 2.11. 1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Ürək sındırılan ev”, “Milyoner arvadı”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Ağılsız kəbin”, “Artistin məhəbbəti”, “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.
26 iyul 1875 - İsveçrə filosofu, analitik psixologiyanın banisi Karl Qustav Yunq (Carl Gustav Jung, 1875-1961) anadan olub.
26 iyul 1885 - Fransız yazıçısı, psixoloji və bioqrafik romanların müəllifi Andre Morua (Andre Maurois - əsl adı Emile Salomon Wilhelm Herzog; 1885-1967) anadan olub.
26 iyul 1894 - İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley, 1894-1963) anadan olub.
26 iyul 1928 - Amerika rejissoru Stenli Kubrik (Stanley Kubrick; 1928-1999) anadan olub. Filmləri: “Spartak”, “Lolita” və s.
26 iyul 1964 - Amerikalı aktrisa Sandra Ballok (Sandra Annette Bullock) anadan olub. Filmləri: “Sürət”, “Dağıdıcı”, “28 gün”, “Görünməyən tərəf” (“Oskar”, 2010).

27 iyul 1824 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas fils; 1824 - 27.11.1895) anadan olub. İlk kitabı “Gəncliyin günahları” adlı şeirlər toplusu olub. 1848-ci ildə çap olunan “Kameliyalı qadın” romanı (və eyniadlı pyes) yazıçıya şöhrət gətirib. Digər əsərləri: “Diana de Lis”, “Yarıqaranlıq” (pyes), “Doktor Servan”, “Üç güclü kişi” (povest) və s. “Kameliyalı qadın” əsasında Cüzeppe Verdi “Traviata” operasını yazıb.
27 iyul 1835 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1906) laureatı Cozue Karduççi (Giosue Carducci, 1835-1907) anadan olub.
27 iyul 1853 - Rus yazıçısı Vladimir Korolenko (1853-1921) anadan olub. Əsərləri: “Makarın yuxusu”, “Kor musiqiçi”, “Axmaq cəmiyyətdə”, “Qazmada yaşayan uşaqlar” və s.
27 iyul 1915 - İtaliya opera müğənnisi, dünya şöhrətli tenor Mario del Monako (Mario del Monaco; 1915-1982) anadan olub.

28 iyul 1750 - Böyük alman bəstəkarı İohann Sebastyan Bax (Johann Sebastian Bach; 31.3.1685 - 1750) vəfat edib. Operadan savayı bütün musiqi janrlarında mindən çox əsər yazıb, o cümlədən: 200-dən çox kantata, 250-dək orqan musiqisi, 7 konsert və s.
28 iyul 1804 - Alman filosofu Lüdviq Feyerbax (Ludwig Andreas Feuerbach, 1804-1872) anadan olub.
28 iyul 1812 - Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef İgnacy Kraszewski, 1812-1887) anadan olub. “Sehrli çıraq”, “Qrafinya Kozel”, “Bryul” və s. romanların müəllifidir.
28 iyul 1866 - İngilis yazıçısı və rəssamı Beatriks Potter (Beatrix Potter, 1866-1943) anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir: “Uxti-Tuxti”, “Dovşan Piter və digər əhvalatlar”.
28 iyul 1887 - Fransız rəssamı və incəsənət nəzəriyyəçisi, dadaizm və sürrealizmin banilərindən Marsel Düşam (Marcel Duchamp, 1887-1968) anadan olub.
28 iyul 1906 - Rus rəssamı Fyodor Reşetnikov (1906-1988) anadan olub. Sosrealizmin məşhur nümayəndəsidir. Əsərləri: “Yenə iki”, “Tətil başlanır”, “Sülh uğrunda” və s.
28 iyul 1914 - I Dünya müharibəsi (1914-1918) başlanıb. “Antanta bloku” (Rusiya, Fransa, Böyük Britaniya) və “Dördlər ittifaqı”nın (Almaniya, Avstriya-Macarıstan, Osmanlı, Bolqarıstan) üz-üzə gəldiyi və 20-dək ölkənin cəlb olunduğu müharibədə 10 milyon hərbçi, 12 milyon mülki şəxs həlak olmuş, 55 milyon insan yaralanmışdı. Müharibə nəticəsində dörd imperiya (çar Rusiyası, Osmanlı, Avstriya-Macarıstan, kayzer Almaniyası) süqut etdi.

29 iyul 1805 - Fransız yazıçısı və tarixçisi Aleksis de Tokvil (Charles Alexis Henri Maurice Clerel de Tocqueville, 1805-1859) anadan olub. Əsərləri: “Amerikada demokratiya”, “Köhnə qayda-qanun və inqilab”.
29 iyul 1900 - İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1974) laureatı Eyvind Gunson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub.
29 iyul 1918 - Rus yazıçısı Vladimir Dudinsev (1918-1998) anadan olub. Əsərləri: “İnsan tək çörək üçün yaşamır”, “Ağ geyimlər”.
29 iyul 1921 - Fransız rejissoru, dünya sənədli kinosunun tanınmış nümayəndəsi Kris Marker (Christian Bouche-Villeneuve; 1921-2012) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızıdır” və s.
29 iyul 1954 - Rusiyanın Xalq artisti, bəstəkar İqor Krutoy anadan olub. 300-dən çox mahnının müəllifi, “Yeni dalğa” (Yurmala) musiqi festivalının yaradıcılarından biridir.

30 iyul 1511 - İtalyan memarı, rəssam və yazıçı Corco Vazari (Giorgio Vasari; 1511-1574) anadan olub.
30 iyul 1818 - İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte; 1818-1848) anadan olub. Məşhur yazıçı Şarlotta Brontenin bacısıdır. Əsərləri: “Tufan aşırımı”, “Mənim qəlbim qorxaq deyil”.
30 iyul 1947 - Avstriya əsilli Amerika kinoaktyoru Arnold Şvarsenegger (Arnold Alois Schwarzenegger) anadan olub. Filmləri: “Terminator”, “Kommando”, “Yırtıcı”, “Qırmızı hərarət”, “Gerçək yalan” və s. 2003-2009-cu illərdə ABŞ-ın Kaliforniya ştatının qubernatoru olub.
30 iyul 1948 - İspan əsilli fransız aktyoru Jan Reno (Jean Reno - Juan Juan Moreno y Herrera Jimenez) anadan olub. Filmləri: “Leon”, “Nikita”, “Qodzilla”, “Yaquar”.
30 iyul 1950 - İtalyan rejissoru Qabriele Salvatores (Gabriele Salvatores) anadan olub. Filmləri: “Aralıq dənizi” (“Oskar”, 1992), “Nirvana” və s.
30 iyul 1974 - Amerika aktrisası Hilari Snouk (Hilary Ann Swank) anadan olub. “Oğlanlar ağlamır” və “Bir milyonluq meymun” filmlərində rollarına görə “Oskar”a layiq görülüb.
30 iyul 2007 - Dünya şöhrətli İsveç rejissoru, ssenarist İnqmar Berqman (Ernst Ingmar Bergman; 14.07.1918 - 2007) vəfat edib. Filmləri: “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq”, “Qızlar bulağı” (“Oskar”) və s.

31 iyul 1848 - Fransız bəstəkarı Robber Plankett (Robert Jean Julien Planquette, 1848-1903) anadan olub.
31 iyul 1886 - Görkəmli macar bəstəkarı Ferens List (Liszt Ferenc, 1811-1886) vəfat edib. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası.
31 iyul 1914 - Məşhur fransız (ispan əsilli) aktyoru, rejissor Lui de Fünes (Louis Germain David de Funes de Galarza; 1914-1983) anadan olub. “Fantomas”, “Böyük gəzinti”, “San-Tropeli jandarm”, “Jandarm və yadplanetlilər” və s. komediya filmləri ilə məşhurlaşıb.
31 iyul 1962 - Amerika aktyoru Uesli Snayps (Wesley Snipes) anadan olub. Filmləri: “Dağıdıcı”, “Fanat” və s.
31 iyul 1964 - Alman-holland əsilli estrada ulduzu Si Si Ketç (C.C.Catch - Caroline Catherine Müller) anadan olub. 80-ci illərdə Diter Bolenin mahnıları ilə məşhurlaşıb.

Hazırladı: Vüqar Orxan