Azərbaycan
15 avqust 1784 - Görkəmli şair, Azərbaycan ədəbiyyatında satirik poeziyanın banilərindən biri Qasım bəy Əli bəy oğlu Zakir (1784-1857) Şuşada anadan olub. Əslən Qarabağ xanlarının Cavanşirlər nəslindəndir, ulu babası Kazım ağa Pənahəli xanın qardaşı olub. Rusiya-İran müharibələrində (1804-1828) rusların tərəfində vuruşsa da, bir çox satiralarında çar hakimlərini və yerli məmurları ifşa edib. Mənzum hekayə və təmsillərin müəllifidir.
15 avqust 1832 - Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvan (1832-1897) Şuşada doğulub (bəzi mənbələrdə doğum günü 6 avqust göstərilir). İbrahimxəlil xanın nəvəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada "Məclisi-üns" ədəbi birliyinin yaradıcısı olub. Qəzəlləri klassik Azərbaycan poeziyasında xüsusi yer tutur. Rəssamlıq, bədii tikmə ilə də məşğul olub. Xeyriyyəçiliyi ilə tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.
15 avqust 1867 - Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) anadan olub. 1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edib.
15 avqust 1955 - Xalq artisti Afaq Bəşirqızı anadan olub. Lənkəran Dram, Sumqayıt Musiqili Dram teatrlarında çalışıb. 1989-cu ildən Dövlət Musiqili Teatrında fəaliyyət göstərir. Televiziya tamaşalarında (“Yaşıl eynəkli adam”, “Bala - başa bəla”, “Yarımştat” və s.), filmlərdə («Bəxt üzüyü», «Girov») yaddaqalan obrazlar yaradıb.
16 avqust 1925 - Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 - 13.2.2009) Şəkidə anadan olub. Azərbaycanın şimal və cənuba bölünməsindən bəhs edən "Gülüstan" poeması (1959) şairə məşhurluq gətirib. Ümumilikdə 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.
16 avqust 1925 - Yazıçı-dramaturq, şair, ədəbiyyatşünas, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 - 24.5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” pyeslərinin, poema, şeir və hekayələrin müəllifidir. Azərbaycan KP MK-nın katibi olub.
16 avqust 1998 - Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 - 1998) vəfat edib. «Ulduz”, “Azərbaycan» jurnallarının baş redaktoru, Milli Məclisin deputatı (1995-1998) olub. «Qətl günü» romanı, «220 saylı otaq», «Qalaktika» kitablarının, “Yeddi oğul istərəm”, “Qətl günü” filmlərinin ssenari müəllifidir.
17 avqust 1933 - Ədəbiyyatşünas alim, professor Şamil Məmməd oğlu Salmanov (1933-2006) anadan olub. İkicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin, "Ədəbiyyat" dərsliyinin həmmüəllifidir.
17 avqust 1942 - Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev (1942 - 25.10.2008) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib, 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalında ilk mükafatını qazanıb. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Populyar mahnıların müəllifidir. Rejissor Eldar Quliyevin “Nizami” filmində baş rola çəkilib, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” filmlərinə musiqi yazıb. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.
17 avqust 1943 - Xalq artisti, müğənni İlhamə Məzahir qızı Quliyeva Bakıda anadan olub. Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının solisti olub. “Şöhrət” ordeni (2002) ilə təltif edilib.
17 avqust 1950 - Əməkdar artist Ənvər Həsənov Bakıda doğulub. Çəkildiyi filmlər: “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Qanlı zəmi”, “Cavad xan” və s.
17 avqust 1950 - Xalq artisti Cəfər Namiq Kamal (Əhmədov) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 1996-cı ildən Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında maraqlı rollar oynayıb. “Yalan”, “Yük”, “Günaydın, mələyim!” filmlərində çəkilib.
17 avqust 1958 - Şair, tərcüməçi Əjdər Ol (Əjdər Feyzulla oğlu Cəbiyev) Hacıqabulda anadan olub. Kitabları: “İndidən...”, “Könül vuruşu” və s. Latış və kumık folklorundan dilimizə tərcümələr edib.
18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust fərmanı ilə bu tarix Sərhəd Qoşunları Günü kimi təsis olunub.
18 avqust 1946 - Ədəbiyyatşünas alim, türkoloq, professor Kamil Vəli Nərimanoğlu Cəbrayıl rayonunda anadan olub. BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri olub. Türkiyə, Şimali Kipr universitetlərində çalışıb. Türk Dil Qurumunun üzvüdür.
18 avqust 1991 - Görkəmli dilçi və ədəbiyyatşünas, şair, tərcüməçi, pedaqoq Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 5.5.1905 - 1991) vəfat edib. "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" və s. kitabların müəllifidir.
18 avqust 2006 - Prezident İlham Əliyev “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında” sərəncam imzalayıb.
Dünya
15 avqust 1771 - Dünya şöhrətli şotland yazıçısı, şair, tarixçi Valter Skott (Walter Scott, 1771-1832) anadan olub. Tarixi roman janrının banisidir. Əsərləri: “Edinburq həbsxanası”, “Rob Roy”, “Ayvenqo”, “Kventin Dorvard”, “Marmion” (ilk mənzum roman) və s.
15 avqust 1879 - Amerika kinoaktrisası Etel Berrimor (Ethel Barrymore, 1879-1959) anadan olub. Filmləri: “Rasputin və imperatriçə” (“Oskar” mükafatı), “Spiralvari pilləkan” və s.
15 avqust 1890 - Fransız bəstəkarı Jak İber (Jacques François Antoine Ibert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” operaları, “Səyyah cəngavər” baleti və s.
16 avqust 1645 - Fransız yazıçısı və mütəfəkkiri Jan de Labryuer (Jean de La Bruyere: 1645-1696) anadan olub. Əxlaq və fəlsəfi dəyərlərdən bəhs edən “Xarakterlər” əsərinin müəllifidir.
16 avqust 1902 - Görkəmli rus şərqşünas alimi, sənətşünas və etnoqraf Yuri Rerix (1902-1960) anadan olub.
16 avqust 1934 - Fransız aktyoru, komik rolların məşhur ifaçısı Pyer Rişar (Pierre Richard - Pierre Richard Maurice Charles Leopold Defay) anadan olub. Filmləri: “Oyuncaq”, “Çətirin ucu ilə”, “Bəxti gətirməyənlər”, “Liftdən solda”, “Atalar” və s.
16 avqust 1954 -Amerika-Kanada kinorejissoru Ceyms Kemeron (James Francis Cameron) anadan olub. Filmləri: “Terminator” (1-2), “Özgələr”, “Doğru yalan”, “Titanik” (11 “Oskar” mükafatı), “Avatar” (3 “Oskar”) və s.
16 avqust 1958 - Amerika müğənnisi Madonna (Luiza Veronika Çikkone) anadan olub. Dünyada ən çox tirajla musiqi albomu (300 milyondan çox) satılan qadın müğənni hesab olunur. 9 dəfə “Grammy”, 24 dəfə “MTV Video Music Awards” mükafatı qazanıb.
16 avqust 1987 - Görkəmli rus aktyoru Andrey Mironov (8.3.1941-1987) vəfat edib. “Brillyant əl”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”, “12 stul” (1976, rej. Mark Zaxarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
17 avqust 1935 - Rus teatr və kino aktyoru, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edir. 100-dən çox filmdə çəkilib: “Hərb və sülh”, “Baharın on yeddi anı”, “D’Artanyan və üç muşketyor” və s.
17 avqust 1941 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Nikolay Qubenko anadan olub. SSRİ-nin sonuncu (1989-1991) mədəniyyət naziri olub.
17 avqust 1943 - Amerika kinoaktyoru, rejissor və prodüser Robert de Niro anadan olub. Məşhur filmləri: “Xaç atası-2” (“Oskar” mükafatı), “Bir dəfə Amerikada”, “Qudurmuş öküz” (“Oskar”), “Taksi sürücüsü” və s.
17 avqust 1960 - Amerika kinoaktyoru Şon Penn (Sean Justin Penn) anadan olub. Filmləri: “Karlitoya yol”, “Sirli çay” (“Oskar” mükafatı, 2004), “Harvi Milk” (“Oskar”, 2009) və s.
18 avqust 1750 - İtalyan əsilli Avstriya bəstəkarı Antonio Salyeri (1750-1825) anadan olub. Tarixdə yazdığı musiqi əsərlərindən daha çox dahi bəstəkar Volfqanq Amadey Motsartla düşmənçiliyi ilə yadda qalıb.
18 avqust 1850 - Böyük fransız yazıçısı Onore de Balzak (Honore de Balzac 20.5.1799 - 1850) vəfat edib. “Bəşəri komediya" silsiləsindən əsərləri («Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və s. romanlar) ilə şöhrət qazanıb.
18 avqust 1922 - Fransız kinorejissoru, yazıçı Alen Rob-Qriye (Alain Robbe-Grillet, 1922-2008) anadan olub. Filmləri: “Anjelika”, “Odla oyun” və s.
18 avqust 1933 - Polyak (yəhudi) əsilli Amerika kinorejissoru Roman Polanski (əsl adı Rajmund Roman Liebling) anadan olub. Filmləri: “Acı ay”, “Çin məhəlləsi”, “Pianoçu” (Kann kinofestivalının qalibi və “Oskar” laureatı), “Dalan” (Berlin kinofestivalının qalibi) və s.
18 avqust 1937 - Amerika rejissoru və aktyoru Robert Redford (Charles Robert Redford) anadan olub. “Adi adamlar” filminin rejissor kimi “Oskar” qazanıb. Çəkildiyi filmlər: “Brubeyker”, “Ədəbsiz təklif” və s.
Hazırladı: Vüqar Orxan