Azərbaycan

19 avqust 1901 - Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 - 11.11.1951) anadan olub. Opera və Balet Teatrında "Koroğlu", "Arşın mal alan" tamaşalarını səhnələşdirib. İlk milli baletimiz olan "Qız qalası"nın (bəstəkarı Əfrasiyab Bədəlbəyli) librettosunu yazıb. "Qız qalası", "Almaz" filmlərində çəkilib.
19 avqust 1912 - Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 - 13.7.2001) Qazax rayonunun Musaköy kəndində anadan olub. "Məhəbbət", "Əlcəzairli qız", "Partizan Aliyə", "Ana ürəyi", "Məhəbbətin göz yaşları" poemaların, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və s. kitabların müəllifidir. Nizaminin, Nəvainin (fars dilindən), rus şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib. «İstiqlal» ordeni ilə təltif edilib.
19 avqust 1920 - Əməkdar incəsənət xadimi, musiqişünas, pedaqoq Lyudmila Karagiçeva-Bretanitskaya anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyib. Q.Qarayev, F.Əmirov və digər Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqatların müəllifidir. Hazırda Maykop şəhərində (Rusiya) yaşayır.

20 avqust 1901 - Məşhur xanəndə, muğam ustadı, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 - 18.3.1979) Şuşada doğulub. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, "Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s. mahnı və təsnifləri bəstələyib.
20 avqust 1912 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə,1912 - 2.8.1984) anadan olub. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının müəllifidir.
20 avqust 1929 - Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (1929 - 28.1.1980) anadan olub.

21 avqust 1930 - Ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930 - 15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Nizami adına Ədəbiyyat Muzeyinin, Ədəbiyyat İnstitutunun direktoru işləyib. Azərbaycan ədəbiyyatşünaslığının inkişafında xidmətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.
21 avqust 1964 - Tanınmış jurnalist, yazıçı-publisist, şair, Əməkdar mədəniyyət işçisi Rəşad Müseyib oğlu Məcidov Ağcabədi rayonunda anadan olub. Müxtəlif mətbuat orqanlarında çalışıb. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. Kitabları: “Hələ ki vaxt var", "10 sentyabr", "Əlvida və salam", "Dəlicəsinə".

Dünya

19 avqust 1689 - İngilis yazıçısı, sentimentalizm cərəyanının banilərindən biri Semuel Riçardson (Samuel Richardson, 1689-1761) anadan olub. “Pamela”, “Klarissa”, “Çarlz Qrandison” epistolyar romanların müəllifidir.
19 avqust 1909 - Polyak yazıçısı Yeji Andjeyevski (1909-1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz”.
19 avqust 1915 - Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (24.12.1867, İstanbul - 1915) vəfat edib.

20 avqust 1847 - Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski, 1847-1912) anadan olub. Əsərləri: “Forpost”, “Kukla”, “Firon” romanları və s.
20 avqust 1901 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959) Salvatore Kvazimodo (1901-1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.

21 avqust 1913 - Rus yazıçısı və dramaturqu Viktor Rozov (1913-2004) anadan olub. Dramaturqun “Ədəbi yaşayanlar” pyesi əsasında çəkilmiş “Durnalar uçur” filmi (rej. Mixail Kalatozov) Kann festivalının qalibi olmuş (1958) yeganə sovet kinolentidir.
21 avqust 1925 - Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925-2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.
21 avqust 1997 - Görkəmli rus aktyoru, məşhur sirk ustası Yuri Nikulin (18.12. 1921-1997) vəfat edib. Moskva Sirkinə rəhbərlik edib. Filmləri: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s.

Hazırladı: Vüqar Orxan