Azərbaycan
5 sentyabr 1892 - Məşhur tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Məmmədrza oğlu Bakıxanov (1892 - 26.3.1973) anadan olub. Azərbaycan televiziyası və radiosunun xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda onun adını daşıyır) olub. “Azərbaycan ritmik muğamları", "Muğam, mahnı, rəng" kitablarının müəllifidir.
5 sentyabr 1935 - Xalq artisti, teatrda, kinoda və televiziya tamaşalarında unudulmaz obrazlar qalereyası yaratmış görkəmli aktyor Səyavuş Məmmədağa oğlu Aslan (1935-27.6.2013) anadan olub. Musiqili Komediya Teatrında, 1984-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatrda məşhur rolları: Dadaşbala (“Hicran”), Mindilli (“Nişanlı qız”); televiziya tamaşaları - “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”; filmləri: “Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Ulduz”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Mənim ağ şəhərim”, “Yuxu”, “O dünyadan salam” və s.
5 sentyabr 1942 - Yazıçı-dramaturq Ramiq Muxtar (Ramiq Muxtar oğlu Nağıyev) Naxçıvan şəhərində anadan olub. “Üfüqlər qızaranda”, “Müdirin aqibəti”, “Əlvida köhnə dünya”, “Əgər sevirsənsə”, “Şəhərli kürəkən” və s. pyesləri teatrlarda tamaşaya qoyulub.
5 sentyabr 1944 - Şair, dramaturq, Əməkdar incəsənət xadimi Hidayət Xuduş oğlu Orucov Qərbi Azərbaycanda, Zəngəzurun Mığrı bölgəsinin Maralzəmi kəndində doğulub. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına (1968-1984) rəhbərlik edib. Azərbaycan Respublikasının milli məsələlər üzrə dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işləyib. 30-dan çox kitabı nəşr olunub: «Zirvə çağırır», «İrəvanda xal qalmadı», «Həsrət», «Burdan min atlı keçdi» və s. 2012-ci ildən Azərbaycanın Qırğızıstanda səfiridir.
5 sentyabr 2002 - Prezident Heydər Əliyev "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, KİV-in sərbəst inkişafının təmin edilməsi, iqtisadi və siyasi asılılığının aradan qaldırılması, maddi-texniki və maliyyə bazasının daha da gücləndirilməsi məqsədilə maliyyə vəsaiti ayrılıb.
5 sentyabr 2007 - Aktyor Şahin Cəbrayılov (29.10.1949 -2007) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında (“Kökdən düşmüş piano”, “Qatarda”, “Topal Teymur”), filmlərdə (“Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər”, “Qızıl uçurum”) yaddaqalan obrazlar yaradıb.
6 sentyabr 1935 - Şair, publisist, dramaturq Əvəz Mahmud Lələdağ (Əvəz Cəlal oğlu Mahmudov) Zəngəzur mahalının Ağdü kəndində anadan olub. Kitabları: "El yada düşdü", "Dağlar marala qaldı", "Ömür payı", “Bu dünyaya könül verdim" və s. Əsərləri Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.
7 sentyabr 1914 - Tanınmış ədəbiyyatşünas və teatrşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 - 19.9.1973) anadan olub. Azərbaycan teatrşünaslıq elminin formalaşmasında böyük xidmətlər göstərib, Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. "Rejissor sənəti", "Azərbaycan Dram Teatrı" kitabları dəyərli tədqiqat nümunələridir.
7 sentyabr 1939 - Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939-2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində şeirlər yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib. “Bir cənub şəhərində”, “Ötən ilin son gecəsi” filmlərində mahnıların sözlərinin müəllifidir.
7 sentyabr 1946 - Əməkdar incəsənət xadimi, musiqişünas, fəlsəfə elmləri doktoru, bəstəkar Gülnaz Abutalıb qızı Abdullazadə anadan olub. Qədim və orta əsrlər musiqi mədəniyyəti kontekstində Azərbaycan muğamlarının fəlsəfi-estetik mahiyyətini tədqiq edib. Bakı Musiqi Akademiyasının professorudur.
7 sentyabr 1961 - Sənətşünaslıq doktoru, professor Fərəh Şirməmməd qızı Əliyeva anadan olub. “Azərbaycan musiqisində üslub axtarışları”, “Musiqi tariximizin səhifələri” və s. kitabların müəllifi, “XX əsr Azərbaycan musiqi mədəniyyətinin qaynaqları” (3 cilddə) kitabının tərtibatçısıdır. Mədəniyyət və Turizm Nazirliyində İncəsənət şöbəsinin müdiri işləyib. 2014-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
8 sentyabr 1928 - Xalq rəssamı Tofiq Məmmədəli oğlu Ağababayev Bakıda doğulub. Bakı şəhərinin baş rəssamı (1966-1968) olub, Azərbaycan Rəssamlıq Akademiyasının professorudur. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, ABŞ-da, Almaniyada, Rusiyada şəxsi qalereyalarda saxlanılır.
8 sentyabr 1949 - Tanınmış teatr xadimi, rejissor Hüseynağa Atakişiyev (1949 -9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət Teatrında, Akademik Milli Dram Teatrında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb, ömrünün sonunadək bu teatra rəhbərlik edib. “Üzeyir ömrü” (1981) filmində böyük bəstəkarın obrazını yaradıb.
8 sentyabr 1949 - Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimli Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Səhnə sənəti, kino, təsviri incəsənət, dramaturgiya, mədəniyyətin müxtəlif problemlərinə dair çoxsaylı kitab və məqalələrin, mədəniyyət mövzusunda televiziya verilişlərinin müəllifidir. Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir, “Mədəniyyət” kanalının direktor müavinidir.
8 sentyabr 1982 - Tanınmış teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909, Şamaxı - 1982, Bakı) vəfat edib. Kənd rayonlarında əhalinin mədəni səviyyəsini yüksəltmək məqsədilə kolxoz-sovxoz teatrına rəhbərlik edib. 1934-cü ildən Milli Dram Teatrında çalışıb. “Səbuhi” filmində (1941) Mirzə Şəfi Vazeh rolunda çəkilib.
8 sentyabr 1998 - Bakıda "Böyük İpək Yolu"nun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA layihəsi üzrə beynəlxalq konfrans keçirilib. 32 ölkənin (o cümlədən 9 ölkə prezidenti), 12 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında sənədlər imzalanıb, “Bakı bəyannaməsi” qəbul edilib. Hazırda Azərbaycan “İpək Yolu” beynəlxalq turizm marşrutunun da iştirakçısıdır.
Dünya
5 sentyabr 1568 - İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella, 1568-1639) anadan olub. Utopik sosializm mövzusunda “Günəş şəhəri” əsərinin müəllifidir.
5 sentyabr 1817 - Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub. Əsərləri: “Gümüş knyaz” romanı, “İvan Qroznının ölümü”, “Çar Fyodor İvanoviç”, “Çar Boris” dramatik trilogiyası və s.
5 sentyabr 1912 - Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keyc (John Milton Cage; 1912-1992) anadan olub.
5 sentyabr 1946 - Əslən iranlı olan məşhur Britaniya rok müğənnisi, «Queen» qrupunun lideri Freddi Merkyuri (Freddie Mercury - əsl adı Fərrux Balsara; 1946-1991) anadan olub.
6 sentyabr 1860 - Amerika filosofu və sosioloqu, Nobel sülh mükafatı (1931) laureatı Ceyn Adams (Jane Laura Addams, 1860-1935) anadan olub.
6 sentyabr 1928 - Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanov (1928-2002) anadan olub.
6 sentyabr 2007 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 - 2007) vəfat edib.
7 sentyabr 1726 - Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub. Komik operaları ilə tanınıb, 30-dan çox opera yazıb: “Pinəçi Blez”, “Bağban və onun ağası” və s.
7 sentyabr 1870 - Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870-1938) anadan olub. “Molox”, “Sulamif”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta” və s. romanların müəllifidir. 1919-1937-ci illərdə mühacirətdə (Paris) yaşayıb, Rusiyaya qayıdaraq orada vəfat edib.
7 sentyabr 1909 - Türkiyəli yunan mənşəli Amerika rejissoru Elia Kazan (Elia Kasancoğlu, 1909-2003) anadan olub. İki dəfə «Oskar» laureatıdır: “Centlmen razılaşması” (1947) və “Limanda” (1954).
7 sentyabr 1940 - İtalyan kinorejissoru Dario Arcento (Dario Argento) anadan olub. Qorxu filmlərinin müəllifidir: “Bir dəfə vəhşi Qərbdə”, “Fenomenlər” və s.
8 sentyabr 1830 - Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral, 1830-1914) anadan olub. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.
8 sentyabr 1841 - Görkəmli çex bəstəkarı Antonin Dvorjak (Antonin Leopold Dvorak; 1841-1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida”), 9 simfoniya, 5 simfonik poemanın və s. əsərlərin müəllifidir.
8 sentyabr 1910 - Fransız aktyoru və rejissoru Jan-Lui Barro (Jean-Louis Barrault; 1910-1994) anadan olub. Teatr rejissoru kimi tanınıb, “Fantastik simfoniya” filminə quruluş verib.
8 sentyabr 1923 - Görkəmli avar şairi, publisist və ictimai xadim Rəsul Həmzətov (1923 - 3.11.2003) Dağıstanın Xunzay rayonunun Tsada kəndində anadan olub. Sosialist Əməyi Qəhrəmanı adına, Lenin mükafatına layiq görülüb. Kitabları: “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s. Şeirlərinə populyar mahnılar yazılıb.
8 sentyabr 1925 - İngilis kinoaktyoru Piter Sellers (Peter Sellers - Richard Henry Sellers, 1925-1980) anadan olub. Filmləri: “Çəhrayı pantera”, “Royal” kazinosu”, “Lolita” (1962, rej. Stenli Kubrik).
8 sentyabr 1937 - Məşhur türk kinoaktyoru Cüneyt Arkın (əsl adı Fahrettin Cüreklibatur) Əskişəhərdə doğulub. Əslən Krım türkü (noqay), ixtisasca həkimdir. Şeirlər yazır. 300-dək filmdə çəkilib: “Qürbət quşları”, “Hərəmxanada dörd qadın”, ”İntiqam atəşi”, “Dodaqdan qəlbə”, “Arım, balım, pətəyim” və s.
Hazırladı: Vüqar Orxan