Azərbaycan

30 sentyabr 1920 - Tanınmış rejissor, aktyor Lətif Səfərov (1920 - 9.12.1963) Şuşada anadan olub. “Sevil”, “Lətif”, “Şərqə yol” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının sədri olub.
30 sentyabr 1945 - Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945-1983) Şəkidə doğulub. M.Qorki adına Ümumittifaq mükafatının laureatı olub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Ömür balladası”, “Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s.
30 sentyabr 1950 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884-1950) vəfat edib. Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operası, "Əlli yaşında cavan" musiqili komediyasının müəllifidir.

30 sentyabr 1962 - Xalq artisti, aktrisa Laləzar Bəşir qızı Mustafayeva Balakən rayonunun Qullar kəndində doğulub. 1990-cı ildən Milli Dram Teatrında çalışır. Filmləri: “Qara "Volqa", “Qəzəlxan”, “Güllələnmə təxirə salınır!” və s.
30 sentyabr 1991 - Məşhur xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (23.10.1953-1991) dünyasını dəyişib.
30 sentyabr 2002 - "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun qəbul edilib.
1 oktyabr 1932 - Aktyor, mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932-1999) Qusar rayonunda anadan olub. 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib. Kinoda yaddaqalan obrazlar yaradıb: “Qızmar günəş altında” (Aydın), “Koroğlu” (Eyvaz).
1 oktyabr 1949 - Şair Vaqif Bayatlı (Vaqif İsib oğlu Cəbrayılov) Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Kitabları: “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır!” və s.
1 oktyabr 1960 - Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov Ağdamın İmamqulubəyli kəndində anadan olub. 1993-cü ildən opera tamaşalarında çıxış edir. Əsas partiyaları: "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Qərib və s. "Qarabağ" muğam üçlüyünün rəhbəridir. “Şöhrət” ordeni ilə təltif olunub. Azərbaycan Milli Konservatoriyasının professorudur.
1 oktyabr 1962 - Tanınmış rejissor, Əməkdar incəsənət xadimi Bəhram Məcid oğlu Osmanov Gəncədə doğulub. 1987-ci ildən Milli Dram Teatrında çalışıb. Füzuli, Gəncə, Lənkəran dram teatrlarında, Azərbaycan televiziyasında tamaşalara quruluş verib. 2012-ci ildən Gənc Tamaşaçılar Teatrının baş rejissorudur.
1 oktyabr 1965 - Böyük qəzəlxan şair Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov, 1895 - 1965) vəfat edib. Nizami, Xaqani, Füzuli, Nəvai və s. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

2 oktyabr 1897 - Görkəmli şairə, maarifçi və xeyriyyəçi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşudbanu Natəvan (1832 - 1897) vəfat edib. Şuşada "Məclisi-üns" (dostluq, ülfət məclisi) ədəbi birliyinin yaradıcısı olub.
2 oktyabr 1913 - Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov (1913 - 18.1.1971) anadan olub.
2 oktyabr 1923 - Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 1923 - 12.9.2004) anadan olub. Azərbaycan Teatr İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) teatr tarixindən dərs deyib, C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.
2 oktyabr 1924 - Azərbaycanda fəhlə və kəndli müxbirlərin birinci qurultayı keçirilib.
2 oktyabr 1935 - Şair, yazıçı, tərcüməçi Səyavuş İmran oğlu Məmmədzadə anadan olub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib.
2 oktyabr 1953 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü Teymur Həşim oğlu Kərimli Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Nürgüd kəndində anadan olub.
2 oktyabr 1975 - Azərbaycanda «Sovet ədəbiyyatı günləri» mədəniyyət həftəsi (2-8 oktyabr) başlanıb.
2 oktyabr 1981 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (5.12.1921- 1981) vəfat edib. "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Aygün" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
2 oktyabr 1982 - Gəncədə Nizami Gəncəvinin xatirə muzeyi açılıb.

Dünya

30 sentyabr 1715 - Fransız filosofu Etyen de Kondilyak (Etienne Bonnot de Condillac, 1715-1780) anadan olub.
30 sentyabr 1917 - Məşhur teatr rejissoru, Rusiyanın Xalq artisti, Taqanka Teatrının rəhbəri Yuri Lyubimov anadan olub.
30 sentyabr 1921 - İngilis aktrisası, «Oskar» laureatı Debora Kerr (Deborah Jane Kerr-Trimmer, 1921-16.10.2007) anadan olub.
30 sentyabr 1928 - Yəhudi əsilli Amerika yazıçısı və pedaqoqu, Nobel mükafatı (1986) laureatı Eli Vizel (Elie Wiesel) anadan olub.
30 sentyabr 1964 - İtalyan aktrisası Monika Belluççi (Monica Anna Maria Bellucci) anadan olub.

1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub. 1991-ci ildən qeyd olunur.
1 oktyabr Beynəlxalq Musiqi Günüdür. UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunub. Dünyada konsert proqramları ilə qeyd edilir.
1 oktyabr 1912 - Görkəmli rus tarixçisi, filosof, şair Lev Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada” və s.
1 oktyabr 1927 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Oleq Yefremov (1927-2000) anadan olub.
1 oktyabr 1930 - Fransız aktyoru Filipp Nuare (Philippe Noiret, 1930-26.11.2006) anadan olub.
1 oktyabr 1935 - Amerika aktrisası və müğənnisi, «Emmi», «Qremi» və «Oskar» mükafatları laureatı Culi Endrüs (Julie Elizabeth Andrews) anadan olub.

2 oktyabr 1832 - İngilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor, 1832-1917) anadan olub.
2 oktyabr 1869 - Hindistanda milli azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi, 1869-1948) anadan olub.
2 oktyabr 1914 - Məşhur sovet diktoru, SSRİ Xalq artisti Yuri Levitan (1914-1983) anadan olub.

Hazırladı: Vüqar Orxan