Azərbaycan

3 oktyabr 1875 - Görkəmli yazıçı-dramaturq Süleyman Sani Axundov (1875-1939) Şuşada anadan olub. «Qorxulu nağıllar» toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. «Laçın yuvası», «Eşq və intiqam», «Şahsənəm və Gülpəri», «Tamahkar», «Bir eşqin nəticəsi» və s. pyeslərin müəllifidir.
3 oktyabr 1887 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 - 14.11.1967) anadan olub. "Arşın mal alan" (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.
3 oktyabr 1996 - Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyev (26.5.1914, Füzuli - 1996) vəfat edib. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», «Hökmdar və qızı», “Şeyx Xiyabani», «Sevgililərin cəhənnəmdə vüsalı» və s.) müəllifidir.

4 oktyabr 1923 - Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda doğulub. Rus Dram Teatrında çalışıb. “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
4 oktyabr 1924 - Tanınmış opera müğənnisi, aktrisa Sona Aslanova (1924 - 9.3.2011) anadan olub. Opera səhnəsində Gülçöhrə (“Arşın mal alan”), Nigar (“Koroğlu”) və s. rolları məharətlə oynayıb. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-da yaşayıb və orada dünyasını dəyişib.
4 oktyabr 1957 - Tanınmış balaban ifaçısı Məhərrəm Ağabala oğlu Mövsümov (1916-1957) vəfat edib.
4 oktyabr 2000 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (7.11.1917 - 2000) vəfat edib. Populyar mahnıların müəllifidir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi”, “Xoşbəxtlik qayğıları”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.
4 oktyabr 2006 - Xalq artisti Hacıbaba Bağırov (12.6.1933 - 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Filmləri: "Ulduz", "Qanun naminə”, "Onun bəlalı sevgisi", "Alma almaya bənzər", "Şirbalanın məhəbbəti".

5 oktyabr 1901 - Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb. Maarifçi-yazar Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilən məktəb Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru H.Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.
5 oktyabr 1928 - Ədəbiyyatşünas Məsud Əlioğlu (1928- 1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Xalq yazıçısı Əli Vəliyevin oğludur.
5 oktyabr 1935 - Məşhur bəstəkar, Xalq artisti, professor Xəyyam Hadı oğlu Mirzəzadə Bakıda anadan olub. "Ağlar və qaralar" baleti, simfoniyalar, populyar mahnıların müəllifidir. 30-dan çox filmə (“Bizim küçə”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Güllələnmə təxirə salınır!..” və s.), teatr tamaşalarına musiqi yazıb.
5 oktyabr 1982 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib (12.4.1907 - 1982) vəfat edib. "Kitabi-Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.

6 oktyabr 1956 - Xalq artisti Nurəddin Mehdixanlı (Nurəddin Əzulla oğlu Quliyev) Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1978-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “İşarəni dənizdən gözləyin”, “Məhkumlar”, “Cavad xan”, “İlahi məxluq” və s. filmlərdə çəkilib.
6 oktyabr 1975 - Bakıda Səməd Vurğunun ev-muzeyi açılıb.

7 oktyabr 1933 - Əməkdar incəsənət xadimi, pianoçu, «Dan ulduzu» instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7.1991) anadan olub. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir.
7 oktyabr 1947 - Kinooperator, Əməkdar incəsənət xadimi Amin Novruzov anadan olub. Filmləri: “Bəxt üzüyü”, “Cin mikrorayonda”, “ Yalan” və s.

Dünya

3 oktyabr 1895 - Rus şairi Sergey Yesenin (1895 - 27.12.1925) anadan olub. 1924-1925-ci illərdə Bakıda yaşayıb. Burada 40-dək şeirini yerli mətbuatda dərc etdirib, "İran nəğmələri" silsiləsindən şeirlərin bir qismini qələmə alıb. Mərdəkanda şairin xatirə muzeyi var.
3 oktyabr 1897 - Fransız şairi, ədəbiyyatda sürrealizmin banisi Lui Araqon (ALouis Aragon - Louis-Marie Andrieux, 1897-1982) anadan olub.
4 oktyabr 1720 - İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi, 1720-1778) anadan olub.
4 oktyabr 1946 - Amerika aktrisası, «Oskar» laureatı Süzan Sarandon (Susan Sarandon - Susan Abigail Tomalin) anadan olub.

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib.
5 oktyabr 1713 - Fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713-1784) anadan olub. Məşhur fransız “Ensiklopediya”sının (“İzahlı elm, sənət və peşə lüğəti”) redaktoru və müəlliflərindən biri olub.
5 oktyabr 1936 - Çex yazıçısı və dramaturqu, dövlət xadimi Vatslav Havel (Vaclav Havel; 1936-2011) anadan olub. Pyesləri: “Həyat irəlidədir”, “Bağda bayram”, “Sui-qəsdçilər” və s. Çexiyanın prezidenti (1993-2003) olub.

6 oktyabr 1900 - Gürcü aktrisası, SSRİ Xalq artisti Veriko Ancaparidze (1900 - 31.1.1987) anadan olub. Azərbaycanda “Onu bağışlamaq olarmı?” filmində (Ana) çəkilib.
6 oktyabr 1914 - Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl, 1914 - 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib.

7 oktyabr 1849 - Amerika yazıçısı, şair və ədəbiyyatşünas Edqar Allan Po (Edgar Allan Poe, 19.1.1809 -1849) vəfat edib. Detektiv və macəra əsərlərinin müəllifidir: “Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qırmızı ölümün maskası”, “Qara pişik”.

Hazırladı: Vüqar Orxan