Bu dünyaya payızda gəlib, bu dünyadan payızda getsə də
Mahnılarının bəziləri üçün payız ab-havalı şeirlər - “Payız gəldi, uçdu getdi quşlar”, “Bir axşam taksidən düşüb payıza...” soraqlı qoşular seçsə də. O poetik nəğmələrdəki gözəllər “Bağçamızda qızılgüllər hər səhər, Vaxtsız açır, vaxtsız solur, neyləyim?” kimi hicran xəzəllər söyləsələr də...
Onun mahnıları bütün xarakterik keyfiyyətləri özündə cəmləşdirmiş bəndələrə bənzəyir - gülüb-güldürən, sevib-sevilən, qəmlənib-“qəmləndirən”, anlayıb-anladan insanlara. Özü də bu cəm-insan ən çox onun özünə bənzəyir; həddən ziyadə özünəməxsus olan özünə. Onun nəğmələrini harda, nə vaxt, hansı situasiyada eşitdin, - əlbəəl xəyala o özü gələr. Həmin misraları yazan şairdən də, onu ifa edən müğənnilərdən də öncə, təəssürat “təsərrüfat”ımıza Emin Sabitoğlu düşər. Necə ki, “Fər-had qa-ya ça-pan-da - yadı-na Şi-rin dü-şər”...
Qədim xalq nəğmələrilə müasir bəstəkar mahnılarını musiqi dəryasına bənzətsək, buraya axmış ayrıca bir çaydır - nəğmə dolu Sabitoğlu. Dövrünün bu ən populyar bəndəsi 600-dən çox gözəl mahnının, neçə-neçə qəşşetdirən komediyanın, 40-a yaxın baxımlı filmin musiqi müəllifidir. Bu məşhur oğul həm də özündən əvvəlki və sonrakı dövrlərin məşhuru olan Sabit Rəhmanın övladıdır. Bu ailə musiqisevərlərlə ədəbiyyatsevərlərin əbədi məhəbbət hədəfində olub və olacaq. Yəni yenilər - (“muzukalnı” nəsillər) oğul Eminin “Uzaq - yaşıl ada” kimi yüzlərlə nəğməsini dinləyib “şok”a düşərkən, köhnələr (konservatorlar) də ata Sabitin “Kərəmov” kimi onlarca tipini xatırlayıb keyf edərlər. Məşhur “Hicran” tamaşasında oğulun musiqi qıjovunda ləzzətlə ləngərlənənlər atanın da libretto-mətn dərinliyinə düşərlər.
Elə bir sənətkarın övladı ilə bağlı -
Həyati hallar, sənəti xallar...
Bütün yaradıcılığı boyu xalqını major taktlar üstə kökləməyə çalışmış bu sənətkar tarixin minor çağlarının birində göz açıb dünyaya. Çöl-bayırlarda “repressiya”, ev-eşiklərdə “depressiya” terminlərinin “gül” açdığı 1937-də. “Gecəyarı” nəqarətli qapı tıqqıltılarını xatırladar deyə, körpələri ovundurmaq üçün stol-taburet taqqıltılarına belə tabu qoyulan dəmlərdə. Deyirəm, bəlkə onun otuz il sonra - hələ də “ümumittifaq dili”nin dəc dövründə yazdığı “Şirin dil” mahnısı öz alovunu elə o qəm dəmlərindən götürübmüş?..
Amma onun o qaraxal “37” payızındakı olumu üzü Oluma - gələcək-görəcəyə imiş. 2000-ci payızdakı ölüm olayı isə başdan-başa kədər çalarlı. Hər ikisi də - 16 gün fərqlə eyni ayda - noyabrda. Hər bir əsərində həm də gizli bir kədər, nostalji bir hiss yaşanan bu sənətkar - bu çiskinli-nisgilli ayın 2-də doğulub, 18-də vəfat edib.
Onun həyat və sənət yollarında şad-xürrəm, oynar-gülər qismətləri də az olmayıb. Atası dövrün ünlü ədibi, hər addımında hiss olunan fitri istedadı, hər biri sənətin bir sahəsində parlamaqda olan dostları və konservatoriyada korifey Qara Qarayevin sinfi!..
Hələ təhsil illərindəykən Emində o keyfiyyətləri görürlər ki, ikinci kursdan onu P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirmək qərarına gəlirlər. Oranı bitirən kimi (24 yaşında) “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru, sonra Azərbaycan Dövlət Filarmoniyasına bədii rəhbər, bir az sonra konservatoriyaya müəllim dəvət edirlər. Bu vəzifələrin, peşələrin “kadr arxasında” isə biri-birindən gözəl səs-sədalar qımıldanır və bütün bunlar, günlər keçdikcə, simfoniyaya, simfonik poema, simli kvartet, skripka və fortepiano üçün poema və kantatalara çevrilirdi.
O hər an, hər gün tələsirmiş. Tək elə harasa gedib-gələndə yox, - gec yatıb-tez durmağa da, tamaşa, film ssenarilərini təkrar-təkrar oxumağa da, dadlı-duzlu yumorlarından, intellekt söhbətlərindən doymayan dostlarıyla az görüşüb, çox məmnunluq yaratmağa çalışanda da tələsirmiş. Milli xəyal tarixindəki “ötən günlər”inə qurban vermək istədiyi “gələn günlər”i öz zəhmət dolu sənətilə ləbaləb doldurmaq istəyirmiş. Lakin zamanın vaxt notları onun “Dayan, zaman, dayan!” taktlarına bənd olmadan ötür, ötür, ötürmüş. Zamanın həm də dahi müəllimi Q.Qarayevin bir çox postulatları kimi, bir gün tələbələrindən birinə dediyi: “Əgər gecə yarısı sizi oyadıb üç orkestr üçün iki mövzulu beşsəsli fuqa yazmağı təklif etsələr, bunun öhdəsindən gəlməlisiniz” sözlərisə onu daim yürüməyə səsləyirmiş...
Bəs onun mahnıları nə çağırır, -
Nələr səsləyir...
Adını unutduğum bir müəllifə görə, Emin Sabitoğlu öz mahnı yaradıcılığında birinci şəxsin cəmindən təkinə - “biz”dən “mən”ə modulyasiya da edə bilib. Yəni o, ayrılıqda hər bir insanın iç dünyasına nəzər salaraq, onun fərdiyyətindəki təkrarsızlığı üzə çıxarmağa müvəffəq olub. “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Qaçaq Nəbi”, “Bəyin oğurlanması” filmlərindəki gözəl mahnıları, musiqi parçalarını xatırlayaq və bu qənaəti bölüşək: əgər məqsəd hər bir əsərlə dinləyicini, tamaşaçını, xalqı təkcə “üzü küləyə” yox, həm də “üzü sabaha” aparmaqdırsa, onun kvartet, yaxud mahnı olub-olmamasının məsələyə nə dərəcədə dəxli var?
Deməliyik ki, Emin Sabitoğlu da musiqi aləminə ötən əsr ədəbi aləminin “60-cılar”ı kimi daxil olmuşdu; hər şeydə bir cəsarət, hər nüansda bir yenilik, orijinallıq, yeni baxış. Əlbəttə, bu, yenilik xatirinə yenilik deyildi. O mahnıları dinlədikcə, musiqi ilə söz arasındakı həmrəyliyi, aralarındakı “sukeçməz” yaxınlığı hiss etdikcə belə bir qənaət də hasil olur ki, Emin Sabitoğlu mətnə münasibətdə ən xoş ovqatla xatırlanıb, barmaqla sayılası bəstəkarlardandır. Onun musiqilərində bəzən, mətnlərdəki poeziya poetikasını üstələyən notlar duyursan. Onun mahnıları öz rəngarəngliyi, mütəhərrikliyi, sədalanma aydınlığı ilə öz müəllifini dərhal nişan verir. Onun musiqilərinin hər tonu, hər çınqısı məsnəvi stilli poemalar kimi qafiyələnir, hər biri öz məzmun-ritm dəbində qiyafələnir. O, yağışdan, qardan, meşədən, hicrandan, vəfadan - nədən bəhs edirsə, dinləyici həməncə o obyekt, o mövzu, o ovqat üstə köklənir. Onun kədərli mahnıları sevinc-şadlıq şərqilərindən, komedik musiqilərindən qısadır (xronometraj baxımından), lakin, əgər məzəli mahnıları (məsələn, “İnsaf da yaxşı şeydir”) adamın dadına çatmasa, neyləsən də saatlarla “qaş-qabağın yerlə gedər”...
Bəlkə... bir az da onun “Bəlkə”sindən bəhs edək? Amma necə? Belə bir not incisindən necə söhbət-söz edəsən? Bu əsrarəngiz “fortepiano prelüdü”, heyrətamiz söz-səs düzülüşlü, gah şipşirin, gah turşməzə konfet-kuplet quruluşlu, vals ritmli, qəribə-qərib duyğular oyadan tilsimi necə açasan?..
Yaxşısı budur, durub (başqa bir mahnısının havası üstdə) düşək sahilə sarı. Gedək, görək, “Bir ax-şamm tak-si-dən dü-şüüüb payı-za...”, haraya, hayana gedə bilməməklik nə deməklikmiş?..
Tahir Abbaslı