Azərbaycan

5 dekabr 1906 - Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 - 7.3.1963) Naxçıvanın MR Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, Gəncə Dram Teatrında fəaliyyət göstərib. “Səhər” (Mirəli), “Kölgələr sürünür” filmlərində çəkilib.
5 dekabr 1912 - Əməkdar incəsənət xadimi, rəssam Sadıq Hüseyn oğlu Şərifzadə (1912 - 2.1.1986) Təbrizdə anadan olub.
5 dekabr 1921 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (1921 - 2.10.1981) anadan olub. "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Aygün" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
5 dekabr 1924 - Aktrisa Şəfiqə Qasım qızı Qasımova (1924 - 3.4. 2008) anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb. “Görüş”, “Ögey ana” filmlərində çəkilib.
5 dekabr 1924 - Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Fərəməz oğlu Mahmudbəyov (1924-1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır” (Kamil Rüstəmbəyovla birgə) və s. filmlərə quruluş verib.
5 dekabr 1925 - Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 - 26.7.2008) Laçında doğulub. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.
5 dekabr 1927 - Tanınmış yazıçı Cəmil Adil oğlu Əlibəyov (1927 - 26.10.2014) Füzuli rayonunun Dədəli kəndində anadan olub. “Azərbaycanfilm”in direktoru, “Azərnəşr”, “Yazıçı” nəşriyyatlarının baş redaktoru olub. “Sınaq", "Mənim analı dünyam", "Həyatın özü" (roman), "Qayaların göz yaşı" (povest), "Gülüstanda qətl" (pyes) və s. əsərlərin, sənədli filmlərin ssenari müəllifidir. Çingiz Aytmatovun əsərlərini dilimizə tərcümə edib.
5 dekabr 1941 - Böyük şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 - 1941) vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam”, “Səyavuş”, “Peyğəmbər” və s.) müəllifidir. 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub. Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib. 1982-ci ildə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.
5 dekabr 1947 - Xalq artisti, Prezident təqaüdçüsü Larisa Afanasyevna Vinoqradova (1947 - 16.9.2009) Türkmənistanın Mari şəhərində anadan olub. Azərbaycan Musiqili Komediya Teatrında çalışıb. “Yaşıl eynəkli adam” televiziya tamaşasında, “Yoxlama” teleserialında çəkilib.

6 dekabr 1881 - Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamla 6 dekabr Azərbaycanda “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.
6 dekabr 1954 - Əməkdar artist Ayşad Kamal oğlu Məmmədov anadan olub. Milli Dram Teatrında çalışır. “Bəxt üzüyü”, “Güllələnmə təxirə salınır!”, “Yalan”, “Məhkumlar” və s. filmlərdə çəkilib.
6 dekabr 2006 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940, Qazax rayonu - 2006) dünyasını dəyişib. Opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm" və s.) əsas partiyaları ifa edib.

7 dekabr 1919 - Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) İstiqlal Muzeyi açılıb.
7 dekabr 2010 - Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) vəfat edib. 30-dək kitabın müəllifidir. Sözlərinə "Ayrılma məndən", "Toy olsun, bayram olsun", "Əgər sevgi olmasa" və s. populyar mahnılar bəstələnib.

8 dekabr 1914 - Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914-2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
8 dekabr 1930 - Bəstəkar, Xalq artisti, professor Tofiq Əhmədxan oğlu Bakıxanov anadan olub. Simfonik muğamlar («Nəva», «Humayun», «Rahab»), “Xəzər balladası», "Şərq poeması", «Xeyir və Şər» baleti, musiqili komediyalarının müəllifidir.
8 dekabr 1942 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 - 2.8.2009) Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. Teletamaşalarda maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» filmlərinə çəkilib.
8 dekabr 1946 - Xalq artisti, balerina Tamilla Xudadat qızı Şirəliyeva anadan olub.
8 dekabr 1957 - Bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəculla oğlu Fərəcov anadan olub. Oratoriya, süita və digər janrlarda əsərlərin müəllifidir. Tamaşalara, “Cavad xan” filminə musiqi yazıb. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Bəstəkarlar İttifaqının katibidir.

Dünya

5 dekabr 1791 - Dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən məşhur nümayəndələrindən biri Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart, 27.1.1756 - 1791) vəfat edib.
5 dekabr 1901 - Məşhur amerikalı multiplikasiya rəssamı, rejissor, ssenarist, prodüser Uolt Disney (Walter Elias "Walt" Disney, 1901 - 15.12.1966) anadan olub. Cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.

6 dekabr 1841 - Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille, 1841-1870) anadan olub.

7 dekabr 1598 - İtalyan memarı və heykəltəraşı Covanni Lorenso Bernini (Giovanni Lorenzo Bernini; 1598 - 1680) anadan olub.
7 dekabr 1889 - Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel, 1889 - 8.10.1973) anadan olub.
7 dekabr 1926 - Rusiyanın Xalq artisti Pyotr Velyaminov (1926 - 14.6.2009) anadan olub. Filmləri: “Kölgələr günorta yox olur”, «Əbədi çağırış», «Çelyuskinçilər» və s.

8 dekabr 1865 - Görkəmli fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius, 1865 - 20.9.1957) anadan olub. “Finlandiya” simfonik poeması, “Kədərli vals”, simfoniya, süitalar və s. əsərlərin müəllifidir.
8 dekabr 1934 - Məşhur rus aktrisası, SSRİ Xalq artisti Alisa Brunovna Freyndlix anadan olub. Filmləri: “İşdə məhəbbət macərası”, “Zolaqlıların səfəri”, “Qəddar romans” və s.

Hazırladı: Vüqar Orxan