Azərbaycan

12 dekabr 1893 - Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (1893 - 16.11.1938) Şamaxıda anadan olub. Teatr tariximizdə müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya edilib, İran dövlətinə casusluqda ittiham olunaraq güllələnib. 1956-cı ildə sənətkara bəraət verilib.
12 dekabr 1926 - Tanınmış saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi aşıq Pənah (Əlipənah Ələsgər oğlu Pənahov; 1926-26.8.1978) Salyanda doğulub. Salyan Dram Teatrında çalışıb. “Kür” aşıqlar ansamblını yaradıb.
12 dekabr 1937 - Şair, tərcüməçi Əhəd Muxtar (Əhəd Muxtar oğlu Qənbərov; 1937 - 23.5.1998) anadan olub. Özbək, qırğız, qazax, türkmən şairlərinin əsərlərini Azərbaycan dilinə çevirib.
12 dekabr 1945 - Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında inqilab qələbə çalıb. Cənubi Azərbaycan Demokratik Respublikası elan olunub, milli hökumət qurulub. Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi milli hökumətə divan tutub. Hərəkat 1946-cı ilin dekabrında süqut edib. Azərbaycan SSR-ə mühacirət edən Pişəvəri 1947-ci ildə avtomobil qəzasında həlak olub.
12 dekabr 1968 - Xalq artisti, tanınmış teatr və kino aktyoru Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 - 1968) vəfat edib. Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub, sonra ailələri Tiflisə köçüb. Moskvada Dövlət Teatr Sənəti İnstitutunu bitirib, 1924-cü ildə Bakıya gəlib. “Qara daşlar” (Dəmirov), “O olmasın, bu olsun” (Həsən bəy), “Qanun naminə” (Murtuzov) filmlərində yaddaqalan obrazlar yaradıb.
12 dekabr 2007 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (22.11.1922 - 2007) vəfat edib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “General” romanı ilə populyarlıq qazanıb. Digər əsərləri: “Əlibalanın ağır səfəri”, “Tələ”, “Burulğanlar”, “Ləpədöyəndə”, “Uzaqdan gələn qonaq”, “Haradansınız, müsyö Abel?” və s.

13 dekabr 1929 - Şərqşünas alim, professor Saleh Əliyev (1929 - 21.11.2006) Gəncədə anadan olub. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. İran və Cənubi Azərbaycan tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada "Ocaq" Mədəniyyət Cəmiyyətinin yaradıcılarından biri və rəhbəri olub.
13 dekabr 1956 - Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Abdulla Novruz oğlu Qurbani Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Mahmudkənd kəndində anadan olub.
13 dekabr 1962 - Filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nərgiz Arif qızı Paşayeva Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının, Bakı Dövlət Universitetinin kafedra müdiri, beynəlxalq əlaqələr üzrə prorektoru işləyib. 2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. Kitabları: “Sabirin novatorluğu”, “İnsan bədii tədqiq obyekti kimi”, “Antik ədəbiyyat tarixi” və s. "Üns" teatrının yaradıcısı və rəhbəridir.

14 dekabr 1915 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rəşid Məcid oğlu Behbudov (1915 - 9.6.1989) Tiflisdə anadan olub. Əslən şuşalıdır. "Arşın mal alan" (1945, Əsgər), "Bəxtiyar" (1955, Bəxtiyar) filmlərində baş rollara çəkilib, operada (Balaş - "Sevil") çıxış edib. Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib. Bakıda Mahnı Teatrını (hazırda onun adını daşıyır) yaradıb. SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
14 dekabr 1927 - Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927 - 15.10.1988) Ağdamın Mərzili kəndində anadan olub. «Naxışların yaddaşı», «Qoşa qanad» kimi populyar kitabların müəllifidir.
14 dekabr 1929 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, tərcüməçi Dilarə Ələkbər qızı Əliyeva (1929-1991) Tiflisdə doğulub. Gürcü dilindən tərcümələr edib. Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ilin aprelində avtomobil qəzasında dünyasını dəyişib.
14 dekabr 2011 - Xalq artisti, Prezident təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov (20.11. 1935, Ağdam - 2011) vəfat edib. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdıoğlu rolunda çəkilib.

15 dekabr 1905 - Rəssam Reyhan İbrahim qızı Topçubaşova (1905 - 5.3.1970) anadan olub.
15 dekabr 1909 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlul oğlu Bəhlulzadə (1909 - 14.10.1974) Bakının Əmircan kəndində doğulub. Əsərləri: “Kəpəzin göz yaşları”, “Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı", “Babəkin üsyanı”, “Fətəli xan” və s. Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır.
15 dekabr 1910 - Tarixçi alim, akademik İsmayıl Abbas oğlu Hüseynov (1910 - 8.11.1969) anadan olub. Tarix İnstitutunun direktoru işləyib.
15 dekabr 1912 - Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı İsmayıl qızı Rzayeva (1912 - 4.7.1975) anadan olub. Bir çox mahnı (o cümlədən uşaqlar üçün “Kukla”, “Şən yolka” və s.) və romansların, simli kvartet üçün pyeslərin və s. əsərlərin müəllifidir.
15 dekabr 1913 - Tarix elmləri doktoru, ictimai xadim Kamran Əsəd oğlu Hüseynov (1913 - 20.4.2006) Qubadlı rayonunun Çərəli kəndində doğulub. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, respublika Ticarət və Sənaye Palatasının sədri olub. «Şöhrət» ordeni ilə təltif edilib. “Bir ömrün salnaməsi” və “Quruculuğa həsr olunmuş ömür” xatirə kitablarının müəllifidir.
15 dekabr 1920 - Azərbaycan İnqilab Komitəsi “Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekret imzalayıb.
15 dekabr 1924 - Xalq şairi Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə, 1924 - 14.9.1992) Ağstafa rayonunun Yenigün kəndində anadan olub. “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri olub.
15 dekabr 1946 - Şair, kinodramaturq, tərcüməçi Ramiz Rövşən (Ramiz Məmmədəli oğlu Əliyev) Bakının Əmircan kəndində doğulub. Kitabları: “Göy üzü daş saxlamaz”, “Gedək biz olmayan yerə”, “Nəfəs - kitablar kitabı” və s. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib. “Babamızın babasının babası”, “Şəhərli biçinçilər” və s. filmlərin ssenari müəllifidir.

Dünya

12 dekabr 1766 - Rus yazıçısı və tarixçisi Nikolay Mixayloviç Karamzin (1766-1826) anadan olub.
12 dekabr 1821 - Fransız yazıçısı Qustav Flober (Gustave Flaubert, 1821 - 8.5.1880) anadan olub. “Madam Bovari”, “Salambo”, “Hisslərin tərbiyəsi” və s. romanların müəllifidir.
12 dekabr 1860 - Polyak şairi, dramaturq, ədəbiyyatşünas Yan Kasproviç (Jan Kasprowicz, 1860-1926) anadan olub.
12 dekabr 1915 - Dünya şöhrətli Amerika müğənnisi, aktyor Frenk Sinatra (Francis Albert Sinatra, 1915 - 14.5.1998) anadan olub.
12 dekabr 1928 - Böyük qırğız yazıçısı Çingiz Aytmatov (1928 - 10.6.2008) anadan olub. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Üz-üzə”, “Torpaq ana”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.
12 dekabr 1941 - Rusiyanın Xalq artisti Vitali Mefodyeviç Solomin (1941-2002) anadan olub. Filmləri: “Şerlok Holms və doktor Vatson” (doktor Vatson), “Qaratoxmaq qadın”, “Qış albalısı” və s.

13 dekabr 1797 - Yəhudi əsilli məşhur alman şairi, yazıçı, ədəbiyyatşünas Henrix Heyne (Christian Johann Heinrich Heine, 1797 - 17.2.1856) anadan olub. Əsərləri: “Nəğmələr kitabı” (poeziya), ”Hars dağına səyahət” (nəsr) və s. Məşhur bəstəkarlar (F.Şubert, R.Şuman, P.Çaykovski) Heynenin şeirlərinə musiqi yazıb.
13 dekabr 1908 - Polyak-yəhudi əsilli məşhur sovet aktyoru, SSRİ Xalq artisti Rostislav Yanoviç Plyatt (1908 - 1989) anadan olub. Filmləri: “Baharın on yeddi anı” (pastor Şlaq), “Rezidentin səhvi” və s.

14 dekabr 1895 - Fransız şairi, poeziyada dadaizm və sürrealizmin banilərindən biri Pol Eluyar (Paul Eluard - Eugene Emile Paul Grindel, 1895 - 18.11.1952) anadan olub.
14 dekabr 1898 - Rus kinorejissoru Yefim Lvoviç Dziqan (1898 - 31.12.1981) anadan olub. “Fətəli xan” (1947) Azərbaycan filminin rejissorudur.
14 dekabr 1924 - Dünya şöhrətli hind aktyoru, rejissor, ssenarist, prodüser Rac Kapur (Raj Kapoor; 1924 - 2.6.1988) anadan olub. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.

15 dekabr Beynəlxalq Çay Günüdür (İnternational Tea Day). Beynəlxalq Təhsil və Ünsiyyət Mərkəzi tərəfindən çay içkisini dünyada populyarlaşdırmaq məqsədilə təsis olunub. Hindistan, Şri-Lanka, İndoneziya və s. ölkələrdə qeyd olunur.
15 dekabr 1798 - İtalyan şairi Antonio Qvandanoli (Antonio Guadagnoli, 1798- 1858) anadan olub.
15 dekabr 1859 - Esperanto beynəlxalq dilinin yaradıcısı, yəhudi əsilli Polşa linqvisti Lüdoviq Lazar Zamenhof (Ludwik Lejzer Zamenhof, 1859 - 1917) anadan olub.

Hazırladı: Vüqar Orxan