Azərbaycan

16 dekabr 1898 - Xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqov (1898-1981) anadan olub. "Molla Nəsrəddin" jurnalında karikaturaçı kimi çalışıb, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərində geyim rəssamı olub.
16 dekabr 1922 - Ədəbiyyatşünas, Əməkdar mədəniyyət işçisi İmran Sultan oğlu Seyidov (1922-10.5.2001) anadan olub.
16 dekabr 1927 - Tarixçi alim, akademik Cəmil Bahadur oğlu Quliyev (1927 - 27.12.2010) Ağdamda doğulub. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Elmlər Akademiyasının vitse-prezidenti olub.
16 dekabr 1934 - Şair və tərcüməçi Tofiq Qulam oğlu Bayram (1934 - 18.4.1991) Bakının Əmircan qəsəbəsində anadan olub. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Könlümdə yaşayanlar”, “Məsləkim-silahım”, “Ay gecikən məhəbbətim” və s. Rus dilindən bədii tərcümələrin müəllifidir.
16 dekabr 1961 - Tanınmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əziz qızı Əsgərova (1961 - 9.1.1991) anadan olub.
16 dekabr 1979 - Məşhur caz musiqiçisi, bəstəkar, caz-muğamın yaradıcısı Vaqif Mustafazadə (16.3.1940 - 1979) vəfat edib. "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" vokal, "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
16 dekabr 2011 - Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (23.9.1928 - 2011) vəfat edib. Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Sevil ("Sevil", F. Əmirov) və s.

17 dekabr 1905 - Şair Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov, 1905 - 3.7.1990) Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olub.
17 dekabr 1924 - Görkəmli alim, pedaqoq, filologiya elmləri doktoru, professor Şirməmməd Hüseynov Şəkidə anadan olub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli irsinin öyrənilməsi və təbliğində müstəsna xidmətləri var.
17 dekabr 1993 - Görkəmli yazıçı, dramaturq, akademik, ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911, Cənubi Azərbaycan, Sərab - 1993) vəfat edib. «Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Respublika Nazirlər Soveti sədrinin müavini (1946-1950), Ali Sovetin Rəyasət Heyətinin sədri (1954-1958) olub. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.
17 dekabr 1999 - Tanınmış jurnalist, ictimai xadim Nəcəf Adil oğlu Nəcəfov (24.6.1955 - 1999) vəfat edib.

18 dekabr 1928 - Görkəmli xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928 - 1989) Salyan rayonunda doğulub. Milli operalarımızda yaddaqalan obrazlar yaradıb: Məcnun, İbn-Salam, Kərəm (Ü.Hacıbəyli - “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Şah İsmayıl (M.Maqomayev - “Şah İsmayıl”) və s.
18 dekabr 1934 - Şair, dramaturq, publisist Teyyub Qurban (Teyyub Yarməmməd oğlu Qurbanov) anadan olub. Kitabları: “Dostluğun gücü", "Unudulmayan", "Yanğı", "El yolu", "Ömrün gənclik yazı" və s.
18 dekabr 1957 - Yazıçı, şair, dramaturq Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Zəngəzur qəzası, Şəki kəndi - 1957) vəfat edib. «Zəngəzur» romanının, “Qadın azadlığı”, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir. Bakı Teatr Məktəbinin direktoru olub.
18 dekabr 1997 - Prezident Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında» fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilib.

Dünya

16 dekabr 1770 - Dahi alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven, 1770 - 26.3.1827) anadan olub. Dünya musiqisinin inciləri sırasına daxil olan 9 simfoniyanın, sonataların müəllifidir.
16 dekabr 1775 - İngilis yazıçısı, Britaniya realist ədəbiyyatında “qadın romanları”nın banisi Ceyn Ostin (Jane Austen; 1775-1817) anadan olub.
16 dekabr 1863 - İspan əsilli Amerika yazıçısı və filosofu Corc Santayana (George Santayana, ispanca Jorge Agustin Nicolas Ruiz de Santayana, 1863 - 1952) anadan olub.
16 dekabr 1866 - Rus rəssamı, təsviri sənətdə abstraksionizmin banilərindən biri Vasili Kandinski (1866 - 1944) anadan olub.
16 dekabr 1917 - İngilis yazıçısı, futuroloq, ixtiraçı Artur Klark (Sir Arthur Charles Clarke, 1917 - 19.3.2008) anadan olub. Məşhur “Kosmik odisseya 2001” filminin ssenari müəllifidir.

17 dekabr 1273 - İslam mütəfəkkiri, panteizm (vəhdəti-vücud) fəlsəfəsinin tanınmış nümayəndəsi, tacik (fars) əsilli şair Mövlana Cəlaləddin Məhəmməd Rumi (30.9.1207 - 1273) vəfat edib. İndiki Əfqanıstan ərazisində, Bəlx şəhərində doğulan Rumi ömrünün çox hissəsini Konyada (Türkiyə) yaşayıb və orada dünyasını dəyişib.
17 dekabr 1830 - Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt, 1830 - 20.6.1870) anadan olub. Yazıçı Edmon de Qonkurun (1822-1896) kiçik qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
17 dekabr 1842 - Fransız tarixçisi, dünya və Avropa tarixi üzrə məşhur alim Ernest Laviss (Ernest Lavisse, 1842 - 1922) anadan olub.
17 dekabr 1893 - Alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piksator (Erwin Piscator, 1893 - 1966) anadan olub.
17 dekabr 1905 - Sovet kinorejissoru İosif Yefimoviç Heyfis (1905 - 1995) anadan olub. Azərbaycan rejissoru Rza Təhmasiblə birlikdə “Bakının işıqları” (1950) filmini çəkib.

18 dekabr 1921 - SSRİ Xalq artisti Yuri Vladimiroviç Nikulin (1921- 21.8.1997) anadan olub. Filmləri: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. Moskva sirkinə rəhbərlik edib.
18 dekabr 1946 - Amerika rejissoru, ssenarist, prodüser Stiven Spilberq (Steven Allan Spielberg) anadan olub. Filmləri: “Şindlerin siyahısı”, “Yadplanetli”, “Yura dövrünün parkı”, “Dünyaların savaşı”, “Sıravi Rayanı xilas etməli” və s.
18 dekabr 1963 - Amerika aktyoru və prodüseri Bred Pitt (William Bradley Pitt) anadan olub. Filmləri: “On iki meymun” (“Qızıl qlobus” mükafatı), “Mister və missis Smit”, “Yeddi” və s.

Hazırladı: Vüqar Orxan