Oktyabrın 13-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dünya şöhrətli rəssam Tahir Salahovun ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ Xalq rəssamı Tahir Teymur oğlu Salahov milli sənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində yeni parlaq səhifə açıb. Tahir Salahovun öz yaradıcılığının bütün qiymətli nümunələrini və arxivini dövlətə təmənnasız hədiyyə etmək arzusu ömrünü milli mədəniyyətin zənginləşməsinə həsr etmiş böyük bir sənətkar tərəfindən atılan müdrik addım kimi dəyərləndirilməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, Tahir Salahovun özünün rəsm əsərlərindən ibarət kolleksiyasını və şəxsi arxivini Azərbaycan dövlətinə bağışlaması təklifi nəzərə alınmaqla, iki ay müddətində Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi, 55/3-cü İlyas Əfəndiyev döngəsi, 1 ünvanında Tahir Salahovun ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçirilsin.