Noyabrın 22-də Bakıda Dünya Turizm Təşkilatının “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində birinci regional seminar başlayıb. Paytaxtdakı «Monolit Plaza» hotelində keçirilən tədbir ayın 25-dək davam edəcək. Qeyd edək ki, bu il martın 23-də İspaniyanın Madrid şəhərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə DTT arasında qurumun “2011-2012-ci illər üçün Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı”nın ölkəmizdə keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Bu memoranduma əsasən Bakıda keçirilən birinci regional seminarda Qazaxıstan, Gürcüstan, Moldova, Rusiya, Özbəkistanın turizm statistikası üzrə təşkilatları, DTT-nin məsul əməkdaşları da iştirak edir.
   Seminarı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev açaraq qonaqlara Azərbaycanın turizm potensialı haqda məlumat verdi, ölkəmizdə turizmin inkişafı və bu sahədə görülən işlərdən söz açdı. Bildirdi ki, seminarın keçirilməsi turizm sahəsi üzrə statistik məlumatların toplanması sisteminin təkmilləşməsinə kömək edəcək. Sistemin təkmilləşməsi daha dəqiq hesablamaların aparılmasına imkan verəcək.
   Qeyd olundu ki, hazırda Azərbaycan turizm sahəsi üzrə statistik məlumatların toplanmasını DTT və BMT-nin statistika bölməsinin tövsiyələrini nəzərə almaqla həyata keçirir. Seminarda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Miqrasiya Xidməti və Mərkəzi Bank təmsilçiləri iştirak edir.
   DTT-nin Avropa üzrə regional nümayəndəsi Kordula Volmuter qəzetimizə açıqlamasında seminarın əhəmiyyətini vurğuladı: “Turizm sahəsi ilə məşğul olanlar keyfiyyət və xidməti hər zaman öndə tutmalı, qiymət və keyfiyyəti tarazlamağı bacarmalıdırlar. Ətraf mühit barədə dərin biliklərə yiyələnməyi, təbiət, mədəniyyət sahəsində bilgiləri əldə etməlidir. Əgər sən turizm potensialına malik ölkədə yaşayırsansa, bu sahə ilə məktəb yaşlarından maraqlanmalısan. Ona görə də orta məktəblərdə gənc nəsli bu sahəyə yönəltmək lazımdır. Avstriya turizm sahəsi üzrə statistikanı mükəmməl bilən ölkələrdən biridir. Onların bu işdə sistemi təqdirəlayiqdir. İnanıram ki, iştirakçı ölkələr bir birinin təcrübəsindən layiqli şəkildə bəhrələnəcəklər”.
   
   Lalə Azəri