“Dövlət sifarişi ilə istehsal edilən filmlərin müəlliflərinə ödənilən müəllif qonorarlarının və haqlarının minimum miqdarı və verilməsi Qaydaları” yeni redaksiyada təsdiq edilib.

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvaviq qərarı 10 yanvar  2025-ci il tarixində Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Qərarla “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarında dəyişiklik edilib.

Həmin Qərarla təsdiq edilmiş 10 nömrəli əlavə – “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” yeni redaksiyada verilib.

Müəllif qonorarlarının məbləği bu Qaydalarda nəzərdə tutulmuş minimum məbləğdən az olmamaqla, filmin istehsalı üçün dövlət büdcəsindən ayrılan vəsait, filmin istehsalçısı (prodüseri) ilə filmin müəllifləri arasında bağlanılan müqavilələrdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Yeni normalara görə, tammetrajlı bədii filmin orijinal ədəbi ssenarisinin müəllifi üçün qonorarın minimum məbləği 10 min manat (dərc olunmuş əsərin motivləri əsasında yazılan ssenari – 4,8 min manat), tammetrajlı bədii filmin quruluşçu rejissoru üçün 9 min, quruluşçu operator üçün 7 min, bəstəkar (orijinal musiqi) üçün 4,8 min manat, quruluşçu rəssam üçün 4 min manat nəzərdə tutulub.

Qısametrajlı bədii film və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün, tammetrajlı cizgi filmi və sənədli film, habelə qısametrajlı sənədli film, qısametrajlı cizgi filmi və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün də müvafiq qonorar normaları müəyyən edilib.

Qaydalarda qeyd olunur ki, müəllif qonorarının məbləği müəyyən edilərkən əsərin bədii-ideya səviyyəsi, mövzunun aktuallığı, filmin istehsalı prosesinin mürəkkəbliyi, ssenarinin orijinallığı, filmin müəlliflərinin peşəkarlıq səviyyəsi və xüsusi nailiyyətləri (qanunvericilikdə nəzərdə tutulmuş müvafiq fəxri adlara və ya digər mükafatlara malik olması) və bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərə alınır.

Bəstəkarın yaratdığı musiqi əsəri filmin rejissor həllinə uyğun gəlmədikdə və başqa bir bəstəkara musiqi sifariş verilməli olduqda, musiqi əsərini hazırlamış bəstəkara müəllif qonorarının ümumi məbləğinin 50 (əlli) faizinə qədəri ödənilir.

Filmin müəllifi qismində bir neçə şəxs çıxış etdikdə, hər bir müəllifə ödəniləcək müəllif qonorarının ümumi məbləği yerinə yetirdikləri işə mütənasib olaraq həmin şəxslər arasında bölüşdürülür.

Dövlət sifarişi ilə istehsal edilən filmlərin yaradılma proseslərinə cəlb olunmuş digər yaradıcı heyətinin üzvlərinə ödənilən haqlar filmin istehsalına ayrılan maliyyə vəsaiti çərçivəsində prodüserlə həmin yaradıcı heyətin üzvləri arasında bağlanılmış müqavilə ilə müəyyənləşdirilir.

Dövlət sifarişi ilə film istehsalı üçün filmin müəlliflərinə ödənilən müəllif qonorarlarının məbləğinin bu Qaydalarla müəyyən edilmiş həddən aşağı səviyyədə müəyyənləşdirilməsinə yol verilmir.

Dövlət sifarişi ilə istehsal edilən film istehsalçı (prodüser) tərəfindən bir nüsxədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müəyyən etdiyi qaydada Azərbaycan Dövlət Film Fonduna müvafiq daşıyıcıda təhvil verilməlidir.

***

Ətraflı bu linkdə: https://nk.gov.az/az/senedler/qerarlar/muelliflik-huququ-ve-elaqeli-huquqlar-haqqinda-aze-8565