Prezident İlham Əliyev noyabrın 24-də akademik Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
   Sərəncamda qeyd olunur ki, 2011-ci ilin dekabr ayında Azərbaycanın görkəmli tarixçisi və şərqşünas alimi, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun anadan olmasının 90 ili tamam olur.
   Zəngin və çoxşaxəli yaradıcılığı sayəsində Ziya Bünyadov respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr verib. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində meydana gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid çox sayda mənbələrin tərcüməsi ilə yanaşı onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırıb. Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir.
   Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi ilə birlikdə akademik Ziya Bünyadovun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.