Dekabrın 15-də Şirvan şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə il ərzində davam edən “İstedadlı uşaqlar” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə ölkənin şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri rəssamlıq, musiqi, ifaçılıq, bədii qiraət və rəqs nominasiyaları üzrə mükafatlandırılıb.
   “Şirvan” kinoteatrında keçirilən tədbirin iştirakçıları foyedə nümayiş etdirilən məktəblilərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
   Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva, Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və başqaları respublika müsabiqəsinin qaliblərini təbrik edib, onlara təhsildə və yaradıcılıq işlərində uğurlar arzulayıblar.
   Qaliblərə Mədəniyyət və Turizm Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim edilib.