Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrə yeni töhfə
   
   Fevralın 2-dən 4-dək Türkiyənin Elazığ şəhərində “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” keçiriləcək.
   
   Elazığ Valiliyi, Elazığ Bələdiyyə Başkanlığı, Xaricdə Yaşayan Türklər və Qohum Toplular Başkanlığı, Fırat Universiteti, Elazığ Ticarət və Sənaye Evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycandan geniş nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, millət vəkili, professor Nizami Cəfərov, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, tədqiqatçı alim Hacıağa Almaszadə, filoloq Asif Rüstəmli, C.Cabbarlının ev-muzeyinin müdiri Qəmər Bağırova, şair Əjdər Ol, eləcə də ədəbiyyat və incəsənət nümayəndələri, media mənsubları daxildir.
   “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Elazığın Cümhuriyyət məhəlləsində “Azərbaycan parkı və Azərbaycan şəhidləri abidəsi”nin açılışı olacaq. Fırat Universitetində isə “Müstəqilliyinin 20 ilində Azərbaycan” mövzusunda tədbir keçiriləcək. Tədbir çərçivəsində “Manas” nəşriyyatı tərəfindən çap olunan “Cəfər Cabbarlının həyatı, sənəti və mücadiləsi” və “Elazığ çələngi” kitablarının təqdimatı, “Almas İldırıma sayğı” mövzusunda görüş də nəzərdə tutulur. Qeyd edək ki, Elazığ şairlərinin şeirlərindən ibarət “Elazığ çələngi” toplusu ötən il qardaş ölkədən nümayəndələrin iştirakı ilə Bakıda təqdim olunub.
   Elazığ Bələdiyyəsi Mədəniyyət və Konfrans Mərkəzində keçirilən mərasimdə isə türk dünyasında “İlin ədəbiyyat adamı” seçilən Xalq yazıçısı Anarın həyat hekayəsindən bəhs edən televiziya filmi nümayiş olunacaq, yazıçıya fəxri doktor mükafatı təqdim ediləcək.
   “Elazığ-Bakı mədəniyyət və sənət görüşü” çərçivəsində Fırat Universitetində “Füzuliyə sayğı gecəsi” də keçiriləcək. Gecədə Azərbaycan sənətçiləri ilə yanaşı Elazığ musiqi heyəti də iştirak edəcək.
   “Bakı-Elazığ mədəniyyət və sənət görüşü” barədə qəzetimizin növbəti saylarında ətraflı məlumat veriləcək.
   
   Təranə Vahid