Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən II Respublika Dekorativ-tətbiqi sənət Festivalı keçirilir. 
   2012-ci ilin fevral-dekabr aylarını əhatə edəcək festival qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması məqsədilə təşkil edilib.
   II Respublika Dekorativ-tətbiqi sənət Festivalının ilk regional sərgisi aprel ayının 6-dan 15-dək Gəncə şəhərində keçiriləcək.
   Xatırladaq ki, 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən I Respublika Dekorativ-tətbiqi sənət Festivalı keçirilib. Respublikanın bütün şəhər və rayonlarını təmsil edən xalq sənətkarları və dekorativ-tətbiqi sənət ustaları festivalda iştirak ediblər. Festivalın keçirilməsi xalq sənətkarlığı nümunələrinin nümayişi və təbliği işinə, xalq bədii sənətkarlığı ənənələrinin yaşadılması və yaradıcılıqla davam etdirilməsinə güclü stimul olub.