Azərbaycan Respublikası Prezidenti İlham Əliyev aprelin 10-da görkəmli yazıçı, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyi haqqında sərəncam imzalayıb.
   Sərəncamda qeyd olunur ki, M.S.Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. Çoxşaxəli ədəbi fəaliyyət göstərən və bir çox məşhur operaların librettosunun müəllifi olan sənətkar həmçinin dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirən əsərləri ilə tanınır.
   Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Məmməd Səid Ordubadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.