Prezident İlham Əliyev Qazax, Ağstafa və Tovuz rayonlarına səfər edib
   
   Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində bir sıra mədəniyyət və turizm obyektlərinin açılışında iştirak edib. Dövlət başçısının iştirakı ilə Qazax rayonunda Gənclər Mərkəzi açılıb. Mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 1160 kvadratmetrdir. Bütün lazımi avadanlıqla təchiz edilən binanın konfrans zalında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Mərkəzdə yaradılan rəsm qalereyasında isə gənc rəssamların sərgiləri təşkil olunacaq.
   
   Dövlət başçısı mərkəzin binasının ikinci mərtəbəsində fəaliyyət göstərən elektron kitabxana ilə tanış oldu. Buradakı linqafon otağında isə gənclər üçün xarici dil kurslarının təşkili nəzərdə tutulub. Mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaq.
   
   * * *
   Prezident Ağstafaya səfəri çərçivəsində rayon mərkəzində yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlərlə tanış olub. Ümumi ərazisi 4,8 hektar olan parkda ulu öndər Heydər Əliyevin abidə kompleksi ucaldılıb. Abidənin fonunda hər birinin hündürlüyü 7, uzunluğu 25 metr olan 12 qranit sütundan ibarət xüsusi guşə yaradılıb. Parkın ərazisində Gənclər Mərkəzi, yay kinoteatrı, həmçinin “Ana və uşaq” kafesi, veteranlar klubu fəaliyyət göstərir. Bu obyektlər müasir tikinti materialları ilə işlənərək modern üslublu istirahət guşələrinə çevrilib.
   
   * * *
   Dövlət başçısı Ağstafa şəhərində yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib. Parkda Xalq şairi Səməd Vurğunun büstü qoyulub. Büstün fonunda görkəmli şairin yaradıcılığını əks etdirən möhtəşəm “Kitab abidəsi” kompleksi tikilib. Heydər Əliyev prospektində yerləşən park 2,8 hektar sahəni əhatə edir. Parkda dekorativ bəzək və gül kolları əkilib, simsiz internet şəbəkəsi yaradııb, “Yazıçılar evi” və “Vurğun kafesi” inşa edilib. Parkla tanışlıqdan sonra dövlət başçısı “Yazıçılar evi”ndə bölgə ziyalıları ilə görüşdü. Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Barat Vüsal dövlət başçısına Molla Vəli Vidadinin dövründən bu günədək Qazax mahalında yaşayıb yaradan şairlərin əsərlərinin toplusu olan “Şairlər vətəni - bizim tərəflər” poeziya antologiyasını hədiyyə etdi.   

   * * *
   Prezident Ağstafa şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə fəaliyyət göstərən karaoke-diskoteka salonunda ən müasir səs-akustika sistemi quraşdırılıb. İkinci mərtəbədə kafe, interaktiv və pnevmatik stend atıcılığı salonu yaradılıb. Mərkəzdə qurulan 3D formatlı sinema klub da orijinallığı ilə diqqəti cəlb edir. Mərkəzin yaxınlığında 260 yerlik yay kinoteatrı və diskoteka meydançası tikilib.
   
   * * *
   Dövlət başçısı Tovuzda “Ayan Palace” hotelinin açılışında iştirak edib. İnşasına 2008-ci ilin martında başlanılan hotel rayonda ən böyük turizm layihəsidir. Avanqard arxitektura üslubunda inşa edilən hoteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Hoteldə 65 nömrə var. Nömrələr hotelin 1-5-ci mərtəbələrində yerləşir və ən yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir.
   Prezidentə məlumat verildi ki, burada dünya hotel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib. Dövlət başçısı turizm obyektinin zirzəmi qatındakı SPA və Sağlamlıq Mərkəzi ilə də yaxından tanış oldu. Hoteldə həmçinin müxtəlif səviyyəli görüşlərin keçirilməsi üçün 40 nəfərlik iclas zalı yaradılıb. Məlumat verildi ki, hazırda hoteldə 50 nəfər işləyir. İşçilərin 90 faizi rayon sakinidir. Bildirildi ki, yaxın aylarda işçilərin sayının 110-a çatdırılması nəzərdə tutulub. “Ayan Palace” hotelinin istifadəyə verilməsi ölkəmizin şimal-qərb bölgəsinə gələn turistlərin sayına da müsbət təsir göstərəcək.
   
   * * *
   Prezident İlham Əliyev Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə də tanış olub. Dövlət başçısına məlumat verildi ki, qədim Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə Fransa mütəxəssisləri ilə birlikdə Göytəpə qədim yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq yerüstü materiallar toplayıb. Aparılan tədqiqatlar nəticəsində Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilib. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi var.