Budur, Aslanın direktor olduğu «Dostluq» mədəniyyət evi. Məni həyətdə qarşılayır. Həmişəki kimi şən və gülərüzdü. Köhnə dostlar kimi görüşürük. Cəld və çevik addımlarla düşür qabağa. Gəlirik Aslan Fətullayevin iş otağına. Otururuq üzbəüz, çay içə-içə başlayırıq söhbətə.
   
   - Hə, qardaş, necəsən? İşlərin necə gedir?
   - Demək, məndən məqalə yazmaq istəyirsən. Çox əcəb, çox pakizə. Məndən çox adam yazmaq istəyib, razı olmamışam. Ancaq sənə hər şeyi olduğu kimi danışacağam. Yaz ki, iyirmi beş ildən çoxdur səhnədəyəm. Gəzmədiyim, görmədiyim yer qalmayıb. Həmişə təriflənmişəm, başqa ölkələrdə mənə qalmaq, işləmək təklif ediblər, razı olmamışam. Heç bir fəxri adım yoxdur.
   - Yalan demirsən ki?
   - Bu nə sözdür, canım. Mən boyda adama (əli ilə sinəsinə vurur) yalan danışmaq yaraşar? Hər ikimiz gülürük.
   - Aslan, sənə güc-bəla ilə 40 yaş vermək olar. Ancaq deyirsən 25 ildir səhnədəyəm.
   - Hə da bə.
   - Mənə sataşırsan?
   - (Gülür). Canın üçün yox. Dostlarımın çoxu naxçıvanlıdı. Mən də vərdiş eləmişəm, onlar kimi danışıram. İyirmi beş ildir deyəndə lap uşaqlıqdan mədəniyyət sahəsindəyəm. Televizorun qabağından əl çəkmirdim. Bütün günü oturub gözlərimi dikərdim ekrana.
   - Ən çox nəyə baxırdın?
   - Hər şeyə. Televizorda nə göstərirdilər ona. Konsertə, teatra, xırda səhnəciklərə. Baxandan sonra gördüklərimi təkrarlayırdım - oynayırdım, oxuyurdum.
   - Təkbaşına?
   - Bə nə (gülür). Məni dəli hesab eləyənlər də olurdu. Elə dəli kimi bir şey idim. Sənətin dəlisi, teatrın divanəsi. Amma yolum birbaşa İncəsənət İnstitutuna düşmədi. Əvvəlcə Bakı Mədəni-Maarif Texnikumuna qəbul olundum. Buranı bitirəndən sonra instituta qəbul olundum. Özü də klub işinin təşkili fakültəsinə.
   - Bəlkə, özün haqqında oxucularımıza məlumat verəydin.
   - Baş üstə. Buyur tanış ol. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin mənim haqqımda yazdığı xasiyyətnamədi.
   Bu çoxdu axı. Bir səhifəlik xasiyyətnamədi.
   - Onda əsas yerlərini oxu.
   - Oxuyaram. Fətullayev Aslan Miri oğlu 1956-cı il oktyabr ayının 20-də Lerik rayonunun Çayrud kəndində anadan olub. 1974-cü ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maarif fakültəsinə daxil olmuş, özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olmuş, 1982-ci ildə oranı bitirmişdir.
   Hələ orta məktəbdə oxuyarkən teatr sənətinə həvəs göstərən Aslan Fətullayev kənd mədəniyyət evində 7 yaşındaykən Y.Əzimzadənin «Nəsrəddin» komediyasında İnkir rolunda oynamış və o vaxtdan səhnəyə bağlanmışdır.
   19 yaşı tamam olmamış Azərbaycan teatr tarixində yaratdığı obrazı ilə Qızıl fonda düşən ilk aktyordur. O, televiziyanın «Səhər görüşləri», «Gecə kanalı», «Komediyalar aləminə səyahət», «45 dəqiqə» kimi populyar verilişlərinin daim iştirakçısı olmuş və yaddaqalan obrazlar yaratmışdır.
   Kino sahəsində də öz istedad və bacarığını nümayiş etdirən Aslan Fətullayev «Mosfilm»in çəkdiyi «Oğlan və Maral» filmində fotorepartyor, «Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi «Cin mikrorayonda» filmində kiçik cin, «Papaq»da papaqçının dostu, «Qorxma, mən səninləyəm»də İvan Spirodonoviç, «Qətl günü»ndə zindanban, «Mozalan»ın çəkdiyi «Kapitan» satirik kino jurnalında basketbol komandasının kapitanı kimi yaddaqalan obrazlar yaratmışdır. 1979-cu ildən taleyini Sumqayıtla bağlayan Aslan Fətullayev əvvəlcə «Gənclik» klubunda bədii rəhbər olmuş, 1984-cü ildən isə «Dostluq» mədəniyyət evinin direktorudur. Mədəniyyət evinin mahnı və rəqs ansamblı, sirk incəsənət kollektivi Norilskdə, Arxangelskdə, Rustavidə, Rumıniyada, Almaniyada qastrolda olmuş, Çexoslovakiyadan isə rəqs ansamblının iki üzvü «Qızıl Praqa» medalı ilə vətənə qayıtmışdır.
   Respublika tarixində ilk dəfə olaraq Aslan Fətullayev Azərbaycan dilində «Yuxu» adlı rok qrupu yaradıb və kollektiv 1989-cu ildə Bakıda keçirilən «Qızıl payız-89»un qalibi olub. Onun yaratdığı «Yuxu» rok kollektivi 1990-cı ildə Almaniyada keçirilən «MAYEN - ROK-90» beynəlxalq festivalının qalibi olmuş, Avropanın ən güclü rok kollektivi adına layiq görülərək diskləri buraxılmışdır.
   Sevindirici haldır ki, «Dostluq» mədəniyyət evinin bədii özfəaliyyət kollektivi 1995-ci ildə Türkiyədə Novruz bayramı münasibətilə keçirilən festivalda respublikamızı təmsil etmişdir.
   «Dostluq» mədəniyyət evi yeganə mədəniyyət müəssisəsidir ki, 1985-ci ildən indiyədək Abşeron ərazisindəki bütün hərbi hissələrə, Saray qəsəbəsindəki 7 saylı internat məktəbə mədəni hamilik xidməti göstərir.
   Aslan Fətullayev İstanbul Universiteti Etnomüzikoloji Araşdırma və Uyğunlama Mərkəzi ilə əlaqə saxlayaraq beynəlxalq etnomüzikoloji simpozium və festivalda iştirak etmək üçün ilk dəfə olaraq Azərbaycanı - Sumqayıt şəhərini beynəlxalq kitabçaya saldırmış və bütün dünyaya yaymışdır. Sumqayıt şəhərində dövlət səviyyəsində keçirilən bütün tədbirlərdə onun rəhbərlik etdiyi «Dostluq» mədəniyyət evinin bədii özfəaliyyət kollektivi iştirak edir.
   Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru kimi bir-birindən maraqlı obrazlar yaradan Aslan Fətullayev həmişə tamaşaçılar tərəfindən sevilib və bu gün də sevilir.
   - Səhnə həyatında ən çox yadda qalan hadisəni danışmağınızı istərdim.
   - Unudulmaz hadisələr çoxdur. Ancaq onlardan biri xüsusilə yadımda qalıb. «Sonqulunun sərgüzəştləri»ndə qızın zırpı qardaşını oynayırdım. Məşqlərin qurtarmasına az qalmışdı. Oturub fikirləşirdim ki, nə geyinib çıxım səhnəyə. Rol çox xoşuma gəlmişdi. İstəyirdim lap təbii alınsın. Elə bu dəmdə Coratda yaşayan iki dostum girdi içəri. Birinin başında «aerodrom» kepka, o birinin əlində təsbeh. Aslan müəllim, sənə nə qulluq edək? Dedim: - qulluq sahibi olasınız, kepkanı da, təsbehi də verin mənə. Verdilər. «Aerodromu» qoydum başıma, təsbeh də əlimdə. Elə o cür də çıxdım səhnəyə. Operatordan da xahiş etdim ki, qızın zırpı qardaşını bir az iri planda götürsün. Bilirsən, nə qiyamət alındı. Baxanda özümə də ləzzət elədi.
  
   Qələmə aldı:
   İbrahim