Əbülfət Salahov: “Yaxşı aktyor pis rejissor olmaq üçün niyə cəhd etsin ki?”
“Nə gəlməz oldun?!” Pianoda bu mahnını ifa edirdi. Vədələşdiyimiz vaxtdan cəmi 2-3 dəqiqə əvvəl gəlibmiş. Sonradan bildim ki, kiçik məşq otağındakı qara piano onun bəyaz hisslərinin şirmayı dillər üzərindəki ifadəsidir. İmkan tapan kimi bura gəlir və bildiyi melodiyaları ifa edir. Bu dəfə ruh aləminə elə qapılmışdı ki, gəlişimizi hiss eləmədi. Sonda biz onu, o da bizi alqışladı. Üzünə qonan xəfif ani təbəssüm yerini qış ayazından bezar olan donuq kədərə verdi. O hissi, yəqin ki, bilirsiniz – an lazımdır ki, günəş çıxsın və həmin buzları əritsin... Deyir ruh adamları, zaman və mühitdə özünü qərib hiss edənlərin gün-güzəranı elə budur.
Müsahibim Şəki Dövlət Dram Teatrının aktyoru Əməkdar artist Əbülfət Salahovdur. Emosional təsir gücünə malik oyun texnikası var. Tamaşaçı ilə ünsiyyətə çətin girir və onun fərqinə varılan ana qədər bütün texniki imkanlarını işə salır.
Əslində, söhbətimiz də elə o cür oldu. Buna ikihissəli monotamaşa da demək olar. Birinci pərdədə mən, ikincisində o danışdı. Söhbət onun xeyrinə bitdi.
– Əbülfət müəllim, yaxşı dinləyicisiz, yoxsa dinlənilən?
– Dinləyici. Amma danışdıranda danışa da bilirəm. Məsələn, o vaxtlar bir veriliş vardı. Üz-üzə oturub danışırdılar. Suallar elə olurdu ki, susmaq mümkün deyildi.
– Arifə bir işarə (gülürük). Elə isə söz öndədir, yoxsa əməl?
– Aktyorun sözü nədir? Söz və hərəkət. Əgər onlar bir-birini tamamlayırsa, harmoniya yaranırsa, hə...
– Həyata baxışınız necə?
– Bu barədə bir xeyli dərəcədə taleyə inanıram.
– Hər şeyi taleyin, şansın boynuna qoymaq bizi mübarizə üçün məsuliyyətdən yayındırmış olmur?
– Boynumuzdan atmırıq. Amma elə şeylər var ki, sən istəməsən də, taleyinlə razılaşmalısan. Müqayisələr səni xoşbəxt etmirsə, həyat və sənət taleyindən məmnun deyilsənsə, özünü uçurumun dibində tapmamaq üçün o dediyimlə razılaşmalısan. Mənə elə gəlir ki, yaşlandıqca şükür etmək də lazımdır.
– Şükür ancaq yaşlananda lazımdır?
– Axı həyatı dərk edirsən. Anlayaraq yaşamaq çətindir. Hətta bəzən arzulayıram ki, nə olardı, bunları bilməzdim, dərk etməzdim. Amma adımız insandır...
– Səhnəyə gəliş, ona çıxış yolu kimi baxmaq da o dərkdən qaynaqlandı?
– Yox, bu, çox sonralar oldu. Məsələn, əvvəllər “necə oldu ki, bu sənətə gəldim” sualına cavab tapa bilmirdim. Hətta “niyə o qədər gözəl sənətlər qaldığı halda aktyorluğu düşündüm” sualının cavabını sonralar, aktyor kimi qəbul edildikdən sonra tapdım sanki. Sonra başladım uşaqlığımı analiz etməyə və anladım ki, hə, deməli, düz gəlmişəm.
– Deməli, həm də başqalarının fikri sizi yönləndirir?
– Yox, amma həm də realdır. Sənətdə var olmaq üçün ən əvvəl harada və nə etdiyini anlamalısan. Cavanlıqda insan daha çox ümid edir, sabaha inanır. Elə bilir ki, sabah daha yaxşı olacaq. Amma artıq anlayırsan ki, o şey baş vermir və sən inanmırsan.
– Bunun səbəbi kimdir, bizmi?
– Yox, özüm. Qənaətim budur ki, özümdən narazıyam. Heç cür özümlə barışmıram, razılaşmıram.
– Bu özünə qarşı tələbkarlıq deyil, yəqin ki...
– Özünə qarşı tələbkarlıq vacibdir və bu məndə var. İndi bunun başqa mərhələsindəyəm.
– Məncə, həyatı bu qədər ciddiyə almayın. Yaşınız da çox deyil.
– Deyəsən, həyat yaşım ömür yaşımdan çox görünür. Nə deyim...
– Ruhunuzun melodiyasını ifa elədiniz bayaq...
– Hansı ladda olduğumu bilmək istəyirsinizsə, elə siz gələndə ifa etdiyim...
– Mən də deyirəm nə olub, bütün gedəcək olanlar getməlidir.
– Hm, bu qədər qəti? Şükür, həyatımda hər şey qaydasındadır, umacaqlı deyiləm. Sadəcə, arada adam öz-özünə düşünür. Məsələn, heç vaxt xoşum gəlmir ki, mənə kiminsə yazığı gəlsin. Zəif görünüm. Amma lirika, bu kədər özü məni gücləndirir. Bədən ömrümüz nə zamansa bitəcək, amma ruhumuz...
– Gəlin, bizi birləşdirən teatrdan danışaq: dünənin Şəki teatrı və siz.
– Rəhmətlik Hüseynağa Atakişiyev dedi gəl səni göndərişlə Bakıya yola salaq, get oxu, ali təhsil al. Ruhu şad olsun, iki dəfə kəskin tələb qoydu qarşıma. İndi peşmanam, düzdü. Amma getmədim. Həmin zamanlar teatr davamlı qastrollarda olurdu. Mən də o parıltıdan kənarda qalmağa, kollektivdən qopmağa dözə bilmədim...
– Bunu ən çox hansı məqamlarda hiss edirsiniz?
– Əslində, hansısa vəzifəyə-filana iddiam olmayıb və yoxdur da. Amma bir dəfə bir hal oldu. Keçmiş məmurlardan biri teatra gəlmişdi. Tamaşaya baxdı, kollektivlə tanış oldu. Təhsilimi xəbər aldı. Həvəskarlıqdan gəldiyimi deyəndə “hə, otur” deyib qəribə bir reaksiya verdi. Maraqlıdır ki, ona qədər rolum, ifaçılığım haqqında yüksək fikir bildirdiyi halda diplomsuzluğum onda qəribə təəssürat yaratdı və mən buna görə pis oldum. Amma adi hallarda təhsilsizliyim mənə mane olmayıb. Aktyor ola bilmişəmsə, bəsimdir.
– Aktyor kimi səhnəyə çıxanda hansı hissi keçirirsiniz?
– Obraza o qədər daxil oluram ki, özümü tamam unuduram. Ustalıq o zaman olur ki, sən bir kuklaçı kimi obrazını əlində idarə edirsən, o səni yox.
– Prosesdə özünüzü görə bilirsiniz?
– Bu barədə çox düşünməmişəm. Amma mənə elə gəlir ki, hər obrazla məşq prosesində dil tapmasan, rejissorla işdə o dialoqa nail olmasan, yaxşı nəticə alınmaz.
– Rejissor sizin üçün kimdir?
– Tamaşaçının gözü.
– Mərhələlərə bölsək...
– Bölsək, gərək birinci rejissorunu, sonra da özün-özünü qane edəsən ki, sənin obrazın, hər yeni tipajın tamaşaçı üçün əlçatan, maraqlı olsun.
– Aktyorun qəlibə salınması da var...
– Ampluadan acığım gəlir. İstəmirəm mənə bu bölgü ilə münasibət bəsləsinlər. Eyniyyəti sevmirəm. Bütün yaşayışımda belədir. İstəmirəm ki, məni hansısa janrın aktyoru kimi xarakterizə eləsinlər. Daim buna qarşı özüm-özlüyümdə mübarizə aparıram.
– Prosesin ən gözəl tərəfi hansı məqamdır?
– Rolu, onun ifadəsini tapanda. Özümü lap suda balıq kimi hiss edirəm.
– Deyəsən, rollarınızı siyahıya almırsınız?
– Haqlısınız. Yaşayışımızdır, oynayırıq, özümüzü bu işdə hər dəfə sınayırıq. Qalan məsələlər unudulur.
– Bəzən aktyorların rejissorluq iddiaları da olur...
– Gərək ona getməsinlər. Yaxşı aktyor pis rejissor olmaq üçün niyə cəhd etsin ki? Yarat, yaşat, özün də zövq al, tamaşaçılar da. Mənə neçə dəfə rejissor kimi fəaliyyət imkanı veriblər, istəməmişəm. Olduğum məqamdan məmnunam. Özümü ifadə meydanı tapmışamsa, üstəlik, çalışdığım yerdə yaradıcı ab-hava varsa, özümü niyə başqa “boşqab”da hiss etməliyəm?
– Yaradıcılığınızda klassik dramaturgiya nümunələri daha çoxdur. Klassikada ifadə daha rahatdır, yoxsa müasir nümunələrdə?
– Bu, rejissorun baxışından asılıdır. Bir də sənin onun ifadə formasını hansı tərəfdən görməyindən də önəmlidir. Klassikada da, müasir əsərdə də çalışıram özüm olum, hamının oynadığı formadan qaçıram. Bu mənim üçün daha asandır. Hər yeni obrazıma hər kəsin baxmadığı tərəfdən baxır və çox vaxt arxa planda ştrix kimi verilən məqamı üzə çıxarıram. Bu, klassikada daha vacibdir. Mənə ən ləzzət edən nüans bir obrazı təpədən-dırnağa yaratmaqdır. Bu anlamda yeni nümunələr, yeni qəhrəmanlar daha maraqlıdır.
– “Oynamaq istədiyim rollar” nostalgiyanıza baxaq?
– Baxmayaq (gülür). Açığı, olmayıb, yoxdur belə bir nisgilim. Həmişə oynamışam, prosesdə olmuşam.
– Oğlunuzla bir teatrda çalışırsınız, yəqin, tərəf-müqabil də olursunuz. Kim kimi daha çox izləyir?
– Xəyal (teatrın aktyoru və truppa müdiri Xəyal Salahov) ilə ara-sıra o soruşanda hansısa rolundan, hansısa tamaşadan danışırıq. Baxanlar elə bilir çox söhbət eləmirik. Amma bizim danışmağa o qədər sözümüz olur ki, teatrla bağlı məsələlərə ya vaxt qalmır, ya da özümüz vaxt ayırmırıq...
– Onun ifaçılığını bəyənirsiniz?
– Bütün düşündüklərimi desəm, necə olacaq?
– Eybi yox, ikilikdə bunları daha çox danışarsınız. İndi isə daxili monoloqa keçib sözümüzə vergül qoyaq...
– İllərdir böyük Hüseyn Cavidin “İblis”ində İblisin monoloqunu hazırlayıram. Amma yenə də razı deyiləm. Hər dəfə nə isə əlavə edirəm, nəsə axtarıram. İstərdim ki, onu lentə alım. İmkan olsa, tamaşaçı önündə də oxuyum. Sözsüz ki, fonda öz istədiyim melodiya ilə.
O, İblisin monoloqunu deyir, mən alqışlayıram.
Yenidən piano arxasına keçir. Bu dəfə Şövkət Ələkbərovanın repertuarından “Pıçıldaşın, ləpələr”i ifa edir...
Söhbətləşdi: Həmidə Nizamiqızı