F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Naxçıvan Muxtar Respublikasının (NMR) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Dekabrın 20-də təşkil edilən tədbirdə AMEA Ədəbiyyat İnstitutunun əməkdaşları və paytaxtdakı 31 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagirdi, digər qonaqlar iştirak ediblər.

Kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbiri açaraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə NMR-in 100 illiyi geniş qeyd olunur. O, muxtar respublikanın tarix və mədəniyyəti haqqında məlumat verib, görkəmli şəxsiyyətləri barədə danışıb. Direktor onu da diqqətə çatdırıb ki, tədbirdə AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadənin NMR-in 100 illiyinə həsr edilən “Şeyx Məhəmməd Rasizadə” adlı kitabı da təqdim olunur.

Lütviyyə Əsgərzadə dahi şair-dramaturq Hüseyn Cavidin böyük qardaşı – tanınmış pedaqoq, şair, tərcüməçi, din xadimi Şeyx Məhəmməd Rasizadə (1878-1939) haqqında məlumat verib. Bildirib ki, Naxçıvanda maarifçi mühitin inkişafında mühüm rol oynamış Məhəmməd Rasizadə dahi siyasətçi, Ulu öndər Heydər Əliyevin də müəllimi olub.  

“Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunisli monoqrafiyanın elmi əhəmiyyətini vurğulayıb, nəşrin eyni zamanda Naxçıvanın bir neçə onillik ədəbi-mədəni, maarifçi mühitinin də salnaməsi olduğunu diqqətə çatdırıb.

Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Solmaz Həyatova, institutun “Yaradıcılıq+” bölməsinin əməkdaşı, şair İbrahim Yusifoğlu və başqaları kitabın məziyyətlərindən danışıblar. İ.Yusifoğlu Naxçıvana həsr etdiyi şeirini söyləyib.

Sonra kitabxananın əməkdaşı Əsmər Ağalar “Naxçıvan Muxtar Respublikası – 100” adlı təqdimatla çıxış edib, qədim diyarın tarixi abidələri haqqında slayd nümayiş olunub.

Tədbirdə Cövdət Hacıyev adına 3 nömrəli 11 illik Musiqi məktəbinin müəllimlərdən ibarət muğam üçlüyünün ifasında “O Naxçıvandır” mahnısı və “Xudayar təsnifi” (“Vətən yaxşıdır”) səsləndirilib. Məktəblilər Naxçıvan haqqında şeirləri qiraət ediblər.

Sonda qonaqlar kitabxana ilə tanış olublar.