Xəbər verdiyimiz kimi, 20–24 dekabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Bülbül vokal məktəbinin təşkilatçılığı ilə IV Azərbaycan Vokalçıları Festivalı keçirilib.
Festival Azərbaycan vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması məqsədilə təşkil edilib.
Festivalın ilk günü Azərbaycan Milli Konservatoriyasında tələbələrin iştirakı ilə “Bülbül irsi” adlı konsert və “Azərbaycan milli vokalı” adlı elmi seminar keçirilib. Seminarda konservatoriyanın elmi işlər üzrə prorektoru professor Lalə Hüseynova, Əməkdar artist Ramil Qasımov və başqaları çıxış ediblər.
Ramil Qasımovun rəhbərlik etdiyi Bülbül vokal məktəbi tələbələrinin iştirakı ilə konsert olub.
Festival çərçivəsində daha bir konsertdə Azərbaycan bəstəkarlarının yeni vokal əsərləri təqdim olunub.
ABİ-nin sədri Xalq artisti Firəngiz Əlizadə çıxış edərək festivalın əhəmiyyətindən söhbət açıb.
Əməkdar artistlər İnarə Babayeva, Səidə Şərifəliyeva, gənc ifaçılar Safura Aslanova, Şəms Qəhrəmanova, Aydan Əliyeva, Ərəstun Quliyev, Rauf Məmmədzadə və Nurlan Sadıqovun ifasında Azər Dadaşovun “Zəriflik”, Elnarə Dadaşovanın “Bir çarə”, Azad Zahidin “Mərhəba”, Aysel Kərimin “Qış gecəsi”, Vəfa Bağırzadənin “Eşq”, Aydan Əliyevanın “Ay üzlü nigarım” və başqa romanslar səslənib.
Festivalın yekun konserti Azərbaycan Dövlət Akademik Filarmoniyasında olub.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı vokal janrının inkişafı və yeni vokal ifaçıların tanınmasında festivalın vacib rol oynayacağına ümidvar olduğunu deyib.
Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru musiqi nömrələri ilə çıxış edib. Ramil Qasımov və xor kollektivi Siyavuş Kəriminin “Nəsimi” operasından Nəsiminin ariyasını, teatrın xoru Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel”i səsləndirib.