Mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak edib.
   
   Dünya arxitekturasının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin quruluşunda Bakının memarlıq koloriti dəqiqliklə nəzərə alınıb. Dünyada bənzəri olmayan Mərkəzin yaradılması ideyasının arxitekturada mükəmməl formada əks olunması onun quruluşuna xüsusi özəllik verir. Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir. Bununla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevriləcək bu mədəniyyət ocağının yaradılması Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyasını və əhəmiyyətini göstərir.
   Prezident İlham Əliyev mərasimdə çıxış etdi. Heydər Əliyev Mərkəzini nadir memarlıq abidəsi adlandıran Prezident İlham Əliyev bu kompleksin yaradılması ideyasından danışdı. Dövlət başçısı məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilən bu mərkəzin müasirliyi ilə diqqəti çəkdiyini və çoxfunksiyalı olduğunu bildirdi, həm memara, həm də tikintidə iştirak edən bütün insanlara təşəkkür etdi. Qeyd olundu ki, Mərkəz Azərbaycan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərəcək.
   “Bakı sürətlə gözəlləşir və inkişaf edir”, - deyən Prezident İlham Əliyev bildirdi ki, müasirliklə qədimliyin vəhdət təşkil etdiyi paytaxtımızın bir çox məşhur rəmzləri var. İndi isə müasir Bakının yeni rəmzləri yaradılır və bu sırada Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Alov qüllələri, “Kristal saray” və nəhayət, Heydər Əliyev Mərkəzi vardır.
   Tədbirdə Heydər Əliyev Mərkəzindən bəhs edən film də nümayiş olunub.
   Daha sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçirilib.
   Mərasimdə çıxış edən Fondun Prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə təbriklərini çatdırdı və bu binanı ulu öndərin xatirəsini yaşadan abidə adlandırıb. Mehriban xanım Əliyeva Fondun fəaliyyətindən danışıb, rəhbərlik etdiyi təşkilatın bir çox beynəlxalq layihələrdə uğurla iştirak etdiyini deyib. Qeyd olunub ki, bu yaxınlarda Bakıda keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin uğurla başa çatması üçün Heydər Əliyev Fondu imkanlarını əsirgəməyəcək.
   Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının təqdimatı keçirilib. Fondun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanasa “Qızıl çinar” mükafatı təqdim olunub. Eyni mükafat beynəlxalq idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə əməkdar idman ustası İlham Zəkiyevə də təqdim edilib.
   Mərasim konsert proqramı ilə davam edib.