““Rondo” əsərində insanın, cəmiyyətin və mühitin bir-birinə dairəvi təsirini, elmi-texniki tərəqqinin nəticələrini göstərmək istəmişik”
   
   Məmməd Rəşidov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını heykəltəraşlıq ixtisası üzrə bitirib. 2002-ci ildə bakalavr, 2004-cü ildə magistratura təhsilini başa vurub. Maraqlı əsərləri var. Bakıda keçirilən bir çox sərgilərin, o cümlədən son vaxtlar nümayiş olunan “Gümüş maska” müasir incəsənət sərgisi, “Avtoportret”, “X nöqtəsi...” sərgilərinin iştirakçısıdır. Əsərlərindən bir neçəsi Milli Azərbaycan Tarixi və Dövlət İncəsənət muzeylərində saxlanılır. Müasir incəsənətə böyük sevgisi və marağı var. Onunla qısa söhbətdə bu barədə danışdıq:
   
   - Sərgilərdə təqdim olunan əsərlərinin, demək olar ki, əksəriyyəti tullantılardan hazırlanıb. Niyə əl işlərində bu materiallardan istifadə edirsən?
   - Mənim birinci işim 2007-ci ildə olub. “At kompozisiyası”nı şüşə, dəmir, gips, güzgü qalıqlarından hazırlamışdım. İndi həmin əsər Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır. Məncə, tamaşaçı həmişə fərqli bir şey görmək istəyir. Bu mənada rəssam da, heykəltəraş da fikirlərini fərqli və özünəməxsus şəkildə ifadə etməyə çalışır. Bilirsiniz ki, elmi-texniki tərəqqinin nailiyyətləri artdıqca insanlar təbiətdən daha da uzaqlaşırlar. Bu, məni həmişə düşündürüb. Əsərlərimlə insanları texniki tərəqqinin mənfi nəticələrini minimuma endirmək barədə düşündürmək istəmişəm. Doğrudur, işlətdiyim materiallar bütövlükdə tullantılar hesab olunsa da, mən onları fikirlərimin daha yaxşı ifadə olunması üçün vasitə hesab edirəm. Dəmir qırıntıları, avtomobillərin sınmış şüşələri və s. Onlardan nəsə hazırlayıb onu mədəniyyət nümunəsi kimi təqdim edib, insanları düşündürmək olar. Buna nə qədər nail olduğumu tamaşaçılar deyə bilər.
   - Etiraf edək ki, bəzən tamaşaçılar müasir incəsənət sərgilərində nümayiş olunan əsərlərdə müəllifin fikrini “tuta bilmirlər”...
   - Müasir incəsənət sərgilərində sərgilənən əsərlər konseptualdır. Bəzi əsərlər var ki, ümumiyyətlə estetik xarakter daşımır. Bu əsərlərdə daha çox gənc nəslin yeni fikirləri, düşüncələri ifadə olunur. İncəsənət adamı həmişə istəyir fikirləşdiyini olduğu kimi göstərə bilsin. Tamaşaçını düşündürə bilmək xoşdur. Bəzən sərgi iştirakçılarından çox maraqlı fikirlər eşidirəm. Əsərlərlə bağlı tamaşaçıların nə düşündüklərini eşitmək çox xoşdur. Məsələn, “Gümüş maska” müasir incəsənət sərgisində “Rondo”ya baxıb çox maraqlı fikirlər səsləndirdilər.
   - “Rondo”nu hazırlamaq ideyası haradan yarandı?
   - “Rondo” metal, banner və borulardan hazırlanıb. Onu həmkarım, istedadlı gənc rəssam Gündüz Ağayevlə birgə hazırlamışıq. Əslində “rondo” musiqiyə aid termindir və hərfi mənası dairəvi istiqamətdə hərəkət deməkdir. Biz bu terminin musiqidə olan rolunu insanın, cəmiyyətin və mühitin bir birinə təsirindən yaranan dairəvi təsirinə bənzədirik. İnsanı əhatə edən mühitin yaranmasına özü səbəbkar olmasına baxmayaraq, elə həmin mühitin təsiri altında yaşayır. Biz “Rondo”nun oxşar eskizlərini bir -birimizdən ayrı hazırlamışdıq. Fikrimizcə, bu əsərin yaranmasına səbəb insan, mühit, cəmiyyət yaxud da elə dairəvi hərəkətin özüdür. Gənc rəssam və heykəltəraş kimi bu əsərdə də elmi-texniki tərəqqinin nəticələrini göstərmək istəmişdik.
   - Bakıda incəsənət sərgilərində fəal iştirakçısısan. Xarici ölkələrdə mədəniyyət layihələrində necə, iştirak etmisən?
   - Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avstriyada maraqlı bir layihədə iştirak etmişəm. Orada bizə emalatxana verdilər və biz iki ay ərzində əsərlərimizi hazırladıq. Sonda müxtəlif ölkələrdən gələn gənc sənətçilərin əsərləri sərgilənirdi. Bu müxtəlif ölkələrin mədəniyyətləri atasında bir mübadilə, qarşılıqlı paylaşma prosesi idi. Mən özümlə muğam disklərini aparmışdım. Əlbəttə ki, mədəniyyətimizin təbliği prosesinə gənclərin cəlb olunması təqdirəlayiq haldır. Tədbirdə Fransa, Almaniya, Macarıstan və digər ölkələrdən gənclər iştirak edirdi. Orada Şərq ölkələrinin incəsənətinə böyük maraq var. Azərbaycanın müasir incəsənətinin təbliğ olunması üçün belə tədbirlərdə gənclərin iştirakı önəmlidir. Bundan əlavə, Türkiyədə simpozium və sərgilərdə, Çexiyada sərgidə iştirak etmişəm. Yaxın gələcəkdə isə Bakıda fərdi sərgimin təşkilini planlaşdırıram.
   
   Ceyhun Zərbəliyev