Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarov paytaxtımızın gələcək simasından danışır
   
   Bakının ilk Baş planı 1898-ci ildə o dövrün tanınmış mühəndisi Nikolay Avqustoviç fon der Nonne tərəfindən hazırlanıb. Həmin vaxtdan bu günə qədər şəhərin 5 baş planı hazırlanıb. Sonuncusu 1986-cı ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və 2005-ci ilədək olan dövrü əhatə edib. 2009-cü ildən isə «Böyük Bakının Regional İnkişaf Planı»nın hazırlanmasına qərar verilib.
   Yeni Baş plan qarşıya hansı məqsədlər qoyur və o nə vaxt hazır olacaq? Bu və digər suallarla Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarova müraciət etdik. 

   
   - Novruz müəllim, “Böyük Bakının Regional İnkişaf Planı" üzərində iş nə yerdədir, bu layihə hansı məsələləri həll edəcək?
   - 2009-cu ilin aprelindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Böyük Bakının Regional İnkişaf Planı” (BBRİP) layihəsini həyata keçirilməsi üçün hazırlıq işləri aparır. BBRİP layihəsi hər şeydən əvvəl şəhərsalmanın gələcək inkişafının yalnız Bakı şəhəri üçün deyil, bütün Azərbaycan Respublikası üçün proqram sənədi olmalıdır. Layihənin məqsədi hər şeydən əvvəl Böyük Bakının layihə ərazisinin mövcud vəziyyətinin iqtisadi və ekoloji analizləri əsasında Abşeron regionunun yaxın 20-30 ildə əsas planlaşdırma sxeminin hazırlanması və qəbul olunmasıdır. Həmçinin layihədə Bakıda şəhərsalmanın idarəetmə sistemini işləyib hazırlamaq planlaşdırılır. Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi layihələndirmə üçün hazırlıq işlərini tamamlayıb və ümid edirik ki, bu ilin dekabr ayından layihənin işlənilməsinə başlanılacaq.
   - Yeri gəlmişkən, layihə ilə bağlı bəzi mütəxəssislər tərəfindən müxtəlif fikirlər səsləndirilir. Məsələn, inşaatçı Emil Axundovun fikrincə, «Böyük Bakının Regional İnkişaf Planı» adından «regional» sözünü götürmək lazımdır...
   - Layihənin adında regional sözü ona görə qeyd olunub ki, Bakı şəhərinin sahəsi 35000 hektardır, amma bizim layihə 250000 hektar sahəni əhatə edir. Bu layihənin qarşısında konkret suallar qoyulur: səhərlərin layihələşdirilməsi, idarə olunması, onun icra prosesi, ardıcıllığı nədən ibarətdir və necə olmalıdır? Baş plandan əvvəl texniki-iqtisadi araşdırmalar aparılır. Mövcud iqtisadi, ekoloji vəziyyəti, əhalinin torpaqlardan istifadəsini, nəqliyyat sxemini, mühəndis qurğuları və s. araşdırandan sonra onların əsasında strategiya işləmək lazımdır. Bizim indiki əsas işimiz inkişaf planıdır. İkinci mərhələ isə baş plandır. Hələ ki, baş plandan söhbət etmirik. Hazırda dünyada şəhərlər 100 min, 150 min hektardan böyük sahələr tutmağa başlayıblar. Belə geniş ərazini konkret binalara qədər layihələşdirmək real deyil. Ona görə şəhəri zonalara bölürlər. Bu mərhələni biz «zonalaşdırma» adlandırmışıq.
   - Mümkündürsə, «zonalaşdırma» terminini bir qədər açıqlayardınız...
   - Bu o deməkdir ki, biz bütün Böyük Bakı şəhərini və regionu zonalaşdırırıq. Burda söhbət tarixi mərkəzlər, kurort mərkəzləri, inzibati mərkəz, təhsil ocaqları, bulvar və s. zonalara bölgüdən gedir. O halda qarşıya belə bir sual çıxır: Əsas yollar haradan keçməlidir? Bu məsələlərə önəm verməliyik. İnkişaf planı tədbirlər planı deməkdir. Tutaq ki, şəhərin mərkəzində sovet dövründən qalan böyük bir sənaye zonası var. Bu gün mövcud bazar iqtisadiyyatı şəraitində o sənaye obyektləri artıq aktual deyil və səmərəli bir müəssisə kimi baxılmır. Biz tamamilə istifadə edilməyən bu torpaqları, zavodları neyləyək? Təmizləməliyik və onların yerində yeni məskunlaşma əraziləri formalaşdırmalıyıq. Şəhərin içində "Beşmərtəbə” adlanan zonada haradasa 200-300 hektar torpaq var. Bu ərazidə çoxlu köhnə tikili mövcuddur. Düzdür, onların aralarında kifayət qədər memarlıq abidələri var, amma 60 faizi daxma və uçuq binalardır. Bunları neyləyək? Bu da bir problemdir. Şəhərin ətrafında köhnə neft mədənlərinin ərazisi var ki, onların da yarıdan çoxu gecəqondulardan ibarətdir. Həmin tikililərin sosial infrastrukturu da yoxdur.
   Bu gün Bakı haqqında danışanda, onu «Böyük Bakı» adlandırırıq. Böyük Bakı bütün Abşeron yarımadasını, Sumqayıt və Xırdalanı əhatə edir. Yəni sırf Bakını deyil, bütün Abşeron yarımadasını nəzərdə tuturuq. Böyük Bakının inkişaf planı konseptual, analitik proqram-sənəddir. Bunun əsasında gələcəkdə bütün dövlət strukturları öz proqramlarını tərtib edəcəklər. Məsələn, Nəqliyyat Nazirliyi biləcək ki, haraya yol çəkmək lazımdır, “Azərsu” öz mühəndis infrastrukturunu layihələşdirəcək, “Azərenerji” öz infrastrukturunu inkişaf etdirəcək, Bakı Şəhər İcra Hakimiyyəti planlı abadlaşdırma işləri aparacaq və s.
   - Novruz müəllim, öz təcrübənizdən çıxış edib deyə bilərsinizmi ki, bu gün şəhərsalmada Azərbaycanın əsas problemi nədən ibarətdir?
   - Şəhərlər 1 ilə - 5 ilə tikilmir. Şəhərlərin inşası on illərlə davam edir. Digər tərəfdən, Azərbaycanda son bir əsrdə 4 dövlət quruluşu olub: çar Rusiyası dövrü, Cümhuriyyət, sonrakı sovet dövrü və indiki müstəqillik dövrü. Yəni bu dövrdə vahid şəhərsalma siyasəti olmayıb. Bu isə Azərbaycanda şəhərsalma üçün böyük problemdir.
   - Bu planı hansı şirkət hazırlayır və bunun üçün nə qədər vəsait xərclənəcək?
   - Hazırkı layihəni hazırlayan şirkət tender əsasında təyin ediləcək. Layihə 4 hissədən ibarətdir: 1) Böyük Bakının ərazisi üçün ilkin məlumatların toplanması və yerin mövcud vəziyyətinin analizi; 2) Abşeron yarımadasının (Böyük Bakı) ekoloji vəziyyətinin analizi; 3) Regionun 2010-cu ilə qədər mövcud iqtisadi vəziyyətinin analizi və 2030-cu ilə qədər perspektivlərin inkişafını proqnozlaşdırmaq; 4) 2030-cu ilə qədər regionun planlaşdırma sxeminin hazırlanması.
   BBRİP layihəsi, Böyük Bakının ayrı-ayrı ərazilərinin gələcək baş planlarının hazırlaması üçün əsas olacaq.
   - “Böyük Bakının Regional İnkişaf Planı" hansı illəri əhatə edəcək və bu sənəddə prioritet məsələlər əsasən hansılardır?
   - Adətən dünyada şəhərin inkişaf planı 20-30 ilə nəzərdə tutulur. Bizim plan 2030-cu ilə qədər dövrü əhatə edir. Əlbəttə müasir zamanda dünyada daha uzunmüddətli perspektivi olan proqramlar qurmaq çox çətindir. Çünki iqtisadi cəhətdən uzunmüddətli proqnoz vermək də çətindir. Ona görə ki, dünya sürətlə dəyişir. 50 il bundan sonra nə olacaq, heç kim bilmir. Lakin bu gün artıq bəzi məqamlar bizə aydındır. O cümlədən, Dəniz limanının Qaradağ rayonuna, Ələt şəhərinin yaxınına köçürülməsi; neft terminalının Abşeronun şərq sahilindən yeni terminalın istifadəyə verildiyi yerə, Səngəçala köçürülməsi; ”Qara Şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi; “Xutor” (88 hektar), “Kubinka”(46 hektar), şəhərin mərkəzində Nərimanov prospekti ilə Azərbaycan prospekti arasındakı “Beşmərtəbə” (85 hektar), “20-ci sahə” (800 hektar) kimi şəhər sahələrinin bölmələrinin regenerasiyası və s.
   Bakı şəhərinin qarşısında duran vəzifələrdən biri şəhərin və bütün Abşeronun vahid nəqliyyat sxeminin tərtib edilməsidir. Həmçinin ərazinin ekoloji yaxşılaşdırılması problemi mövcud olaraq qalır: bu şəhərin torpaq, su və hava hövzəsinin təmizlənməsi kimi, ən mühüm problemlərindən biridir. Nəhayət, bu gün ən əsas prioritet məsələ Bakıda və Azərbaycanın qalan şəhərlərində şəhərsalma prosesinin vahid idarəetmə sistemini təşkil etmək və həyata keçirməkdir.
   - Yeni İnkişaf Planında şəhərin hansı ərazilərindəki tikililərin sökülməsi nəzərdə tutulur?
   - Təəssüf ki, hələ də şəhərin mərkəzi hissəsində keçmiş sovet və ondan öncəki çar imperiyası dövründən qalan köhnə tikililər, daxmalar qalır. Yuxarıda qeyd etdiyim kimi, bu ərazilərin - “Kubinka”, “Beşmərtəbə” və s. rekonstruksiya və ya ola bilsin ki, regerenasiyası lazımdır. Əlbəttə bu proses - sosial planda çox mürəkkəbdir. Lakin onu həll etmək mütləq lazımdır. Şəhər ərazilərinin arasında "Beşmərtəbə" sahəsi digər qeyd olunan sahələrdən fərqlənir. Bu ərazidə XIX əsrin sonu XX əsrin başlanğıcına aid olan çoxlu memarlıq abidələri var. Bu da məhəllələrin köçürülməsi və rekonstruksiyası problemlərini həll etmək üçün əlavə çətinliklər törədir. Şəhər ərazilərinin məskunlaşmasının regenerasiya problemi kifayət qədər mürəkkəbdir və iqtisadçılar, sosioloqlar, hüquqşünaslar, həmçinin memarlar və urbanistlər kimi müxtəlif profilli mütəxəssislərin cəlb edilməsini tələb edir.
   - Novruz müəllim, maraqlıdır, bəs tarixi və memarlıq abidələrinin aqibəti necə olacaq?
   - Bu bizim üçün ən çox diqqət tələb edən məsələlərdəndir. Memarlıq abidələrinə çox böyük diqqət yetirməliyik. Onları tamamilə uçuq bir vəziyyətə düşməkdən qorumalıyıq. Memarlıq abidələrinə ikinci nəfəs vermək, onları da təmir etmək, bərkitmək lazımdır. Belə tarixi binalarda muzeylər, ofislər, restoranlar, salonlar, otellər yaradılsa, bu binaların da qayğısına qalınmış olar. İndi sarayın arxasında "Qış bağı" salınması üçün bəzi yararsız və uçuq binalar sökülür. Amma onların arasında çox gözəl tarixi binalar var və onların bir qismi memarlıq abidəsi kimi qeydiyyata alınıb.
   Bildiyiniz kimi, ölkə prezidenti tərəfindən Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı imzalanıb. Əgər biz də dünya turistlərini Azərbaycana cəlb etmək istəyiriksə, o halda tarixi-memarlıq abidələrini qorumalıyıq və layiqincə təqdim etməliyik. Bu gün çoxları deyir ki, Bakı ikinci Dubay olacaq. Lakin bu peşəkar ifadə deyil. Dubayın cəmi 20-30, Bakının isə 2000 ildən çox yaşı və böyük tarixi var. Turistlər şəhərimizin mərkəzində olan tarixi abidələrə baxmağa gəlir. Mənim 35 illik memar təcrübəm var və tam məsuliyyətlə deyirəm: imkanım olsaydı son 15 il ərzində Bakıda tikilən təzə binaların çoxunu sökərdim. Onlar nə şəhərə, nə də onun içərisində yaşayan adamlara lazımdır. Az sayda bina istisna olmaqla, yeni tikilən binalar çox bərbad haldadır. Maşınların saxlanılması, uşaqların oynaması üçün yerlər yoxdur, istilik sistemləri çoxunda demək olar həll olunmayıb, memarlıqdan isə danışmağa dəyməz. Bu və digər faktlar bir daha təsdiqləyir ki, görüləcək işlərimiz çox, problemlər kifayət qədərdir. Amma son illər dövlət tərəfindən həyata keçirilən abadlıq və yenidənqurma işləri böyük sürətlə inkişaf edir. Bu bizlərə ümid verir ki, biz doğma Bakımızı həqiqətən dünyanın ən gözəl şəhərlərinin siyahısına salacağıq.
   
   Mehparə Sultanova