Hüseyn Mehdiyev: “Hər şeydən öncə istehsalçı müqavilə bağlamaqda maraqlı olmalıdır, əks halda, o, müəllif hüququnu itirir”
   
   Bugünlərdə İtaliyanın paytaxtı Romada Avropa Kinorejissorlar Federasiyasının (FERA) Baş Assambleyasının illik konfransı keçirilib. Dünyanın 32 ölkəsindən peşəkar kino təşkilatlarının təmsil olunduğu tədbirdə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev də iştirak edib.
   Konfransda FERA-nın hesabatı, 2011-2013-cü illərdə görüləcək işlər, kinoda müəlliflik hüququ və s. məsələlər müzakirə olunub. Hüseyn Mehdiyev səfər təəssüratını bizimlə bölüşdü.
   
   - İlk olaraq Avropa Kinorejissorlar Federasiyası haqqında məlumat verməyinizi xahiş edərdik...
   - Avropa Kinorejissorlar Federasiyasının mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşir. Qurumun əsası 1980-ci ildə elə Roma şəhərində İtaliya və Fransa rejissorları tərəfindən qoyulub. FERA-nın bu konfransında təşkilatın 30 illiyi qeyd edilirdi. Azərbaycan Professional Kinorejissorlar Gildiyası 2000-ci ildən bu qurumun üzvüdür. FERA Baş Assambleyasının konfransında üzv ölkələr son bir ildə gördüyü işlər və ölkəsinin kino mənzərəsi haqqında qısa məruzələrlə çıxış edirlər. Buraya kinematoqrafiya sahəsindəki qanunlar, müəllif hüquqları da aiddir.
   - Bəs sizin çıxışınızda Azərbaycan kinematoqrafiyasının mənzərəsi necə əks olundu?
   - Əsasən müəllif hüquqları və kino istehsalatı haqqında məruzə etdim. Dövlətin kinonun inkişafına verdiyi dəstək, ildə neçə film çəkilməsi, filmlərin maliyyələşməsi haqqında məlumat verdim. Son illər Azərbaycan Professional Kinorejissorlar Gildiyasının müəllif hüquqları sahəsində gördüyü işləri də konfrans iştirakçılarının nəzərinə çatdırdım. Digər ölkə təmsilçilərinin çıxışlarına qulaq asdıqdan sonra belə qənaətə gəldim ki, bizim vəziyyətimiz elə də pis deyil.
   - Postsovet ölkələrinin məruzələrini dinlədikdən sonra hansı müqayisələr ortaya çıxdı?
   - Keçmiş sovet məkanından yalnız Baltikyanı ölkələr və Azərbaycan FERA-nın üzvüdür. Baltikyanı ölkələrdə istehsal olunan filmlərin sayı bizdəkindən azdır. Çünki bu ölkələr kiçikdir, həm də əhalinin sayı azdır. Büdcədən də kino sahəsinə maliyyə ayrılır. Amma bu ölkələrdə fondların sayı çoxdur. Həmin fondların sayəsində geniş imkanlara malikdirlər. Bizdə dövlətdən başqa alternativ maliyyə mənbələri, demək olar ki, yoxdur. Bizdə dövlət əlindən gələn köməyi edir. Amma fondlar, özəl sektorlar bu sahəyə diqqət yetirmədiyi üçün kinomuzun inkişafı ləngiyir. Digər tərəfdən, büdcə vəsaiti hesabına film çəkən kinematoqrafçılarda bir qədər arxayınçılıq yaranır. Həmin filmlərin prodüserləri bu məhsuldan gəlir əldə etməyə o qədər də meyilli olmurlar.
   - Bəs Avropanın postsosialist ölkələrində, məsələn, Polşada, Çexiyada kinematoqrafiyanın durumu necədir?
   - Polşada ümumiyyətlə son illər kinematoqrafiya sahəsində vəziyyət yaxşıdır. Çexiya və Slovakiyada da normal proses var idi, amma son illər səngimə müşahidə olunur. Bolqarıstanın məruzəsindən belə qənaətə gəlmək olardı ki, indi-indi dirçəliş hiss olunur. Amma ümumi götürdükdə fərqli cəhət odur ki, bu ölkələr kinematoqrafiyası inkişaf etmiş nəhəng kino ölkələrinin əhatəsində yerləşirlər. Yəni Avropa olaraq bu sahədə gedən prosesə qatılmaq imkanları məhdud deyil. Avropa Birliyinə üzv ölkələrdir. Avropanın böyük fondları ilə iş imkanları genişdir. Bu ölkələrə müəllif hüquqları sahəsində görülən işlər üçün də həmin fondların maliyyə və digər məsələlərdə köməyi ildən-ilə artır.
   - Müəllif hüquqları sahəsində görülən işlərə toxundunuz. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının bu sahədə gördüyü işlər nədən ibarətdir, hansı yeniliklər var?
   - Müəllif hüquqları sahəsində Avropada qəbul edilən yeni qanunlar bu sahədə işləri yüngülləşdirib. İstehsalçılarla müəlliflər arasında bütün qaydalar xırdalıqlarına qədər məlumdur. Avropa Kinorejissorlar Federasiyası, qeyd etdiyim kimi, 30 ildir fəaliyyət göstərir və onlar bugünkü vəziyyətə böyük bir proses keçməklə gəliblər. Köhnə qanunları təkmilləşdiriblər. Cəmiyyət özü isə böyük inkişaf yolu keçib və müəllif hüquqlarına hörmətlə yanaşırlar. Maarifçilik və təbliğat bu sahədə güclüdür. Biz isə birbaşa, yəni prosesi keçməmiş bu qanunları qəbul edirik. Belə olduqda da problemlər ortaya çıxır. Son on ildə biz də müəllif hüquqları sahəsində çoxlu yeni tədbirlər həyata keçirmişik. Artıq Azərbaycan telekanallarında milli filmlərimizin nümayişində müəllif hüququ haqqında qanunvericiliyə riayət olunur. Bu, böyük nailiyyətdir.
   - Avropa ölkələrində audiovizual sahədə gedən proseslərlə də müntəzəm tanış olursunuz. Hansı mexanizmləri Azərbaycanda audiovizual məhsulların müəllif hüquqları sahəsində tətbiq etmək mümkün olub?
   - Hazırda Azərbaycanda audiovizual məhsulların müəllif hüquqlarında nümunəvi sənəd tərtib olunub. Bütün bunlar Azərbaycan Professional Kinorejissorlar Gildiyasının “audiovizual.az” saytında da yerləşdirilib. Bu müqavilələrin bütün formaları ilə saytda tanış olmaq olar. Rejissorla, ssenaristlə, operatorla, bəstəkarla və digər kinematoqrafçılarla. Amma bu proses inkişafdadır, odur ki, bütün müqavilələrə vaxtaşırı təzədən baxılmalıdır. Artıq yeni tərtib olunmuş müqavilələrdə xeyli dəyişikliklər var. Biz bu müqavilələri ekspertizadan keçiririk. Bütün bunlar onun üçündür ki, müəlliflər istehsalçı ilə bağladıqları müqavilədə öz hüquqlarını əvvəlcədən qoruya bilsinlər. Biz Müəllif Hüquqları Agentliyi ilə də sıx əməkdaşlıq edirik. Onlar da çoxlu beynəlxalq konfranslarda iştirak edirlər. Bu proseslərdə birgə işlərimiz də olur.
   - Romadakı konfransda rejissorla ümumi müqavilə layihəsi də müzakirə olunub. Bu müqavilədə hansı yeniliklər mövcuddur?
   - Yeni müqavilədə istehsalçı bir çox hüquqları özündə saxlayır. Müəllif hüququ müəllifin üzv olduğu kollektiv idarəçilikdə qalır. Bizim qanunlarımızda da bu var. Yəni elə məqamlar var ki, orada fərdi hüquqları qorumaq mümkün deyil. Belə məqamlarda kollektiv idarəçilik öz işini görür. Avropa kinematoqrafçıları bu istiqamətdə böyük yol keçiblər. Mənə elə gəlir ki, biz də bu sistemə keçəcəyik. Misal üçün, biz bilirik ki, telekanallarda çəkilən televiziya filmlərinin müəllifləri ilə həmin telekanalların müqavilələri yoxdur. Burada birinci istehsalçı müqavilə bağlamaqda maraqlı olmalıdır. Çünki yazılı müqavilə olmadıqda məhsulun hüququ istehsalçıya verilmir.
   - Pomada möhtəşəm “Cinecitta” studiyasında da olmusunuz. Bu barədə nə deyə bilərsiniz?
   - Konfrans “Cinecitta” studiyasının konfrans zalında keçirilirdi. “Cinecitta”nın öz nəfəsi və atmosferi buraya gələnlərə bəs edir. Konfrans iştirakçıları bu möhtəşəm studiyanın bütün ərazisi ilə tanış oldular. Nə qədər müasir dövr olsa da, “Cinecitta” öz köhnə, klassik ab-havasını saxlayıb. Bərpa işləri istisna olmaqla, yeni heç nə tikilməyib. Yeni dizaynlardan əsər-əlamət yoxdur. Yəni gözəl saxlanılıb və sadəcə bərpa olunub. Studiyanın ərazisində Qədim Romanı, imperatorların məşhur saraylarının şahidi olursan. Bunlar hamısı “Cinecitta”nın naturadakı dekorasiyasının məhsuludur. Ümumiyyətlə, bu məkan tarixi obyekt kimi qorunur. İnsanlar bura ekskursiyaya gəlir, “Cinecitta”ya muzey kimi tamaşa edirlər.
   
   İntiqam Hacılı