Səfir Mübarək bin Fehad Əl Tani Qətərin Azərbaycanla əməkdaşlıq perspektivlərindən danışır
Qətər Ərəb körfəzinin qərb sahilində yerləşən yarımada dövlətidir. Bir sıra adaları da (Haul, Şarao, Əl-Əshatın və s.) var. Relyefi əsasən yüksək təpələrdən, vadilərdən ibarətdir. Ərazisi şimalda Fuveyrat dağı ilə əhatə olunub. Sahəsi 11 min kv.km-dir. Əhalisi 1 milyon nəfərə yaxındır. Paytaxtı Doha şəhəridir. Yayı çox isti, qışı az yağıntılı, mülayim keçir. Özünəməxsus mədəni irsi olan Qətərdə xalq sənətkarlığı daha çox inkişaf edib. Zəngin enerji qaynaqları ilə tanınan Qətər 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək hüququ qazanmaqla bir daha dünyanın diqqətini çəkib.
Dekabrın 18-i Qətər Dövlətinin milli bayramıdır. Bu gün Qətərin ölkəmizdəki səfirliyi tərəfindən də qeyd olunacaq. Bu ərəfədə Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fehad Əl Tani ilə görüşüb ondan qısa müsahibə aldıq:
- Cənab səfir, sizi Qətər Dövlətinin milli bayramı və ölkənizin 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək hüququ qazanması münasibətilə təbrik edirik. Oxucularımıza bir qədər özünüz haqda məlumat vermənizi istərdik.
- 1989-cu ildə Mərakeş Krallığında idarəçilik üzrə magistr dərəcəsini almışam. 1982-ci ildən ölkəmizin Xarici İşlər Nazirliyinin baş katibliyində işləmişəm. Qətərin xarici ölkələrdəki diplomatik korpuslarında - Oman, Mərakeş, Belçika və Hindistanda çalışmışam. Qətər XİN-in Əməkdaşlıq Şurası aparatında fəaliyyətimi davam etdirərək müxtəlif regional və beynəlxalq konfranslarda iştirak etmiş, tutduğum vəzifədə dəfələrlə irəli çəkilmişəm. 2008-ci ildən Qətər Dövlətinin fövqəladə və səlahiyyətli səfiri kimi Azərbaycandayam. Ailəliyəm, 2 oğlum, 5 qızım var.
- Dekabrın 18-i qeyd etdiyiniz milli bayram nə ilə əlaqədardır?
- Biz hər dəfə 1878-ci ilin bu tarixi gününün ildönümünü qeyd edirik. Həmin tarixdə bizim dövlətin qurucusu H.E.Şeyx Casim bin Məhəmməd bin Tani hakimiyyətə sahib çıxaraq ölkəni birləşdirib. Bu milli bayram vətənimizin əsaslandığı ideyalar, baxışların, tariximiz və mənəviyyatımızın, onun qurulmasında fədakarlıqla iştirak edən oğul və qızlarımızın qiymətləndirilməsinin təcəssümüdür. Hər il biz əmin-amanlıq və dinc quruculuğun olmadığı cəmiyyətdən, ədavətin hökm sürdüyü, ixtilafların parçaladığı qruplar və qəbilələrdən möhkəm dövlətə çevrilməyə necə nail olduğumuzu bir daha xatırlayırıq. İndi Qətər sözün əsl mənasında körfəz mirvarisidir. Qətər onlarla dost və qardaş ölkə ilə iqtisadi, ticarət və texniki əməkdaşlıq haqda müqavilələr bağlayıb, bir çox yerlərdə diplomatik korpusları fəaliyyət göstərir, sabit bank sisteminə malikdir, möhtəşəm, beynəlxalq tədbirlərə ev sahibliyi edir və s. Fəxrlə deyə bilərik ki, ölkəmiz üçüncü minilliyə böyük addımlarla qədəm qoyub.
- Cənab səfir, Azərbaycan sizə necə təsir bağışlayıb?
- Özümü ikinci vətənimdəki kimi hiss edirəm. İslam ölkəsi, müsəlman xalqı kimi bizi möhkəm bağlılıq, əlaqələr birləşdirir. Coğrafi baxımdan uzaq olsaq da mənəvi cəhətdən, adət-ənənələr, mədəniyyət sahəsində yaxınlığımız danılmaz faktdır. Bu yaxınlığı daxilən də hiss edirəm. Bakıdan Dohaya təyyarə ilə yol iki saatdan artıq olmaz. Mədəniyyətimiz, tariximiz də bizi bir-birimizdən uzaqlaşdırmır. Bu tarix İslam sivilizasiyasının tərkib hissəsidir. Azərbaycanın bölgələrində - Şəki, Masallı, Quba, Xızı, Naxçıvan və s. yerlərdə olarkən təəssüratlarım daha da zənginləşdi. Öz ölkəmdəki kimi, mehriban, isti münasibətlə qarşılaşdıq. Burada gördüyümüz qonaqpərvərlik yəqin ki, heç vaxt unudulmayacaq. Şəkidə bəzi sənətkarlıq nümunələri ilə tanış olarkən bizdəki qədim sənətkarlıq peşələrini - toxuculuq, qızıl işləmələri, gəmiqayırma, keramika, ovçuluq, şahin bəslənməsi, mirvari çıxarılması və s. xatırladım.
- Ölkələrimiz arasındakı mədəni əməkdaşlıq sizi qane edirmi?
- Xalqlarımız arasında mədəni əlaqələrin mühüm təməli var. Ötən il Bakıda Qətər Mədəniyyəti Günləri keçirildi. Bu münasibətlə ölkəmizin Mədəniyyət, İncəsənət və İrs Nazirliyi baş katibinin rəhbərliyi ilə böyük bir nümayəndə heyəti gəlmişdi. Biz öz sənətkarlığımızı, adət-ənənələrimizi, mətbəximizi, ədəbiyyatımızı, mədəniyyətimizin bəzi sahələrini bakılılara nümayiş etdirə bildik. Fərəhli haldır ki, bu il Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Həmin mötəbər tədbir qətərlilər tərəfindən böyük maraqla qarşılandı. Məncə, bu qəbildən olan görüşlər müntəzəm davam etdirilməlidir. Çünki belə tədbirlər hər iki xalq arasında yaxınlaşmağa və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, sıx olmasına xidmət edir. Güman edirəm ki, mədəni əlaqələrimiz bundan sonra daha da yüksələn xətlə inkişaf edəcək.
- Arzularınızı da bilmək maraqlı olardı.
- Xalqlarımıza tərəqqi, xeyir-bərəkət, ölkələrimizə aydın səma, çiçəklənmə diləyirəm. Qoy heç kəsin haqqı tapdanmasın, haqq-ədalət qələbə çalsın. Körfəz mirvarisi olan Qətərlə Xəzərin incisi olan Azərbaycan arasındakı dostluq daha da inkişaf edib möhkəmlənsin.
İradə Əsədova