Ədalət Hacıyev: “Ona görə də hər zaman tamaşaçını maraqlandıran, onun zövqünü oxşayan tamaşalar göstərməyə çalışırıq”
   
   Hər bir teatrın inkişafını şərtləndirən əsas amillərdən biri onun səhnəsində nümayiş olunan əsərlərə olan tamaşaçı marağıdır. Bu günün tamaşaçısı teatrda, sadəcə, tamaşaya yox, yüksək səviyyədə, peşəkarlıqla təqdim edilən səhnə əsərlərinə baxmaq istəyir. Zəngin repertuarı ilə tamaşaçı zövqünü oxşayan, tamaşaçı sarıdan heç vaxt korluq çəkməyən sənət ocaqlarımızdan biri də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrıdır. Teatrın direktoru Ədalət Hacıyevlə söhbətə də bu mövzudan başladıq:
   
   - Ədalət müəllim, sizin teatra hər zaman tamaşaçı axını olub. Tamaşaçıları itirməmək üçün hansı məqamlara diqqət yetirirsiniz?
   - Bu gün Azərbaycanda teatr və onun inkişafı ilə əlaqədar çox böyük işlər görülür, islahatlar aparılır. İşləmək üçün hər bir şərait yaradılır. Qalır bu diqqət və qayğıya yaradıcı işlə adekvat cavab vermək. Bunun üçün isə teatra yeni nəfəs gətirmək, tam müasir teatr səhnəsində fərqli, yeni və ən əsası yüksək səviyyəli səhnə əsərləri, quruluşlar təqdim etmək lazımdır. Ona görə də biz təmirdən sonra repertuar siyasətimizə bir daha baxdıq, onu zənginləşdirdik. Bizim bütün tamaşalarımız tamaşaçıya, yəni satışa, belə deyək də, bazara hesablanır. Bu belə də olmalıdır. Mən nə özümü, nə də tamaşaçını aldada bilmərəm. Ona görə də ənənəvi olaraq hər zaman tamaşaçını maraqlandıran, onun zövqünü oxşayan tamaşalar göstərməyə çalışırıq. Məncə, elə məsələnin əsas məqamı da bununla bağlıdır. Teatr tamaşaçını, tamaşaçı səhnə əsərini duya bilməlidir. Biz ildə azı 8, bəzən də 9 yeni tamaşa hazırlayırıq və onların əksəriyyəti anşlaqla keçir. Son olaraq M.F.Axundzadənin 200 illiyi ilə əlaqədar dövlət sifarişi ilə «Müsyö Jordan və Dərviş Məstəli şah» əsərini fərqli yozumda tamaşaya qoyduq. Ötən həftəsonu premyeramız oldu. Klassik əsərə yeni yanaşma və gözəl tərtibat tamaşaçılar tərəfindən müsbət qarşılandı.
   - Azərbaycanda rusdilli tamaşaçıların sayı azaldıqca, sanki sizin teatrın sadiq tamaşaçılarının sayı daha da artır. Bu qənaətlə razısız?
   - Təbii. Bu belə də olmalıdır. İstənilən halda teatrı yaşadan onun daimi, sadiq tamaşaçılarıdır. Bizim teatrın öz tamaşaçı auditoriyası var və biz daim onun genişlənməsinə çalışırıq. Elə bütün səylərimizi də buna yönəldirik. Tamaşaçı səhnədə gördüyünü yox, görmək istədiyini gördükdə inanır. Ona onun istəyinə uyğun, amma, təbii ki, yüksək peşəkarlıqla hazırlanmış sənət əsəri təqdim etmək lazımdır. Bu zaman o, mütləq teatra gələcək. Çünki istər-istəməz teatr bir məbəddir, o, insanları sehrləmə, ovsunlama qabiliyyətini hələ ki, itirməyib.
   - Bəzi hallarda tamaşaçını teatra biganəlikdə də qınayanlar olur. Bu fikrə münasibətiniz necədir?
   - Yox, tamaşaçı heç vaxt teatra biganə olmayıb, sadəcə, bir müddət teatrdan uzaqlaşıb. Bunun əsas səbəblərindən biri isə teatrın tamaşaçının mənəvi tələbatına, istəyinə adekvat cavab verə bilməməsidir. Tamaşa xatirinə tamaşa hazırlamaq, bilet satmaq adına hər hansı məşhur əsərin, rejissorun və ya aktyorun adına sığınmaqla uğura nail olmaq mümkün deyil. Davamlı nəticə üçün mütləq öz imkanların daxilində hərəkət etməli və səviyyəli iş görməlisən.
   - Sizcə, bu gün daha çox nə dəyişib: tamaşaçı auditoriyanızın sayı, yoxsa tamaşaçı tələbi? Ümumiyyətlə, teatral insan anlamı indi də qüvvəsindədir?
   - Əlbəttə. Mən 90-cı illərdən bu teatrın bilet satışı üzrə direktor müavini işləmişəm. Ona görə də bilirəm ki, tamaşaçını teatra məcburən gətirmək mümkün deyil. O, mütləq teatral olmalıdır. Tamaşaçı özü öz istəyi ilə tamaşaya gələndə, o, çox sakit oturub tamaşaya baxır, kimsə ona sakit olun, səs etməyin demir. Ona yaradılan şərait, təqdim olunan əsər ürəyincə olduqda, növbəti dəfələrdə də tamaşaçı sıralarında yerini alır, bunu başqalarına da təlqin edir və nəticədə teatrallaşır.
   - Müasir dövrün teatrı və onun problemləri deyərkən, siz ən çox hansı nüansı önə çəkirsiniz?
   - Mənə elə gəlir ki, problem bizim özümüzdə, teatrla məşğul olan adamlardadır. Əgər hər hansı bir teatrda problem varsa, bu, sırf o qurumun məsələsidir. Onu küll olaraq hər kəsə şamil etmək olmaz. Əgər dövlət tərəfindən sənə qayğı göstərilirsə, nazirlik şərait yaradırsa, sənin nə çətinliyin qalır ki, problem də yaradasan? Fəaliyyət sərbəstliyi və işləmək üçün geniş imkanlar var. Qalır daxildə məsələləri yoluna qoymaq və bacardığını göstərmək. Bizə həvalə olunan işin öhdəsindən gəliriksə, nəticə qaneedicidirsə, artıq o problemlər də aradan qalxır. Sırf yaradıcılığa gəlincə isə, burada da mükəmməl bir ansamblın olması vacibdir. Elə uğurun da əsas amili buradadır. Rejissor, dramaturgiya və aktyor oyunu tam olmasa, bir-biri ilə vəhdət yaratmasa, uğurlu bir iş alınmaz. Tamaşaçı teatra sadiq olduğu qədər də tələbkardır. O daim nə isə yeni, maraqlı, fərqli bir şey görmək istəyir. Yaradıcılıqda dəyişiklik olmasa, istər-istəməz geriləmə baş verəcək və nəticədə itirən teatr olacaq. Digər tərəfdən, direktorla rejissor arasındakı münasibət mütləq indiki səviyyədə prodüser anlayışlarına xidmət etməlidir. Yəni bir teatrın direktoru onun həm də prodüseridir.
   - Bu gün müəyyən məqamlarda teatrın zamanın nəbzini duymaqda çətinlik çəkməsində dramaturgiyanın da “payı” var. Əksər teatr direktorları müasir dramaturgiya sarıdan gileylidirlər. Siz nə fikirdəsiniz?
   - Düşünürəm ki, bu anlamda hər şey teatrın potensialından asılıdır. Ola bilər, siz ən üst dəyərlərə malik bir yeni əsər gətirib səhnəyə qoyulmasını istəyə bilərsiniz. Əgər biz o əsəri tamaşaya qoymuruqsa, bu o demək deyil ki, o, pis və ya aşağı səviyyəli əsərdir. Əgər mənim truppamın, rejissorun və ümumilikdə teatrın o əsəri istənilən səviyyədə qoymaq imkanı yoxdursa, niyə özümü və o müəllifi çətin vəziyyətə salmalıyam. Məsələn, bizdə bu yaxınlarda dahi N.Gəncəvinin «Yeddi gözəl» əsəri səhnəyə qoyulacaq. Mən o an ilk olaraq düşündüm: bizdə heç olmasa yeddi gözəli canlandıracaq gözəllər varmı? Bax, məsələnin əsas mahiyyəti bundadır.
   - Demək istəyirsiniz ki, hər bir teatr truppasına uyğun tamaşalar oynamalıdır?
   - Mütləq. Ona görə də teatrın direktoru mütləq həm də prodüser olmalıdır. Sata biləcəyi, təqdimatında uğura əmin olduğu tamaşanı hazırlamalıdır. İndi sovet düşüncəsi ilə hərəkət etmək, plan-hesabatla işləmək lüzumsuzdur. Hə, gəlin mən də qarşıma məqsəd qoyum ki, mütləq Azərbaycan dramaturgiyası nümunələrini və ya dünyanın ən məşhur əsərlərini səhnələşdirməliyəm. Yox, bu, yanlışdır. Əgər teatrın truppası o istəyi reallaşdıra bilmirsə, niyə özümü, heyətimi uğursuzluğa məhkum edim? Tamaşaçının teatra hansısa məşhur müəllifin, əsərin adına görə gəlib, sonra da ümidləri qırılmış şəkildə getməsindənsə, qoy o bəlkə də heç tanımadığı bir müəllifin gözəl aktyor oyunu ilə təqdim olunan işinə tamaşa edib getsin. «Romeo və Cülyetta»nı oynayacaq aktyorlar yoxdursa, niyə onu tamaşaya qoymalıyam. Desinlər ki, o teatrda Şekspir oynanılır? Bax, məhz bu zaman tamaşaçı teatrdan uzaqlaşır, aktyorun ustalığı da sual altında qalır. Hər bir teatrda mütləq truppaya uyğun repertuar hazırlanmalıdır.
   - Rus Dram Teatrı ölkə teatrlarından çox, xarici sənət ocaqları ilə əlaqələrdə maraqlıdır. Bunun özəl bir səbəbi varmı?
   - Özəl səbəbi deyəndə ki, bizim aktyorları böyük məmnuniyyətlə başqa teatrlara dəvət edirlər, ən müxtəlif tamaşalarda rol verirlər. Deməli, onların bu aktyorlara ehtiyacı var.
   - Bəs sizin necə, digər teatrların aktyorlarına ehtiyacınız yoxdur?
   - Mən bu suala belə cavab verərdim: mən aktyor heyətimizin oynaya biləcəyi əsərləri, öhdəsindən gələ biləcəyi rolları oynamasının tərəfdarıyam. Əsər seçərkən də, bayaq dediyim kimi, sırf bu prinsipə riayət edirəm. Ona görə də başqa teatrlardan aktyor axtarmağa da ehtiyac qalmır.
   - Sizin teatrda aktyorların rol sarıdan narazılığına da, demək olar ki, rast gəlinmir...
   - Yox. Bilirsiniz, Dövlət Gənc Tamaşaçılar Teatrından bizə gələn rus truppası və bizim öz heyətimizin - bu iki böyük truppanın aktyor potensialı kifayət qədər böyükdür. Aktyor səhnədə yetişir, formalaşır. Əgər o, truppada varsa, deməli, mütləq oynamalıdır. Ola bilməz ki, bir aktyorun bir il ərzində teatrda qoyulan hər hansı tamaşada rolu olmasın. Əgər elədirsə, o aktyorun truppada nə işi var? Mən hər hansı bir tamaşa üçün düşüb kənarda aktyor axtarsam, o saat ştatdakı aktyor “mən varam, onu niyə dəvət edirsiniz” deyəcək.
   - Bəzən aktyorlarla direktorlar arasında rol bölgüsü ilə bağlı narazılığın yaranması bəlkə elə bundan qaynaqlanır?
   - Bilmirəm. Amma aktyorun roldan başqa istəyi olmur. Yox, əgər hər hansı qeyri-adi iddiaları varsa, buyursun oyunu ilə göstərsin. Yəni ona istədiyi rolu verin, qoy oynasın. Alınıb-alınmadığını ilk olaraq elə özü anlayacaq.
   - Son olaraq tamaşaçılara təqdim edəcəyiniz yeni səhnə əsərləri barədə də məlumat verməyinizi istərdik...
   - Xalq yazıçısı Elçinin «Teleskop» tamaşasını səhnələşdirəcəyik. Düzdür, bu əsər Akademik Milli Dram Teatrında da səhnəyə qoyulub. Amma bizdə bu dəfə fərqli bir yozum, fərqli bir yanaşma olacaq. Bundan başqa, Novruz bayramı ilə əlaqədar uşaqlar üçün yeni tamaşa hazırlayırıq.
   
   Söhbətləşdi: Həmidə Nizamiqızı