İyunun 12-də Xalq yazıçısı İsa Muğannanın Yer üzünə gəlişinin 84 ili tamam oldu.
   Eşitdiyi qədim və doğma ün onun gələcək taleyini büsbütün dəyişdi. Bağlarını itirib dünyada sərgərdan gəzən insanlara, elə özünə də yazığı gəldi. Axı bir zamanlar bu dünyada ölümsüz insanlar yaşardı. Sonuncu ölümsüz insan qeyb olanda, insan xoşbəxtliyini həmişəlik itirdi. O zamandan çox minilliklər keçib, lap çox... Ölümsüz insan, əbədi həyat, həqiqət işığı insanların yaddaşından silinib. Nə qədər çətin də olsa, o bağları xatırlamağa və qələmə almağa yazıçı İsa Hüseynovun - Muğannanın qüdrəti çatdı.

   
   84 yaşını tamamlayan mütəfəkkir ədiblə söhbəti oxuculara təqdim edirik:
   
   - Hərdən adama elə gəlir ki, Muğannanın 500 yaşı var. Amma sizin 84 yaşınız tamam olur. Özünüzü hansı yaşda hiss edirsiniz?
   - 70-ə yaxın...
   - Bəlkə bir az da azaldaq?
   - (gülür)
    - Dönüb yaşadığınız ömrə baxanda ən çox nələri görürsünüz?
   - Ən çox özümü, öz həyatımı görürəm. Həyatda necə yaşamışam, o həyatın ən xırda anlarını da xatırlayıram.
   - Əsərlərinizdə yüzlərlə obraza həyat, tale vermisiniz, bu obrazlar nəsil-nəsil insanların dostuna, sirdaşına, idealına çevrilib. O qəhrəmanlarla təkrar qarşılaşmaq istərdinizmi?
   - O qəhrəmanların bəzilərini həyatdan götürmüşəm. Onları tez-tez xatırlayıram. Qılınc Qurban adlı qəhrəmanım “Saz”, “Tütək səsi”, “Quru budaq” əsərlərimdə və “İdeal” romanımda iştirak edir. Amma bu obraz oxucunu bezdirmir. Həyat dəyişdikcə bu obraz da dəyişir, yeniləşir, özünə tənqidi yanaşır.
   
   Taleyi dəyişmək olmaz
   
   - “Arx” adlı hekayəniz sizi ədəbiyyata gətirdi. Sonra arx çaya, çay dənizə çevrildi...
   - 1947-ci ildə, 19 yaşımda “Arx” adlı ilk hekayəm, 1949-cu ildə “Anadil ötən yerdə” oçerkim çap olundu. Atam haqqında oçerki Yazıçılar İttifaqında oxudum. Mehdi Hüseyn ayağa qalxıb dedi ki, ədəbiyyata gəlməyin münasibətilə səni təbrik edirəm.
   - Tibb İnstitutuna daxil olsanız da, təhsilinizi yarımçıq qoyub kəndə qayıtdınız. Çünki Tanrı sizi başqa bir missiya üçün yaratmışdı. Yazıçı olmalı idiniz və oldunuz da...
   - Doğrudur. Tale söhbəti boş-boşuna deyil. İnsanın taleyi, alın yazısı həqiqətdir. İnsan ana bətnindən başlayaraq idarə olunur. Taleyi dəyişmək olmaz.
   - “Yanar ürək”, “Doğma və yad adamlar”, “Tütək səsi”, “Məhşər” əsərləriniz nəsrimizə yeni təlatüm gətirdi. Tənqidçilər qeyd edirlər ki, məhz bu əsərlər vasitəsilə Azərbaycan nəsri 37-ci illərin vahimələrindən xilas olaraq cəsarətlə yeni mərhələyə qədəm qoydu. Bu sizin daxili azadlığınızdan irəli gəlirdi, yoxsa...
   - Bunu daxili azadlıq adlandırmıram. Bu ünlə, mənim nəslimlə bağlıdır. Muğanna nəslinin kökü Süleyman peyğəmbərə gedib çıxır. Atəşpərəstlik yarananda Süleyman peyğəmbər öz adını və nəslinin adını Muğanna qoydu. Muğanna bizim muğlar, bizim bağlar, bizim Allahlar deməkdir.
   Ünə tabe olmaq bir tərəfdən azadlığı itirmək deməkdir. Amma ikinci tərəfdən o qədər kainatdan məlumat alırsan ki, o məlumatlar sənin özünü daxilən azad edir. Sən özünü Odər bəşəriyyətində hiss edirsən və o dövrün - birinci sivilizasiyanın qayıtması üçün çalışırsan. Bu da mənim yaradıcılığımın ikinci dövründə yazdığım əsərlərdə öz əksini tapıb.
   - Sizi Azərbaycanın Folkneri adlandırırlar. Dünya miqyasına çıxmağınıza nə mane oldu?
   - Mənim həddindən çox milli, Odər mədəniyyəti ilə bağlı olmağım.
   - İnsanda ən çox hansı cəhəti qiymətləndirirsiniz?
   - Bir var kamil, bir də var cahil insan. Lap dünya gözəli olsun, cahilin nəyini xoşlayım? Ağlı, dərrakəsi, eşqi ilə vəhdətdə olan insan mənim üçün insandır.   

   Qədim sivilizasiyanı dirildən gələcəyin yazıçısı
   
   - Ədəbiyyatımızla yanaşı, milli kinomuzun inkişafında da böyük xidmətləriniz olub. İstərdim, bu barədə danışasınız.
   - Bir zamanlar mənim əsərlərim çox ciddi tənqidlərə məruz qaldı. Yazıçılar İttifaqı Moskvaya, Mərkəzi Komitəyə yazdı. Oradan siyasi şöbənin müdiri gəlib növbədənkənar plenum çağırdı, məni möhkəm tənbeh elədilər. Özümə mənəvi ata hesab etdiyim Mehdi Hüseyn bir gün məni yanına çağırıb tapşırdı ki, 26-lar haqqında ssenari yazım. Sən demə, Mərkəzi Komitədə məni sovet yazıçısı kimi qəbul etmirmişlər. Ona görə də Mehdi Hüseyn ona həvalə edilən ssenarini mənə tapşırıb ki, yersiz hücumlardan, təzyiqlərdən məni qorusun. 1966-cı ildə üç şərikli müəllifin (İsa Hüseynov, Əjdər İbrahimov, Mark Maksimov - red.) ssenarisi ilə film çəkildi. O vaxt respublikaya rəhbərlik edən Vəli Axundov bizi qəbul etdi, filmi bəyəndiyini dedi və Mərkəzi Komitənin adından tapşırdı ki, Nəriman Nərimanov haqqında film çəkək. 1971-ci ildə “Ulduzlar sönmür” filmi çəkildi və böyük mübahisələrə səbəb oldu. Məni Mərkəzi Komitəyə çağırıb Hacı Zeynalabdin Tağıyev obrazına görə danladılar, dedilər ki, kapitalisti ideallaşdırmısan. Onu da deyim ki, o vaxt respublikanın rəhbəri olan Heydər Əliyev həmin iclasda iştirak etməmişdi. Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi iclasda mənə söz vermək istəmədi. Mən ayağa qalxıb dedim ki, bu iclas məndən ötrü çağırılıbsa, sözümü deməliyəm. Dedim ki, böyük zəhmət çəkilib, əsər yazılıb, amma yalançı sosiologiya bizim hətta ən iri sənətkarlarımızı da məhv edir.
   İclasın ertəsi günü Heydər Əliyev plenumun stenoqramına baxıb, birinci mənim çıxışımı oxuyub və deyib ki, o haqlıdır. Göstəriş verib ki, film bütün kinoteatrlarda nümayiş olunsun. “Ulduzlar sönmür” adlı bu film 40 gün bütün kinoteatrlarda göstərildi.
   Ulu öndər Heydər Əliyev ziyalılara, Azərbaycanın dəyərlərinə çox böyük qiymət verirdi. Günlərin birində məni Mərkəzi Komitəyə çağırıb dedi ki, Nəsiminin yubileyi keçiriləcək, film çəkilməlidir, ssenarisini sənə tapşırırıq. O ərəfədə Rəsul Rza Hələbdən qayıtmışdı, oradan Nəsiminin divanını və onun edamına aid çoxlu materiallar gətirmişdi, mən də roman yazmağa başlamışdım. Heydər Əliyevə dedim ki, axı mən Nəsiminin haqqında az bilirəm. Dedi ki, sənə əlavə materiallar verəcəyik. Dediyi kimi də oldu, mənə çoxlu əlavə materiallar verdilər, bu da mənə kömək elədi. “Nəsimi”nin ssenarisini yazdım, film çəkildi.
   Sonra povestlərim əsasında “Tütək səsi” və ssenarim əsasında “Nizami” filmləri də çəkildi.
   - Kinodan ədəbiyyata qayıdaq. “Məhşər” romanından sonra “İdeal”, “Qəbiristan”, “Gurün”, “Cəhənnəm” əsərləri barədə qısaca belə deyirsiniz - bu əsərlərin məğzində bəşəriyyətin taleyi dayanır.
   - Hər kəs bəşərin tarixindən yazır, bəşəriyyəti bir addım irəli aparmağa xidmət edirsə, o yazıçıdır.
   - Dünyaya, həyata, yaradılışa öz baxışlarınız var. Deyirlər, həyat şirin şeydir. Sizcə, niyə belə deyirlər?
   - Çünki həyatın nemətləri şirindir. Yeməklər də şirindir, həyat da şirindir, insanın bir-biri ilə ünsiyyəti, söhbəti də şirindir...
   - Oxucularımız adından sizə cansağlığı, uzun ömür və əbədi həyat arzulayırıq.
   
   Təranə Vahid