Xalq artisti, “Şöhrət” ordenli Faiq Sücəddinov Azərbaycan bəstəkarlıq məktəbində öz dəst-xətti ilə seçilən sənətkarlardandır. İlk dəfə hansı bəstəsini dinlədiyim dəqiq yadımda deyil. Lakin ilk tanıdığım bəstəkarlardan biri olub.
   
   Əksəriyyəti onu estrada mahnılarının müəllifi kimi tanısa da, klassik əsərləri, xalq musiqisi janrında yazdığı mahnılar da az deyil. Qəribədir ki, bu mahnılar dillər əzbəri olub şad günlərimizin bəzəyinə çevrilsə də, müəllifinin kim olduğunun bəzən heç fərqinə varmamışıq. Müxtəlif janrlarda yazdığı musiqilərdə onun özünəməxsusluğu hiss olunur. Təkcə “Vətən balladası”nı dinləmək kifayət edər ki, bəstəkarı bütünlüklə xarakterizə edəsən.
   Bu günlərdə 65 yaşını qeyd edən sənətkarla söhbətimiz səmimi və xoş ovqat üzərində quruldu. Çünki hər zaman nikbin əhval-ruhiyyədə olan bu insan ətrafdakılara da xoş aura bəxş etməyi bacarır.
   Faiq Miri oğlu Sücəddinov 1947-ci il iyunun 14-də anadan olub. İlk musiqi təhsilini skripka sinfində alıb. 1965-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olur. Bu təhsil ocağını bitirdikdən sonra, 1969-cu ildə Tofiq Əhmədovun dəvəti ilə Azərbaycan Televiziyası və Radiosunun estrada orkestrində çalışmağa başlayır. 70-ci illərin ortalarında orkestrdə fəaliyyətini dayandırır və Azərbaycan Xarici Dillər İnstitutunda təhsilini davam etdirir. Sonrakı dövrdə zəngin yaradıcılıq aləminə qayıdaraq piano, simfonik və kamera orkestrləri, simli kvartet üçün konsertlər, xor və simfonik orkestr üçün “Atatürk” odası və s. əsərlərlə yanaşı, çoxlu sayda mahnı və caz kompozisiyaları yaradır.
   - Faiq müəllim, bəstəkar kimi hansı janrda əsərlər sizin üçün daha önəmlidir? Müsahibələrinizin birində oxudum ki, yaradıcılığınızda orkestr fəaliyyətinə daha çox diqqət verirsiniz...
   - Bu fikir mətbuatda tam olaraq düzgün ifadə edilməyib. Ümumiyyətlə, mən peşəkar fortepiano əsərləri yazıram. Hazırda 85-ə yaxın fortepiano əsərim var. Təbii ki, simfonik orkestrlə yazdığım əsərlər də az deyil. Amma bütün həyatım boyu mənimlə birlikdə olan pianodur. 1981-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası - red.) bəstəkarlıq sinfini bitirdikdən sonra ciddi şəkildə bəstəkarlıqla məşğul olmağa başladım. Həmin dövrə qədər mənim Bakıda caz qruplarım var idi və biz demək olar ki, bütün festival və konsertlərdə çıxış edirdik. Azərbaycan Dövlət Televiziyası və Radiosunun fondunda mənim fortepianoda caz ifalarım saxlanılır.
   - Silsilə mahnılarınız dillər əzbəri oldu. Bu gün mahnı yaradıcılığınızda hansı yeniliklər var?
   - Fəaliyyət yenə də davam edir. Bu gün də yaxşı mahnılar yazılır və müğənnilərimiz tərəfindən ifa olunur. Çox vaxt mahnının bəstəkarı və şairinin adı çəkilmədiyi üçün bəstəkarların işi bir az diqqətdən kənar qalır. Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəbi Xəzri, Fikrət Qoca, Baba Vəziroğlunun sözlərinə yazdığım mahnılar hər zaman gündəmdə olub. Mahnılar çoxdur və çoxu da müğənnilərin arxivindədir. Əvvəllər mahnılar yazılardı və fondda qalardı, bu gün isə vəziyyət başqadır. Amma mütəmadi olaraq mahnılarım televiziya və radio efirində səslənir. Bu mahnıları bir yerə toplamaq böyük vaxt aparar. Lakin söhbət, məncə, sayda yox, keyfiyyətdə olmalıdır.
   - Filmlərə də musiqilər bəstələmisiniz. Bir az da bunlar haqqında danışaq.
   - Bu yaxınlarda böyük bir layihəyə imza atdım. Rusiyanın NTV kanalının çəkdiyi filmə musiqi bəstələdim. Bakıda çəkilən çoxseriyalı iki filmə musiqi yazdım. İctimai Televiziyanın çəkdiyi dörd filmin də musiqisini yazmışam. Bu sırada işlər davam edir.
   - Musiqili Komediya Teatrında oynanılan bir operettanın müəllifisiniz...
   - Bir neçə il əvvəl Musiqili Komediya Teatrında “Mən dəyərəm min cavana” (librettonun müəllifi Tamara Vəliyeva) adlı operetta səhnəyə qoyuldu. Bu əsəri yazmağımın təşəbbüskarı Xalq artisti, rəhmətlik Hacıbaba Bağırov idi. Təəssüf ki, əsərdə oynamaq ona qismət olmadı. Operettada baş rolu görkəmli sənətkarımız İlham Namiq Kamal oynadı. Tamaşa bu gün də uğurla oynanılır. Əgər əsər teatrın repertuarında varsa, demək, nə isə alınıb. Əlbəttə ki, sifariş olunanda yazırıq. Hazırda isə klassik musiqilər və fortepiano əsərləri üzərində işləyirəm və 25-ə qədər hazır işim var.
   - Televiziya tamaşalarına da musiqiləriniz var. İlk işiniz nə vaxt olub?
   - İlk dəfə 1980-ci illərin əvvəllərində tanınmış rejissorumuz Ramiz Həsənoğlunun “Qapalı orbit” tamaşasına musiqi bəstələdim. Tamaşa Amerika həyat tərzindən bəhs edirdi. Sonra da bir neçə işim oldu. Demək olar ki, musiqinin bütün janrlarında mənə müraciət olunub və sevinirəm ki, bu yazdığım musiqilər uğurlu və uzunömürlü olub.
   - “Vətən balladası”nı hansı hisslərlə yazmısınız? Bir həsrət, bir qəlb yanğısı var bu balladada.
   - Yaradıcı insanın qəlbində sevgi olmalıdır. Təbii ki, bu kompozisiya vətən sevgisindən yaranıb. İnsanın qəlbi məhəbbətlə dolu olanda, uşaqla uşaq, böyüklə böyük kimi rəftar edəndə ortaya dəyərli əsərlər çıxa bilər. Başqa cür mümkün deyil. Axı biz cəmiyyət içindəyik. Nə olsun ki, bəstəkarıq, gərək insanlığı unutmayaq. Hər zaman xeyirxah olmağa çalışaq. Hərdən elə şeirlərə rast gəlirəm ki, bütünlüklə şairi duyuram. Sətirlər məni kövrəldir.
   - Milli Qəhrəman Mübariz İbrahimova həsr edilən klipə yazdığınız musiqi də vətənpərvərlik ruhunda gözəl əsərdir.
   - Bu əsərin mətninin müəllifi Baba Vəziroğludur. Tanınmış müğənnilərimiz ifa etdilər. Mübariz İbrahimov mənim qəlbimdə XXI əsrin qəhrəmanıdır. Hər birimiz, sözsüz ki, vətənimizi çox sevirik. Amma onun qəhrəmanlığı hamımız üçün örnəkdir. O, şücaəti, şəhidliyi ilə nümayiş etdirdi ki, bizdə belə oğullar var.
   - Musiqimizin bu günü barədə fikirləriniz necədir?
   - Azərbaycan musiqisi necə varsa, eləcə də yaşayacaq. İstər estrada musiqimiz olsun, istər klassik, istərsə də xalq musiqisi janrında yazılanlar. Zaman özünü göstərəcək. Məsələn, mənim xalq musiqisi janrında bəstələdiyim mahnılar var ki, illər keçməsinə baxmayaraq, bu gün də oxunur: “Ay sevgilim”, “Gözlərin deyir ki”, “Evimin yaraşığı”, “Mən səni axtarıram” və s. Hər sahədə olduğu kimi, bizim sahədə də zamana ehtiyac var. Dəyərli bəstələr yaşayacaq, dəyərli işlər yadda qalacaq, ucuz əsərlər isə unudulub gedəcək.
   
   Lalə Azəri