Alim Qasımovun əksər kəlamı da şəhdi-şəkər muğamı dadında...
   
   Bir neçə gündən sonra 55 yaşı tamam olası ustad sənətkara zəng çaldım, telefonu zənguləvi “du-du-du” sədaladı. Öyrəndim ki, yenə xariclərdədir. Əlacım qaldı 5 il öncəki diktofon saxlancıma - 50 illiyilə bağlı yazdığım yazıya sığışmayan fraqmentlərə...
   
   (Heyf ki, dırnaq işarəsi (”) birmənalı, monomahiyyətlidir. Yəni, indi mən onun Səsinə dair təyinləri, sifət və bənzətmələri həmin işarə arasına alsam, “Şair sözü əlbəttə, yalandır” kimi çıxacaq, almasam, “bu jurnalist sözü hədyandır” kimi. Amma neynək, o fateh-sərkərdə Səsin xatirinə “problem”in babalı bu sıravi əsgər qələmin boynuna...)
   Qulaqlarınızı açın, görün. Gözlərinizi açın, eşidin...
   Bu Səs üsyançıdı, qiyamçıdı, işğalçıdı! Kimin qəlbin fəth etməyib, bu fateh Səs?! Zil adlı top-tüfəngi, bəm nişanlı əlbəsələri, ruhi vəsvəsələri var bu Səsin. Çənlibelli baş igidimiz kimi yaraqlanıb-yasaqlanır, dəli-dolularını başına yığıb çıxır cəngi-səhnələrə. Əl-qol ata-ata Səs atdandırır. Gah Qoç Koroğlu kimi nərələnir, gah Aşıq Cünun kimi Məcnunlanır. Qurşun xalları ilə başlayır zövq xanlarını, tamaşa paşalarını, «ha nənəm qurban!» sədalı ahılları, “pah atonnan!” ədalı cahılları şil-küt eləməyə.
   Hələ bir adını da Alim qoyublar! Qadam, belə də zalim alimlik olar?! Bu ki cılxa Diktator, fateh İmperatorluqdur! Şirvanşahların qılınc cingiltiləri, qalxan qalxıntıları, bayraq dalğantılarıdır! Səs-sədası Şamaxı zəlzələsi, hayqırtıları qartal qıyı, zəngulələri bülbül tayı!
   O, təsəvvürümdə yazdığım tək...
   Qarşımda isə xoşsima bir ipək...
   Hə, bir bəri bax, qədim Kişi! Bar gətirdikcə başını aşağı dikən ağacmisal başını qaldır, sərgilə görək bu Səs-sinədəki sözlər, fikirlər necə?!.
   
   - Ustad, o qədər sadə, ifallı insansız ki, adam istiyir Sizə sən desin...
   - Lap yaxşı. Başdıyaq «sən-sən»əyə, görək başımıza nə gəlir...
   - Sənin bu “sən-sən”ən məndə, iraq olsun, “can-canadır, can-cana” ab-havası yaratdı...
  
 - Niyə ki, o cür şeylər də sənətin bir löyünüdü...
   - Bəlkə oyunudu?
  
 - Mən elə görürəm, sən belə...
   - Söhbətimiz alınır! Deməli, sənin səsin, sənətin haqda mətbuatda, efir-ekranda çox danışılıb, səni çox danışdırıblar. Mən isə sənə tamam başqa yöndən - daxili aləmin, mənəvi dünyan baxımından baxmaq istəyirəm. Nədən başlayaq?
   
- Səninçün birinci nədisə, ondan.
   - «Məhək daşı»ndan başlayaq. Bir vaxtlar deyirdilər, elə oxuma, Xan əmi eşidər. Özünü elə aparma, Cabbar əmi görər. Belə demə, Seyidin qulağına çatar...
   
- Həə, Allah onlara rəhmət eləsin!..
   - İndilər necə, belə bir çəkinməli sənətkar varmı?
   
- İndilər sənət var, elə sənətkarın olub-olmadığını isə deyəmmərəm.
   - Niyə o yeri tutan, tutmaq istəyən yoxdur?
   
- Nə bilim... Bu da müsabiqəynən həll olunan məsələ deyil ki. Bu bir Allah vergisidir...
   - Ümumiyyətlə, bu «qorxu» gərəkdirmi?
   
- Bu qorxmaqlıq qorxu deyil. Adlarını çəkdiyin o kişilərin dövründə də dəbdə olan xanəndələr, müğənnilər vardı. Amma bugünün durbini ilə baxsaq, onlar nəinki Cabbarın, Seyidin, Xanın yan-yörəsində, heç onların səsinin gedib çatdığı uzaqlıqda da görünmürlər. «Zər qədrini zərgər bilər» - deyən xalq özü zərgərdir. Elələri var ki, “ustaddan ayıbdır” fikrinin özünü ayıb sayırlar. Hələlik sənət məmləkətində də azadlıqdı. Kim gecə nə düşünüb-yetişdirir, səhərisi çıxardır bazara. Bədbəxtlik ondadı ki, bu bazarda o qəlp mallar xalislərdən tez alınır...
   - Camaat deyir, axır vaxtlar Alim hərdənbir Azərbaycana da gəlir...
  
 - Hesab elə ki, başa düşmədim...
   - Yəni, səfərlərdə çox olursan...
  
 - Aydındı... Belə getsə, bir gün belə bir görəcək də (sizdər buna sensasiya deyər) yazacaqsız ki, bəs, ay camaat, Alim Qasımov Azərbaycana gəlib!
   (Gülüşürük)
  
 - Ciddi söhbətə keçid üçün pis zarafat olmadı bu!
  
 - Deməli, pratakol söhbəti eliyəcəyik...
   - Hə, ara-sıra. Hələlik isə köhnə-təzə səfərlərdən təzə-məzə soraqlar...
  
 - Məsələn, «Allahu Əkbər»in qurtardığı, oxu-ifa məsələlərində «uzundərə»çilikdən uzaq ölkələrdə bizim muğamlarımıza çox səbr, çox böyük maraq və məhəbbətlə qulaq asdılar. Hər konsertdən sonra mənə yaxınlaşıb, qəribə-qəribə vurğunluqlar eləyirlər, şirin-şirin fikirlər bildirirlər. Bir kərə bir yapon qadın (mədəniyyət işçisi) bizim çıxışlarımızı əsl muğam tayfası səviyyəsində dəyərləndirdi, Azərbaycan muğamını cənnətdən gələn səs kimi qəbul etdiyini bildirdi. Bu, mənim üçün indiyəcən eşitdiyim çox ütülü sözlərdən, bitili fikirlərdən böyük fikirdi.
   - Belə bir rəy var: muğam ən çox başları, qalan digər musiqilər isə daha çox ayaqları tərpədir. Xaricdədəmi çox başları tərpədir muğam?
   
- Xariclərə təzə-təzə gedəndə, muğamatın bizim dildə «öldüm-öldüm» məqamlarında görürdüm başları ilə ritm tuturlar və mənə belə gəlirdi ki, onlar məni doluyurlar - başlarıyla «aşqa-aşqa» şeylər edib, ürəklərində başqa şeylər fikirləşirlər. Sonralar bunun vərazəsinə getdim, gördüm yox aa, muğam oxuyanda, onların sir-sifətində, göz-bəbəyində bizimkilərdəki kimi qəribə bir ritm, ahəng-zad yaranır. Əsas odur ki, muğam köhlənini lazım olan məqam-mənzilə doğru yönəldə biləsən. Məxləsə, son vaxtlar muğamzadələrin öz ev-eşiklərində az görünmələrinin taxsırı artıq, bütün dünyanın sevməyə başladığı muğamlarımızdadı.
   - Yox axı, muğamlarımızı dünyaya çoxdan ayaq açdırıblar...
   
- Mən elə şeyləri bilmərəm...
   - Onda, bildiyin məsələlərdən danışaq. Bu boyda dünya sarayı “istila” etmiş Alim Qasımov əzəl «planeti» - beşik evi, ilk yurd-yuvası haqda, hələ «heç kim»lik dövrləri barədə balaca bir «doklad» edə bilərmi?
  
 - Mən özüm uşaqlıqda kefindənkeçən “aşıq-aşıq” oynuyan, siqareti siqaretə calıyan olmuşam, tinlərdə oturub tum cırtdamışam və bütün bunları birdən-birə tərgitmişəm. Qaldı ilk yuvama, bu barədə uzun-uzadı «segah» deyəsi deyiləm. Ora mənim axirət dünyamdı. Vəssalam.
   - Təsəvvür edək ki, sənin səsin yox idi, kənd-kəsəkdə ruhani, yaxud əkin-biçinçi bir insan kimi qalmısan...
   
- Hardaydı məndə o bəxt ki, gün axşamacan təbiət-həkimin yanında olan o əkin-biçinçilər kimi mənim də bel-buxunum ağrımayaydı. İşdi-şayəd, ağrısa da, onlar kimi bir cıqqan vaxt tapıb belimi ovxalatdıraydım, bu orucluqda... (bayaqdan bizim söhbətimizin sonunu gözləyən həyat yoldaşına işarəylə) «kamandir»i 4-5 saat gözlətməyəydim...
   - Hə, sənin o vaxtkı dostlarından biri kör-kövşəndən çıxıb gəlir bu şəhərə, oxuya-oxuya olur böyük adam və səni heç yada salmır, heç vaxt baş çəkmir. Belə halda deməzdinmi ki, «filankəs yaman yekəlib»?
   
- Başa düşdüm... Mən bir heylə vaxt tapammıram ki, tez-tez zəngləşəm, arada gedib onnara baş çəkəm. Amma həsrət-xiffətlərini çox çəkirəm. Bilirsən, uşaqlıq dostluğu - əsgərlikdi, tələbəlikdi, qar-qazamatdı - bunların hamısından əfzəldi, elə ilk məhəbbət kimi bir şeydi - çox şirin, amma əlçatmaz. Əslində, mən hələ də özümü onlardan biri hesab edirəm: bir az suçuyam, bir qırnıx bağbanam, şofirəm, fəhləyəm...
   - Necə yəni, «xalq artisti» və «suçu»?
   
- Necə bəyəm, Xalq suçusu, Xalq bağbanı demək olmaz? Mənim kimi çalıb-oxuyanları, sənin kimi yazıb-pozanları həmən o xalq taxılçıları, xalq qırxınçıları yedizdirib-geyizdirmirmi? Hə, cavab ver də...
   - Biz sualverənlərik.
   
- Ver də...
   - Bugünkü Xalq artistinin bu ümummilli səsinin ibtida notları uşaqlıq çağlarının məhəlli labirintlərində, qaravəlli dərə-təpələrində neyləyir indi, görəsən?..
   
- (Bir xeyli fikrə gedir) ...Hamı deyirdi, a bala, çıx get dəryaya, bu dərələr sənin səsivi udacaq.
   - Deməli, o cavan ciknələr getdi, hə?
   - Yox (gülümsünür), maqnitafonsuz yerlərdə dağnitafon olur. Yerlərin sədalarını göylər saxlayır yaddaşında. Deyirlər, gələcək elm bunları qaytaracaq özümüzə.
   - Ay Alim qağa, ev-eşiyin bir küncünə çəkilib öz-özünə ağlayan uşaqlar görmüsən?
   - Göydən-zaddan enməmişəm ki? Elə onlardan biri də mən özüm. Oxəntərə zıqqıldadığım olub!
   - Bax o sayaq bir küncə çəkilib özünçün oxuduğun da olubmu?
   - Bununçün day qıraq-bucağa nöş çəkilirəm? Mən elə camahatın içində özümə də konsert verirəm də! Amma yox, hərdən özümüimtahançün təklikdə gərənayladığım da olur.
   - Özündən, səs-səmirindən bezdiyin vaxt olub?
   - (Gülümsünür) Bir dənə vəfalı dinləyicim var, deyirsən, onunla da aram dəysin?..
   - Yəqin, səninçün əlçatmaz adamlar var. Bəs xəbərin də varmı ki, özün də o mərtəbədəkilərdən birisən...
   - Yazın ki, mənim qapım da, ürəyim də onların üzünə həmişə açıqdır. Amma məni tərif, sevgi ilə vaxtımızı yelə verməmək şərtilə. Allahdan, peyğəmbərdən, sənətdən, sanbaldan danışaq...
   - Bugünkü toylar... Xalqa toy tutan toylar!
   
- Bəli, bütün digər olaylar indiki toyların yanında toya getməlidi.
   - Amma sən aləm bir toy elədin!..
   
- Vallah, o toy bir az da pulu havaya sovurmamaq üçün idi. Getdik, şadlıq saraylarına, naşad olub qayıtdıq. 4-5 saat üçün bir ətək pul istədilər. O pula biz üç gün-üç gecə toy elədik; yedik, içdik, dinlədik, dincəldik, sayğı duyduq, məhəbbət gördük...
   - “Kaş Alim Qasımovun da bir möhür-mahnısı olaydı” arzumuza münasibətin...
 
  - Bu, qismətə bağlıdı. Məsələn, Qədir «Sona bülbüllər»ə, Zaur «Dilbərim»ə, Niyaməddin «Şahnaz» təsnifinə möhür vurdu. Amma mən, heç özüm də bilmirəm, hansı mahnı ilə tanınıram və ya tanınmıram. Bu da var ki, biz də bir yerdə durmamışıq, həyat gedirik. Hərdən mənə deyirlər, səninçün hansı dəstgah, ya mahnı yaxındı, deyirəm hamısı.
   - Ustad, şəxsən mən istəmərəm ki, sən yorğun, xəstəhal vəziyyətlərdə oxuyasan, yaxud ekranlara çıxasan, amma müsahibələrdə hərdən səni zorən ifaya təhrik edənlər də olur...
   - Sözsüz, düz deyil. Oxumaq üçün adamı oxudan məqam, ovqat, şərait gərəkdi. O aləmə, o mətbəxə girmək lazımdı. Yəni, tamaşaçı o oxumaqda ləzzətdən başqa heç nə tapmamalıdı.
   - İstərdim təvazökarlığa uymadan deyəsən: Azərbaycanın neçə faizini öz dinləyicin hesab edirsən?
   - Rəqəm deyəmmərəm, amma ruhca uca, qəlbcə xoca olanların hamısını.
   - Elə bir ehtiyat ifan varmı ki, bir gün həkdən düşəndə (Allah eləsin çox gec olsun) onu sürpriz eləyəsən - öz sevər-ölərlərinə?
   - Deyəsən var, axı... Çox professional olmasa da, «sandığımda» bir-ikisi var.
   - Televiziyaların proqramlararası tənəffüs dəqiqələrində - «musiqili hovuzlar» dəmlərində klassiklərlə bərabər, sənin ifaların da verilir və mən bununla bir azərbaycanlı kimi qürur duyuram. Bəs sən bir ifaçı kimi?..
   - Alim Qasımov müvəqqətidi, nəsillər isə əbədi. Mən özümlə yox, böyük sənətimizlə fəxr edirəm.
   - “Alim Qasımov və xalq sevgisi”, “dövlət qədir-qiyməti”... Bunların hansı qabarıqdı, birincidi?
   - Mən heç bir rəngsiz-filansız deyirəm ki, bunların ikisini də birinci, eyni hesab edirəm. Xalqın sevgisindən ruh alıram, dövlət də - sağ olsun, şanı-şöhrəti həmişə uca olsun, bunu qiymətləndirib, mənə mənəvi-maddi qiymət verir...
   
   Söhbətləşdi: Tahir Abbaslı