İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyorlarından olan Əjdər Zeynalov son vaxtlar kinorejissorların da diqqətini cəlb etməyə başlayıb. Elxan Cəfərovun quruluş verdiyi “Dolu” bədii filmində erməni zabiti Levon obrazının öhdəsindən bacarıqla gələn istedadlı aktyor bu günlərdə daha bir filmə dəvət alıb. Onunla söhbətə isə teatrdakı yaradıcılıq işlərindən başladıq.
   
   - İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində müxtəlif rollar yaratmısınız. Rol dəftərlərini saxlayırsınızmı?
   - Təəssüf ki, bu məsələdə o qədər də səliqəli deyiləm. Düzdür, son illərdə oynadığım rolların dəftərləri qalıb, amma teatra təzə gələndə yazdığım dəftərləri saxlamamışam.
   - Ən qalın rol dəftəriniz hansıdır?
   - Abbasqulu bəy Şadlınski obrazı mənə həvalə olunanda həmin rolun sözlərini yazmaq üçün 24 səhifəlik dəftəri doldurmuşdum. Bu yaxınlarda daha bir qalın dəftəri doldurmalı oldum. Yazıçı-dramaturq Hidayətin “Burdan min atlı keçdi” pyesinə teatrımızın baş rejissoru Oruc Qurbanov quruluş verib. Həmin tamaşada Katib rolunu oynayıram. Əsas obrazlardan biridir, demək olar ki, bütün tamaşa boyu səhnədə oluram.
   - Belə ciddi obrazlar yaradan Əjdəri tamaşaçılar arada komik rollarda da görürlər. Jan Batist Molyerin “Zorən təbib” komediyası əsasında teatrınızda tamaşaya qoyulan “Məcburən doktor”da Luka rolu ifanızda baxımlı alınmışdı...
   - Şəxsən mən normal baxıram. Aktyor səhnədə və ya kinoda həm dramatik, həm də komik rolları oynamağı bacarmalıdır. Bu, aktyorun hərtərəfli inkişafına yardım edən amillərdən biridir. Ona görə də bu məsələdə heç bir kompleksim yoxdur, rejissorların verdiyi istənilən rolu oynamağa hazıram. Təki çalışmaq üçün yaradıcılıq mühiti olsun. Ən epizodik rola da ciddi yanaşıram. Elə olub ki, tədbirlərdə Dədə Qorqud da oynamışam, Şaxta Baba da. Amma mənə tapşırılan işə heç vaxt başdansovdu yanaşmamışam.
   - Didərginlik taleyi yaşayan teatr ötən illərdə çox çətinliklərlə üzləşib. Yaradıcı adam üçün belə şəraitdə çalışmaq heç də asan deyil. Belə vəziyyətdə insan daha rahat iş şəraitinə malik kollektivlərdən gələn təklifləri dəyərləndirməli olur...
   - Mən də zaman-zaman belə təkliflər almışam. Amma heç vaxt İrəvan Dövlət Azərbaycan Dram Teatrını tərk etmək barədə düşünməmişəm. Çünki elə mənəvi bağlılıqlar var ki, onlardan imtina etmək mümkün deyil. Mən bu kollektivin yetirməsiyəm. Gözəl ziyalımız Hidayət müəllim hələ teatrın direktoru vəzifəsində çalışanda, mən də daxil olmaqla, 6 gənci ali təhsil almaq üçün İrəvandan Bakıya göndərdi. Nəsir Sadıqzadə, Böyükağa Kazımov kimi görkəmli pedaqoqlardan dərs aldım. O zamankı İncəsənət İnstitutunu bitirib doğma kollektivə qayıtmaq üçün İrəvana getmək istəyirdim. Lakin 1988-ci ildə baş verən məlum hadisələr bu arzumu ürəyimdə qoydu. Teatr Bakıya köçməyə məcbur olandan sonra direktor Vidadi Əliyev məni işə dəvət etdi. Çox ağır günlər keçirdik, amma kollektivin fədakarlığı sayəsində teatr fəaliyyətini davam etdirdi. Bayaq qeyd etdiyim mənəvi bağlılıqlar üzündən truppadan ayrılmaq, daha rahat şəraiti olan teatrlara getmək istəmədim.
   Amma bir ara şəxsi problemlərimlə bağlı Rusiyaya köçməyə məcbur oldum. 2007-ci ildə Vətənə qayıtdım və doğma kollektivdə işimi davam etdirdim. O zaman İftixar Piriyev teatra direktor təyin olunmuşdu. Sağ olsun, məni mehriban qarşıladı, yaradıcılıq prosesinə qoşulmağım üçün hər cür şərait yaratdı. Bu gün teatrın repertuarındakı əsərlərin, demək olar ki, hamısında məşğulam. Maraqlı tamaşalar hazırlayır, uğurlu qastrol səfərlərinə gedirik.
   - “Dolu” filmindəki Levon obrazı sizin kinoda ən uğurlu işlərinizdən sayıla bilər. Filmin premyerasından sonra sənət adamlarının təbrikləri, ünvanınıza səslənən xoş sözləri bu fikri təsdiq edir...
   - Aktyor sənəti elədir ki, hamı müsbət qəhrəmanları oynamaq, teatrda, kinoda belə obrazlarla tanınmaq istəyir. Çünki mənfi qəhrəmanı yaratmağın öz çətinlikləri var. “Dolu”nun quruluşçu rejissoru Elxan Cəfərovun təklifini qəbul edəndə bütün bunları nəzərə almışdım. Elə ilk söhbətdəcə onun obrazla bağlı fikirləri ürəyimdən oldu. Anladım ki, rejissor qəddar ermənini karikatura kimi deyil, canlı obraz kimi göstərmək istəyir. Levon qəddar, azərbaycanlılara qarşı amansız olan bir ermənidir. O, müharibədə heç kimə, hətta öz əsgərinə də rəhm etmir. Mən də rejissorun bu yanaşmasından çıxış etməyə çalışdım. Səmimi deyirəm ki, “Dolu” son illər Azərbaycan kinosunun ən uğurlu işlərindən biridir. Oynadığım rola başqa bir həmkarım da çəkilsəydi və oyunu uğurlu olsaydı, gedib onu təbrik edərdim. 

   Etibar Cəbrayıloğlu