Nizami Gəncəvi - 870
   
   
   Sentyabrın 29-da Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr olunmuş tədbirlərə start veriləcək. Tədbirlər planına əsasən, sentyabrın 30-da Gəncədə dünyanın 20-dən çox ölkəsindən qonaqların, nizamişünasların iştirakı ilə beynəlxalq konfrans keçiriləcək. Oktyabrın 1-də Bakıda, Heydər Əliyev Sarayında Nizaminin yubileyi təntənəli şəkildə qeyd olunacaq.
   
   Müsahibimiz Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənlidir.
   
   - Vaqif müəllim, hazırda beynəlxalq bir tədbir - dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi ərəfəsindəyik. 2012-ci il ümumilikdə ölkəmizin tarixində bir çox mədəniyyət hadisəsi ilə yadda qalacaq. Eyni zamanda il ərzində dövlət səviyyəsində bir çox ədiblərimizin yubileyləri qeyd olunub və bu tədbirlər davam etməkdədir. İstərdim, əvvəlcə keçirilən tədbirlərin ümumi mənzərəsinə qısa bir nəzər salaq.
   - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-2012-ci illərdə Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndələrinin yubileylərinin keçirilməsi haqqında imzaladığı sərəncamlar dövlətimizin milli irsə verdiyi dəyərin parlaq ifadəsi olmaqla yanaşı, həm də xalqımızın möhtəşəm ədəbi sərvətlərinin nə qədər zəngin olduğunu bir daha bütün dünyaya nümayiş etdirmək məqsədi daşıyır. Ölkə başçısının sərəncamlarının icrası məqsədilə bu il Mirzə Ələkbər Sabirin 150, Əhməd Cavadın 120, Məmməd Səid Ordubadinin 140, Xurşidbanu Natəvanın 180, Nizami Gəncəvinin 870, Hüseyn Cavidin 140, Mirzə Fətəli Axundzadənin 200, Həsən bəy Zərdabinin 170, Xəlil Rza Ulutürkün 80, Mirvarid Dilbazinin 100 illik yubileyləri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil, Xarici İşlər nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Yazıçılar Birliyinin birgə təkliflərinə əsasən ümumi tədbirlər planı təsdiq edilmişdir. Yubiley tədbirləri beynəlxalq xarakter daşıdığından ölkənin ən nüfuzlu teatr, konsert salonlarında, vahid qrafik əsasında Bakıda, bölgələrdə, həmçinin xarici ölkələrdə təşkil olunmuşdur.
   Yubileylərlə bağlı sərgilər, elmi konfrans və simpoziumlar, müsabiqələr keçirilmiş, ədəbi-bədii kompozisiyalar, teatr tamaşaları, ədəbi görüşlər təşkil olunmuş, kütləvi informasiya vasitələrində bu sənətkarlar haqqında çoxsaylı məqalələr dərc edilmiş, radio və televiziya verilişləri hazırlanmışdır. Məsələn, xarakterik bir faktı xatırladım: yubiley çərçivəsində yalnız Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mirzə Ələkbər Sabirin yaradıcılığına aid 6 kitab (“Hophopnamə”nin yeni tərtibatı da daxil olmaqla) nəşr olunub, Nizami Gəncəvinin, Məmməd Səid Ordubadinin, Xurşidbanu Natəvanın, Əhməd Cavadın, Hüseyn Cavidin, Mirzə Fətəli Axundzadənin yaradıcılığını əhatə edən kitablar işıq üzü görüb.
   - Şərqi Qərbə və bütövlükdə bütün dünyaya tanıdan Nizami ümumbəşəri şairdir və dünya ədəbiyyatında onun yeri əvəzsizdir. Bu mənada Nizami Gəncəvinin yubileyinin möhtəşəm keçiriləcəyini bəri başdan demək olar... 
   - Şübhəsiz ki, Azərbaycanın dahi şairi bizim eranın ən parlaq istedad sahiblərindən biridir. Nizami Gəncəvi qüdrətli qələmi ilə XII əsrdən başlanan Azərbaycan intibahının qızıl səhifələrini yazmışdır. Dünya ədəbiyyatına “Xəmsə” adlı söz xəzinəsi bəxş etmiş, eyni zamanda 800 il ərzində Azərbaycan insanının özünüdərkində və dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Nizaminin yubileyinin qeyd olunması məsələsi müxtəlif vaxtlarda gündəmə gəlmişdir. Ulu öndər Heydər Əliyev haqlı olaraq demişdir ki, Nizami Gəncəvi elə dahi şairdir ki, onun yubileyi hər il qeyd olunmalıdır.
   Tarixi şərait bəzən bu sənət bayramlarının xalq tərəfindən yad edilməsinə mane olmuşdur. İlk dəfə Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində keçirilməsi təşəbbüsü dahi şairin 800 illik yubileyinə təsadüf edir. Bu barədə qərar 1939-cu ildə qəbul edilsə də, İkinci Dünya müharibəsi buna imkan verməmişdir.
   1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayır. Həmin mərhələ xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açıb. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaradıb.
   Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci ildə şairin 840 illiyi geniş qeyd olunmuş, Bakıda, Moskvada, keçmiş SSRİ-yə daxil olan digər respublikalarda Nizami Gəncəvi təntənəsi nümayiş etdirilmişdir. Ümummilli liderin hakimiyyətdə olduğu illərdə böyük mütəfəkkirin adını əbədiləşdirən heykəllər ucaldılmış, onun adına yüzlərlə məktəb, şəhər, qəsəbə, kənd, prospekt, küçə, mədəniyyət sarayı, kinoteatr verilmiş, haqqında bədii və sənədli filmlər, musiqi əsərləri, romanlar yaradılmışdır. 1991-ci ildə Nizami Gəncəvinin 850 illiyi ilə əlaqədar yubiley tədbirləri keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna imkan vermədi.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 23-dekabr 2011-ci il tarixli sərəncamı böyük söz ustadının öz aktuallığını bu gün də qoruyub saxlayan irsinə verilən ən yüksək qiymətdir. Bu vacib sənədin icrası məqsədilə, deyildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aidiyyəti qurumların təklifləri toplanaraq tədbirlər planı hazırlanmış və 16 mart 2012-ci il tarixli əmrlə təsdiq olunaraq icraya götürülmüşdür.
   - Nizami Gəncəvi yaradıcılığı, şəxsiyyəti hər zaman ədəbiyyatşünasların diqqətini çəkib, onun haqqında çoxsaylı tədqiqat əsərləri yazılıb. Şairin əsərləri dünyanın ən zəngin kitabxanalarını bəzəyir və bu gün Nizami irsini dünyaya tanıtmaq üçün daha böyük imkanlarımız var. Yubileylə bağlı hansı nəşrlər işıq üzü görüb. Eyni zamanda Nizami yaradıcılığı ayrı-ayrı sahələrdə necə əks olunub?
   - Əvvələn qeyd edim ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Xəmsə” nəfis tərtibatla işıq üzü görmüşdür. Bu, Nizaminin yubileyinə, həqiqətən də, böyük hədiyyədir. Azərbaycan, rus və digər xarici ölkə alimlərinin (nizamişünaslar Həmid Araslı, Nüşabə Araslı, Azadə Rüstəmova, Rüstəm Əliyev, Cabbar Məmmədov, Yevgeni Bertels, Nikolay Marr, İqnati Kraçkovski, Aqafangel Krımski, Vahid Dəstgirdi, Səid Nəfisi və başqaları) Nizami Gəncəviyə həsr olunmuş əsərlərinin Azərbaycan dilinə və xarici dillərə tərcümə edilərək nəşr olunması və onların elektron variantlarının internetdə yerləşdirilməsi sahəsində uzunmüddətli proqramın tərtib olunması ilə bağlı təkliflər hazırlanmışdır. Nizami Gəncəvi haqqında sənədli film üzərində işlər yekunlaşmışdır, ekran əsəri təntənəli yubiley mərasimi çərçivəsində tamaşaçılara təqdim olunacaqdır. Filmin ingilis və rus dillərinə tərcüməsi də nəzərdə tutulmuşdur. Nizaminin sözlərinə yazılmış mahnılardan ibarət disk hazırlanıb və sentyabrın 19-da Milli Kitabxanada təqdimat mərasimi keçirilib. İl ərzində mütəmadi olaraq ölkənin mətbuat orqanlarında (“Azərbaycan”, “Ədəbiyyat qəzeti”, “Mədəniyyət”, “525-ci qəzet” və s.) Nizami Gəncəvi irsi ilə bağlı məqalələr dərc edilmişdir.
   - Nizaminin 870 illik yubileyi yəqin ki, bir çox ölkələrdə də qeyd olunacaq?
   - Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində Nizami Gəncəvinin yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi ilə bağlı mütəmadi olaraq məlumatlar daxil olur və diplomatik korpusun səyləri nəticəsində, demək olar ki, dünyanın hər yerində böyük şairin unudulmaz xatirəsi yad edilir.
   Bu yerdə bir məqamı da xüsusi qeyd edim ki, 2012-ci ilin aprelində Heydər Əliyev Fondunun təşəbbüsü ilə İtaliyanın paytaxtı Romanın “Villa Borqhese” parkında Nizaminin heykəlinin ucaldılması dahi şairə olan ümumbəşəri ehtiramın bariz nümunəsidir.
   Hindistanın Azərbaycandakı səfirliyinin təklifini nəzərə almaqla Dehli şəhərində Nizami Gəncəviyə həsr edilmiş elmi konfrans, dekorativ, rəsm, xalça, numizmatika və tematik kitab sərgisi ilə bağlı təşkilati işlər görülür. Bu tədbirlərin 2012-ci ilin noyabr ayında keçirilməsi nəzərdə tutulur.
   Moskvada Nizami Gəncəvinin heykəli önündə və azərbaycanlıların ictimai təşkilatı olan “Şəhriyar” ədəbi məclisi ilə birlikdə “Bakı” kinoteatrında “Nizami poeziya günləri” keçirilib. Hər iki tədbirdə şairin əsərlərindən parçalar, onun sözlərinə yazılmış mahnılar və muğamlar səsləndirilib. Rusiyanın Sankt-Peterburq şəhərində “Nizami obrazları təsviri sənətdə” adlı sərginin və Rusiya Dövlət Ermitajında Azərbaycanla bağlı eksponatlardan ibarət sərginin təşkili ilə bağlı tərəflər arasında danışıqlar aparılır.
   Avstriyanın Milli Kitabxanasında saxlanılan “Xəmsə” əlyazmasının UNESCO-nun “Dünya Yaddaşı” proqramı üzrə müvafiq siyahıya daxil edilməsi və Azərbaycan, alman və ingilis dillərində nəşri, Avstriya Milli Kitabxanasında Nizami Gəncəviyə həsr olunan sərginin təşkili istiqamətdə işlər davam etdirilir. “Nizami yaradıcılıq məktəbinin” formalaşmasının 850 illik yubileyi UNESCO-nun yubileylər proqramına təqdim edilib.
   Respublika kitabxanalarında mütəmadi olaraq Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş dəyirmi masa və kitab sərgiləri təşkil edilir. Onun haqqında elektron ensiklopediyalarda olan bütün məqalələrin yoxlanılması, məlumatların dəqiqləşdirilməsi və şairin 870 illik yubileyinin bu məqalələrdə qeyd edilməsi ilə bağlı işlər aparılmışdır və bütün zəruri materiallar bir sıra xarici dillərdə internetdə yerləşdiriləcəkdir.
   - Böyük şairin Gəncədə və Bakıda keçiriləcək təntənəli yubileyinə hazırlıq nə yerdədir?
   - Gəncədə Nizami Gəncəvi irsinin əbədiləşdirilməsi ilə əlaqədar xeyli işlər görülüb. Şairin məqbərəsi əsaslı şəkildə təmir edilib, Nizami Gəncəvi Muzeyinin tikintisinə başlanılıb. Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyi tərəfindən çoxsaylı tədbirlər təşkil olunub. Milli Kitabxana tərəfindən “Nizami Gəncəvi” saytının Azərbaycan, ingilis, fransız və rus dillərində hazırlanması üzərində işlər başa çatdırılmaq üzrədir.
   Mədəniyyət və Turizm Nazirliyinin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirinin keçirilməsi haqqında” 12.09.2012 tarixli əmrinə əsasən Gəncədə və Bakıda reallaşacaq tədbirlərə hazırlıq işləri yekunlaşmaq üzrədir. Yubiley proqramına uyğun olaraq, sentyabrın 29-da Gəncədə silsilə tədbirlər keçiriləcək. İlk öncə Azərbaycan mədəniyyətinin yüksəlişi, mədəni-mənəvi irsin qorunması, sonrakı nəsillərə töhfə verilməsi sahəsində misilsiz xidmətlər göstərən ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət ediləcək, dahi söz ustadının məqbərəsi önündə yubiley mərasiminin açılışından sonra şairin yaradıcılığının motivləri əsasında ədəbi-bədii kompozisiya, musiqi və poeziya nümunələri təqdim olunacaq. Sentyabrın 30-da Gəncə şəhərində dünyanın 20-dən çox ölkəsindən qonaqların, nizamişünasların iştirakı ilə beynəlxalq elmi konfrans keçiriləcək. Oktyabrın 1-də isə Bakıda, Heydər Əliyev Sarayında təntənəli yubiley tədbiri olacaq. Tədbirdə Nizami əsərlərinin əsasında bədii nümunələr təqdim ediləcək.
   
   Təranə Vahid