Və ya bir manejdə min oyun
Bakının memarlığına xüsusi yaraşıq verən bu bina - Bakı Dövlət Sirki hər zaman tamaşaçıların sevimli məkanı, əyləncə ünvanı olub. Hətta 90-cı illərdə, teatr-tamaşa müəssisələrində tamaşaçı qıtlığının olduğu vaxtlarda da bu məkan seyrçi sarıdan korluq çəkməyib. Bu maraq və sevgi bu gün də var. Tamaşaçılar sirkdə hər mövsümün açılışını səbirsizliklə gözləyir və diametri 13 metr olan o manejdə baş verənləri həyəcanla izləyirlər.
2003-cü ildən Bakı Dövlət Sirkinə rəhbərlik edən Vaqif Bağırzadə qəzetimizə müsahibəsində müəssisənin tarixi, keçdiyi inkişaf yolu və tamaşaçıları maraqlandıran əsas məqam - yeni mövsümün proqramları barədə danışdı.
- Azərbaycanda sirkin tarixindən söz açdıqda iki məqamı qeyd etmək gərəkdir. Bunlar peşəkar sirkin yaranması və sirk elementlərinin təşəkkülü ilə bağlıdır. Ölkəmizdə ta qədimdən müxtəlif xalq oyunlarında, el şənliklərində, mərasimlərdə sirk elementləri olub. Məsələn, "Çövkən", "Zorxana" kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika və digər janrlarının elementləri olub. Azərbaycanda ilk peşəkar sirk XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdir. Taxtadan hazırlanmış həmin binada heyvanlarla bağlı müxtəlif sirk nömrələri nümayiş olunurdu. 1905-ci ildə şəhərdə nisbətən böyük sirk binası istifadəyə verilmişdir.
Azərbaycanda ilk sirk truppasının yaradılması barədə qərar 1928-ci ildə qəbul olunmuş, 1945-ci ildə isə milli sirk truppası yaradılmışdır. Proqrama sirk nömrələri ilə yanaşı, estrada və balet artistlərinin çıxışları da daxil edilmişdi. Kollektiv bütünlüklə azərbaycanlı artistlərdən ibarət idi. Ənvər Quliyev, "Ulduz bacıları", kəndirbaz Əlixan və digər sirk ustalarının yer aldığı truppa fəaliyyəti dövründə "Zirvədən işıq" adlı proqramla keçmiş SSRİ respublikalarında, eləcə də Afrika, Asiya, Amerika və Avropada qastrollarda olmuşdur. 1967-ci ildə Bakı Dövlət Sirkinin möhtəşəm binasının istifadəyə verilməsi ilə sirk sənəti tariximizdə yeni mərhələ başlandı. Artıq 45 ildir ki, yüksək texniki göstəricilərə malik bu bina Azərbaycan tamaşaçılarının, sirk həvəskarlarının ixtiyarındadır.
Yeri gəlmişkən, Bakı Dövlət Sirki SSRİ dağılana qədər Ümumittifaq Sirk Birliyinə tabe olub. Ona görə də binanın təmirindən qastrol və yeni proqramların təşkilinədək bütün məsələlər həmin qurumun səlahiyyətində idi. O vaxtlar mərkəzi təşkilatın bizim sirkə, yumşaq desək, ögey yanaşması üzündən burada təmir işi aparılmamışdı. Amma indi dövlətimizin artan iqtisadi imkanları, teatr-tamaşa müəssisələrinin yüksək səviyyədə təmir-bərpası, ən yeni texniki avadanlıqlarla təchizatı sirk binasının da bu sırada olacağına əminlik yaradır.
- Hər mövsümdə rəngarəng proqramlar təqdim edən Bakı Dövlət Sirki bu dəfə tamaşaçıları nə ilə sevindirəcək?
- Oktyabrın 25-də Bakı Dövlət Sirkində yeni mövsümün açılışı olacaq. Mövsümə «Payız əyləncəsi» adlı proqramla start verəcəyik. Bu dəfə də xarici ölkələrdən seçilən, məşhur sirk artistlərinin ifasında maraqlı, rəngarəng proqram tərtib etmişik. 40-a yaxın artist heyətinin yer aldığı proqram, düşünürəm ki, tamaşaçıların böyük marağına səbəb olacaq. Rusiya sirklərinin, əsasən də Böyük Moskva Sirkinin nömrələrindən yığılan proqrama attraksionlar - kəndirbaz ayıların çıxışı, Rusiyanın Əməkdar artisti Ayrat Vildanovun yeni təqdimatda «Hind nağılı» adlı meymunlarla nömrəsi və s. daxildir. Hava nömrələri, jonqlyorların, klounların əyləncəli çıxışları proqrama rəng qatacaq. Bu proqram təxminən 1 aya yaxın Bakıda olacaq. Bəzi günlər 1-2, məktəblilərin payız tətili günlərində isə hər gün 3 tamaşa nümayiş olunacaq. Ümumiyyətlə, Bakı Dövlət Sirki mövsümi fəaliyyət göstərdiyindən burada hər mövsümdə 3 proqram təqdim olunur. Bunlar oktyabr-noyabr, dekabr-yanvar aylarına təsadüf edən proqramlar və mart-aprel aylarını əhatə edən yaz proqramıdır.
Proqramların hər birini tam fərqli tərtib edirik. Hər üç proqramda xarici, əsasən də Rusiyadan dəvət olunan sirk kollektivləri yer alır.
- Proqramlarınızda Rusiya sirk artistlərinə geniş yer verilməsi nə ilə bağlıdır?
- Biz bir çox ölkələrdən sirk proqramlarını dəvət edirik. «İntersirk» adı altında iki proqramımız olub. Proqramda Rusiya, Polşa, Belarus, Almaniya, İtaliya, Keniya - ümumilikdə 11 ölkədən sirk ustaları vardı. Bundan başqa, Çindən məşhur Şanxay sirkinin təxminən 40 nəfərlik artist heyətinin böyük proqramla çıxışını təmin etmişik. Bilirsiniz ki, çinlilərin sirk fəlsəfəsi fərqli, yanaşmaları daha mürəkkəbdir. Çinin qədim və zəngin sirk məktəbi var. Amma onların tamaşasına əlavələr etməli olduq. Səbəb isə təbii ki, tamaşaçıların adət etmədiyi forma idi. Belə ki, Çin sirkində heyvanlarla nömrələr demək olar ki, yoxdur. Onların sirk fəlsəfəsinə görə, hər bir element insan üzərində qurulur. Hətta heyvanlarla bağlı nömrələri, onların sirklərinə xas qədim «Qızıl şir» əfsanəsində də şirlə nömrəni o qiyafəyə bürünmüş insanlar icra edirlər. Odur ki, biz həmin proqrama Rusiyadan dəvət olunmuş klounları və heyvanlarla bağlı sirk nömrələrini əlavə etməli olduq.
- Yəqin Rusiya sirkinə maraq həm də oxşar məktəb, sirk ənənələri ilə bağlıdır?
- Təbii. Bundan başqa, unutmaq olmaz ki, Rusiya dünyada ən böyük sirk ölkəsidir, bu ölkədə 80-dən artıq sirk kollektivi, 47 sirk binası var. Başqa bir məqam isə sirklərin vahid mərkəzdən idarə olunmasıdır, bütün kollektivlər Rusiya Dövlət Sirk Kompaniyasında cəmləşib. Bunun nəticəsidir ki, orada sirkin bütün janrlarında nömrələr var və onlar mütəmadi yenilənir. Deməli, seçim etmək imkanı da genişdir. Bizim də Rusiya sirklərinə müraciətimizin kökündə bu nüans durur.
- Bəs proqram tərtib olunarkən hansı məqam üstünlük təşkil edir və seçim necə aparılır?
- Bizim tamaşaçılar arasında hər nəslin nümayəndələri var. Ona görə də biz seçim edərkən onların hər birinin istək və arzularını nəzərə alırıq. Bu məqsədlə sirkin müxtəlif janrlarından ibarət proqram tərtib etməyə çalışırıq ki, tamaşaçılarımız burada keçirdikləri 2-3 saat ərzində darıxmasınlar. Özü də bu zaman nömrələrin də ardıcıllığını diqqət mərkəzində saxlayırıq. Onu da qeyd edim ki, bizim tamaşaçılar çox diqqətli, zövqlü və tələbkardırlar. Onlar hər nömrədə rəngarənglik görmək istəyirlər. Ona görə də eyni janrdan olan nömrələri də elə seçirik ki, onlar tamamilə fərqli üslubda olurlar. Məsələn, heç də hər dəfə şir və meymunların nömrələrini gətirə bilmərik. Ümumilikdə proqramın bədii keyfiyyəti nə qədər yüksək olsa, tamaşaçı da bir o qədər razı gedər. Hansı ölkədən gəlməsindən asılı olmayaraq, əsas məqsədimiz tamaşaçı üçün maraqlı, eyni zamanda yeni olan sirk nömrələrini təqdim etməkdir.
- Müxtəlif ölkələrdə çalışan azərbaycanlı sirk ustaları ilə əlaqələriniz varmı? Onların iştirakı ilə milli proqram tərtib etmək kimi bir təşəbbüs olubmu?
- Dünyada məşhur sirk artistləri arasında adını fəxrlə çəkdiyimiz həmvətənlərimiz var. Onlardan Azərbaycanın Xalq artisti Tofiq Axundov, Rusiyanın əməkdar artistləri təlimçilər Murad Abdullayev, Allahverdi İsrafilov, Rafiq Əliyev, Rauf Rəsulov, Elçin Şirinov, Aslan Abdullayev, Bəxtiyar İbrahimov, Oruc Zalov, Araz Həmzəyev və başqalarını qeyd etmək olar. Hamısı ilə yaxşı əlaqələrimiz var. Son illər əməkdaşlıq daha da intensivləşib. Sirkə rəhbərliyə başladığım ilk vaxtdan bu məsələ diqqət mərkəzimdə olub. 2003-cü ildə mövsümün ilk proqramında müxtəlif ölkələrdə çalışan Azərbaycan sirk ustalarının təqdimatında bir neçə nömrə nümayiş olundu. Bundan sonra azərbaycanlı sirk ustalarının iştirakı ilə «Biz Bakıdanıq» adlı maraqlı bir proqram hazırladıq. 2007-ci ildə sirk binasının istifadəyə verilməsinin 40 illiyinə təsadüf edən proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
- Adlarını çəkdiyiniz həmyerlilərimizin iştirakı ilə daimi bir proqram hazırlayıb Bakı Dövlət Sirkinin truppası kimi təqdim etmək mümkündürmü?
- Qeyd etdiyim kimi, həmin artistlərlə daimi əlaqələrimiz var. Amma sizin dediyiniz məsələ, yəni onları daimi bir yerdə saxlamaq mümkün deyil. Çünki sirk artisti ömrü boyu 1, maksimum 2 nömrə hazırlaya bilir və bununla daim bir yerdə necə işləyə bilər? Bu nə artistin özü, nə də onun tamaşaçısı üçün maraqlı olar. Ümumilikdə sirk artistinə, onun fəaliyyətinə xas cəhət daim səfərlərdə olmasıdır.
- Bayaq haqqında danışdığımız Rusiyada sirk ustaları hazırlayan məktəb var. Sizcə, bizdə də belə bir məktəb, yaxud ali məktəblərdən birində fakültə yaradıla bilərmi?
- Məktəbin olması yaxşıdır. Amma unutmaq olmaz ki, sirk artistləri elə sirkdə yetişir. Çünki sirk ağır, zəhmətli və sevgi, səbir istəyən sənətdir. Onu da məktəbdə yox, sirkdə, manejdə hiss edirsən. Azərbaycanda sirk məktəbinə gəlincə, bu barədə də müəyyən arzularımız var. İnşallah sirk binası təmir olunduqdan sonra peşəkar artistlərimizin iştirakı ilə studiyalar yaratmağı düşünürük. Digər tərəfdən, məktəb olmasa belə, proses onsuz da gedir və yeni sirk artistləri nəsli yetişir.
Söhbətləşdi:
Həmidə Nizamiqızı