O, Azərbaycanın təbii konservatoriyası sayılan Şuşada dünyaya gəlib. Musiqinin sehrinə nə vaxt düşdüyünü xatırlamasa da, atası tar çalanda evləri sanki işıqlanar, bu işıqda hamıdan çox o xoşbəxt olardı. Tarı ilk dəfə sinəsinə sıxdığı günü də xatırlamır. Bircə onu xatırlayır ki, tar özündən böyük olsa da, dostluqları alındı. Tar ona sevə-sevə xalq mahnılarını, muğamları öyrətdi.
   
   Müsahibimiz tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, 20-yə yaxın simfonik əsərin müəllifi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının musiqi redaktoru Rauf Əliyevdir.
   
   - Rauf müəllim, musiqi ictimaiyyəti sizi kifayət qədər tanısa da, istərdim, oxucularımıza özünüz barədə bir qədər ətraflı məlumat verəsiniz.
   - 1947-ci il mayın 1-də Şuşada məşhur Mamayi məhəlləsində dünyaya gəlmişəm. Həmin evdə ki, o ev vaxtilə görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı Mir Mövsün Nəvvabın olub. Yadıma gəlir, otaqların divarlarında, tavanda çox gözəl ornamentlər, müxtəlif həndəsi fiqurlar vardı. Bu rəsmləri zamanında Mir Mövsün Nəvvab öz əlləri ilə çəkmişdir. Uşaq vaxtı evin taxtapuşuna çıxardıq, orda ərəb əlifbası ilə yazılmış çoxlu sayda əlyazmalar vardı. Sonralar təəssüflənirdim ki, niyə o zamanlar bu qiymətli mirası qoruyub saxlamayıblar.
   - Şuşada hər kəsin qəlbi musiqi ilə döyünürdü. Yəqin siz də bu sənətə təsadüfən gəlməmisiniz?
   - Doğrudur. Atam tarix müəllimi olsa da, yaxşı tar çalardı. Tarda ifa etməyi də ilk dəfə atamdan öyrəndim. 1953-cü ildə ailəmizlə Bakıya köçdük. 24 nömrəli musiqi məktəbinin tar sinfində oxudum, müəllimim Orxan Orxanbəyli idi. Müəllimimlə bağlı çox yaxşı təəssüratlarım var. O, tar sənəti ilə yanaşı, musiqi barədə bizə hərtərəfli bilgilər verirdi. Musiqi məktəbini bitirəndən sonra A.Zeynallı adına Musiqi Texnikumunun xor dirijorluğu sinfinə daxil oldum. Son kurslarda oxuyarkən Leytenant Şmidt (indiki Səttarxan - red.) zavodunun mədəniyyət sarayında xor kollektivinin bədii rəhbəri işləməklə yanaşı, xor sənəti ilə praktiki olaraq yaxından tanış olmaq imkanı qazandım. Bu bədii özfəaliyyət kollektivi ilə keçmiş SSRİ-nin bir çox şəhərlərində çıxış edirdik, o cümlədən həmkarlar təşkilatının xətti ilə iki dəfə Moskvada, Kremlin sütunlu zalında konsert verdik. Həmin konsertlər o zaman mərkəzi televiziya ilə çəkilib yayımlandı.
   Musiqi Texnikumunda oxuyarkən artıq kiçik musiqi əsərləri yazmışdım. Sonralar peşəkar bəstəkar olmaq üçün Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil oldum. Elə hesab edirəm, mənim bəxtim gətirib ki, professor Xəyyam Mirzəzadənin sinfinə düşdüm.
   - Xəyyam Mirzəzadə Qara Qarayev kimi böyük bəstəkarın tələbəsi olub. Siz də Xəyyam Mirzəzadə kimi görkəmli bəstəkarın. Müəllimizdən nələri öyrəndiniz?
   - Xəyyam müəllimin musiqinin bir çox janrlarında yüksək səviyyəli əsərləri var. Ən əsası odur ki, müəllimin nüfuzu olmalıdır, tələbə müəlliminə inanmalıdır. O, tələbkar olmaqla yanaşı, tələbəyə sərbəstlik, seçim imkanı verən müəllimdir. Tələbənin psixologiyasını bilir, hər kəsə fərdi yanaşır. Tələbəyə musiqinin bütün sirlərini - musiqiyə yanaşmanı, musiqi formalarını, əsərin orkestrləşdirmə prinsiplərini öyrədir. Ümumiyyətlə, musiqinin inkişafında böyük janrlı əsərlər olmalıdır ki, başqa janrları arxasınca apara bilsin. Konservatoriyanın son kursunda diplom işi kimi böyük həcmli əsər olan “Simfonik orkestr üçün konsert” yazmışam. Üstündən 40 ilə yaxın vaxt keçməsinə baxmayaraq, həmin əsərlə indi yazdığım əsərlər arasında peşəkarlıq baxımından elə bir fərq yoxdur. Yəqin ki, bu, mənim müəllimimdən irəli gəlir. Söz yox ki, uzun illər ərzində təcrübə toplamışam. Simfoniya, konsert, xor və simfonik orkestr üçün bir çox əsərlər yazmışam.
   
   “Hər filmin öz musiqisi olur”
   
   - Konservatoriyanı bitirəndən sonra sənətinizi hansı sahədə davam etdirdiniz?
   - 1973-cü ildə konservatoriyanı bitirib Bakı Dəniz Donanmasının ansamblında musiqiçi kimi xidmət etdim və matros kimi hərbi xidmətimi başa vurdum. Bir müddət dövlət radiosunda musiqi redaktoru işlədim. 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru işləyirəm. Bu illər ərzində yüzlərlə filmin musiqi redaktoru olmuşam. Bununla yanaşı, təxminən 40-a yaxın bədii, sənədli, animasiya filmlərinə musiqi yazmışam. Bu sırada “Qaladan tapılan mücrü”, “Qara volqa”, “Kənar adamlar”, “Biz qayıdacağıq”, “Küçələrə su səpmişəm”, “Çölçü”, “Ölüm növbəsi” bədii filmlərini, “Cırtdan və div”, “Yalançı çoban”, “Taya”, “Lovğa fil balası” animasiya filmlərini qeyd edə bilərəm.
   - Filmə musiqi yazmağın hansı çətinlikləri var?
   - Sözsüz ki, hər filmin öz orijinal musiqisi olur. Bu, bəstəkardan böyük təcrübə tələb edir. Məlumdur ki, filmdə musiqi rejissorun ideyasına xidmət edir, lakin eyni zamanda bəstəkarın da yazacağı musiqi barəsində öz fikirləri olur və bunu rejissorla mütləq razılaşdırmalıdır. Çətinliklər isə əsasən onunla bağlıdır ki, musiqi yalnız filmin epizodlarının çəkilişlərindən sonra, montaj dövründə yazılır. Belə ki, filmdə həmişə musiqinin yazılışına az vaxt qalır. Ekran əsəri lentə alınır, montaj müddətində musiqi yazılmalıdır.
   - Musiqiləriniz janrından asılı olmayaraq incə melodiyası ilə insanların qəlbinə yol tapır, ruhunu oxşayır. Bu incəlik nədən qaynaqlanır?
   - Mənim fikrimcə, hər bir musiqi özünün fəlsəfəsi ilə yanaşı, həm də emosional olmalıdır. Musiqi müəyyən bir ideyadan yaranır. Bəstəkar o hisləri, o musiqini öz qəlbindən keçirərək nota köçürür.
   - Yaradıcılığınızda “Azadlığa gedən yollar” adlı vokal simfonik poemanın xüsusi yeri var. Bu əsərin yaranma tarixi barədə nə deyərdiniz?
   - 1990-cı ilin 20 Yanvar hadisəsi hər bir azərbaycanlı kimi mənə də ağır təsir etmişdir. Həmin vaxt rejissor Xamis Muradov 20 Yanvar hadisələri ilə bağlı film çəkməyə hazırlaşırdı. Bəstəkar kimi mənə müraciət etdi. Musiqinin sözlərini yazmaq üçün Fikrət Qocaya müraciət etdik, qısa vaxt ərzində şeiri yazdı:
   
   ... Mən ölərəm, xalqım yaşar,
   Xalqım yaşar, mən yaşaram.
   Azadlığa gedən yollar
   Məndən başlar.
   
   Çox gözəl, təsirli şeir idi. Bu sözlərə yazdığım musiqilər Moskvada, SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında lentə yazıldı. Onu da qeyd edim ki, həmin musiqi filmdən kənar vokal-simfonik poema kimi öz həyatını yaşayır.
   - Musiqi əsərlərinizin həm də özünəməxsus adları var.
   - “Şuşanın dağları başı dumanlı” əsərimin adını Xan Şuşinskinin məşhur mahnısının adından götürmüşəm. Bu əsər 2010-cu ildə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalında ifa olundu. 2011-ci ildə isə Qəbələ festivalında “Şuşanın sıldırımlı dərələrini xatırlayarkən” adlı simfonik əsərim ifa olundu.
   Son illər Kiyevdə keçirilən beynəlxalq musiqi festivallarına dəvət olunuram. Orada, bu iki əsərlə yanaşı, mənim xor əsərim olan “Ballada” və “Simfonik orkestri üçün konsert”im çox gözəl ifa olunub. Bu yaxınlarda Qazaxıstana dəvət olunmuşam, noyabrın 21-də Astanada keçirilən beynəlxalq musiqi festivalında “Şuşanın sıldırımlı dərələrini xatırlayarkən” əsərimlə iştirak edəcəyəm, noyabrın 25-də isə bu əsər Almatı şəhərində Qazaxıstanın Dövlət Kamera Orkestrinin ifasında səslənəcək. Bəstəkar kimi bu festivallarda iştirak etmək mənim üçün çox qiymətlidir.
   - May ayında 65 yaşınız tamam oldu. Filarmoniyada yaradıcılıq gecəniz keçirildi, haqqınızda xoş sözlər deyildi, yaradıcılığınız yüksək qiymətləndirildi. Səhv etmirəmsə, ikinci dəfə idi ki, yaradıcılıq gecəniz keçirilirdi.
   - Birinci yaradıcılıq gecəm 2007-ci ildə Filarmoniyada keçirilmişdi. Azərbaycan Dövlət Simfonik Orkestri ilə yanaşı, Azərbaycan Dövlət Xor Kapellası da iştirak edirdi. Bu il mayın 19-da keçirilən ikinci yaradıcılıq gecəm də iki hissədən ibarət simfonik konsert idi. Budəfəki konsertdə beş yeni simfonik əsərim səsləndirildi.
   - Bayaq qeyd etdiniz ki, bəstəkar bütün janrlara musiqi bəstələməlidir. Mahnı janrına necə, müraciət etmisinizmi?
   - Qara Qarayev deyirdi ki, professional bəstəkar sifariş olunan hər bir janrda əsər yazmalıdır. Mahnı janrı da çox məsuliyyətli janrdır. Çünki bunun öz tələbləri var. Mahnı yazan bəstəkar özünü tam o janra həsr etməlidir. 10-dan artıq mahnı yazmışam, o mahnıları Eldar Axundov, Oqtay Ağayev, Akif İslamzadə ifa ediblər.
   - Dahi Üzeyir bəyin ruhu yaşayan Şuşada anadan olmusunuz. Bu sizin üçün nə deməkdir?
   - Xoşbəxtəm ki, Şuşada anadan olmuşam, oranın havasını udub, suyunu içmişəm. Azərbaycan professional musiqisinin bünövrəsini qoyan Üzeyir bəy musiqidə elə məktəb yaradıb ki, biz o məktəbin davamçılarıyıq. O, bizə hansı yolu göstəribsə, biz o yolla gedirik. Şuşa bəstəkarlıq sülaləsi var. Söhbət Şuşada dünyaya gələn bəstəkarlardan gedir. Baxmayaraq ki, mənim 65 yaşım var, mən hələlik onların sonuncusuyam. Lakin inanıram ki, Şuşa bəstəkarlarının Şuşada doğulub, yetkinləşən peşəkar davamçıları olacaq!
   - Şuşa həsrəti elə böyük həsrətdir ki, onu hansısa bir simfoniyaya sığışdırmaq mümkün olmasa da, bu həsrəti musiqinin dili ilə milyonlarla insana çatdıra bilirsiniz...
   - Mənim bütün əsərlərim, xüsusilə vokal simfonik musiqilərimin hamısı nikbin əsərlərdir. Mən Şuşanın, Qarabağın azad olacağına inanıram. Ümumiyyətlə, xeyrin şərə, işığın qaranlığa, haqqın nahaqqa qalib gələcəyinə inandığım üçün ümidli və nikbin hislərlə yaşayıram.
   
   Təranə Vahid