Müsahibimiz tanınmış latviyalı şair, tərcüməçi, linqvist, türkoloq, Latviya Elmlər Akademiyasının fəxri akademiki Uldis Berzinşdir.
   
   Gəncədə Şeyx Nizaminin yubiley günləri yaddaşlarda həm də günəşli gündüzləri və ulduzlu axşamları ilə qaldı. Axşamların birində açıq havada verilən ziyafətdə Latviyadan olan qonaq, məşhur şair və türkoloq Uldis Berzinş tez-tez səmaya baxırdı. Şərq səması onu heyrətləndirmişdi. Ay bədirlənmiş, səma başdan-başa qırmızı çiçək açmışdı...
   
   O, Avropa ölkəsi olan Latviyada dünyaya gəlsə də, uşaqlıqdan Şərqin cazibəsinə düşüb. Şərq dillərini, mədəniyyətini, ədəbiyyatını dərindən öyrənməyi qarşısına məqsəd qoyub və onu bu yoldan heç nə döndərə bilməyib. Şərq dilləri üzrə mütəxəssis kimi məşhurlaşıb.
   “Kitabi-Dədə Qorqud”u, Sədinin “Gülüstan”ını, Rəsul Rzanın şeirlərini latış oxucularına təqdim edən Uldis Berzinş Qurani-Kərimi də ilk dəfə ərəb dilindən latış dilinə tərcümə edib. Nizami Gəncəvinin 870 illik yubileyində iştirak etmək üçün Riqadan Gəncəyəcən yol gələn qonağımız böyük məmnuniyyətlə qəzetimizə müsahibə verdi.
   
   - Azərbaycana, türk dünyasına bağlı bir insan kimi sizi ölkəmizin elmi, ədəbi ictimaiyyəti kifayət qədər tanıyır. Özünüzü oxucularımıza necə təqdim edərdiniz?
   - 1944-cü ildə Riqada anadan olmuşam. Uşaqlıqdan şeir yazıram. Latviya Universitetində latış filologiyası fakültəsində oxuyarkən qərara gəldim ki, ərəb dilini öyrənim. Hiss edirdim ki, ölkəmizdə bu dili bilən insana ehtiyac var. Üçüncü kursda oxuyarkən hərbi xidmətə getdim. Ordu sıralarında Qafqazdan və Orta Asiyadan olan əsgər yoldaşlarım vardı, çalışırdım, onların dilini öyrənim. Ordudan qayıdandan sonra türk dili ilə bağlı biliklərimi yoxlayıb məni Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ikinci kursuna qəbul etdilər.
   
   Uldis Berzinş sonralar Daşkənd Dövlət Universitetində özbək, Reykyavik Universitetində island dilini, həmçinin Latviya, Rusiya, Slovakiya, Çexiya, Özbəkistan, İsveç, İslandiya, Niderland, İsrail universitetlərində tərcüməçiliyin sirlərini, o cümlədən dini mətnlərin tərcüməsini öyrənir.
   
   - Türk dilini öyrənəndən sonra ilk Şərq ölkəsi olaraq haraya səfər etdiniz?
   - Məni Azərbaycana göndərdilər. Azərbaycan Dövlət Universitetində bir neçə ay təcrübə keçdim.
   - Azərbaycanla əlaqələrinizi davam etdirdinizmi?
   - Sonra şairlər, ədəbiyyat adamları ilə əlaqələrim olurdu. Mənim Azərbaycanda yaxşı dostlarım var: gənclik dostum Anar, Ramiz Rövşən, Əkrəm Əylisli...
   - Böyük türk eposu olan “Kitabi-Dədə Qorqud”u ilk dəfə latış dilinə tərcümə etdiniz. Kitab necə qarşılandı?
   - “Kitabi-Dədə Qorqud”un tərcüməsinə 1969-cu ildə türkologiya fakültəsinin tələbəsi olarkən başlamışam. “Duxa qoca oğlu Dəli Domrul” boyunu tərcümə edib jurnalda çap etdirmişəm. Sonralar bu əsəri Latviyada tamaşaya qoydular. “Dəli Domrul” tamaşaçıların çox xoşuna gəldi. Dastanın tam mətninin tərcüməsi 1989-cu ildə hazır olsa da, əsər 1993-cü ildə çap olundu.
   - Hansı dilləri bilirsiniz?
   - Polyak, rus, qədim island, türk, Azərbaycan, türkmən, fars, qədim yəhudi, ərəb dillərində tərcümələr edirəm, ivrit, tatar, çuvaş dillərini də bilirəm. Ərəb dilini bilsəm də, danışa bilmirəm (gülür), daha doğrusu, pis danışıram. Danışanda ərəbcədən ingiliscəyə keçirəm.
   - Ancaq siz böyük bir işə imza ataraq ilk dəfə müqəddəs Quranı latış dilinə tərcümə etdiniz.
   - Doğrudur. Quran ərəb dilində nazil olub. Onu tərcümə etmək üçün bu dili bilmək əsas şərtdir. Mən bu müqəddəs kitabı tərcümə edərkən lüğətlərdən, başqa mənbə və qaynaqlardan istifadə etdim. Vaxtilə mən “Tövrat”ın əsas bölmələrindən olan “Əhdi-ətiq”i də ibrani dilindən tərcümə etmişdim. Sədi Şirazinin “Gülüstan”ını farscadan latış dilinə çevirmişəm. Bu əsərdə Qurandan nümunələr qırmızı xətt kimi keçir. Bilirdim ki, mən bunu etməliyəm, çünki bu işi edəcək başqa biri yoxdur.
   Uldis Berzinş “İncil”i də latış dilinə tərcümə edib. 15 ilə tərcümə etdiyi Quranı isə 2009-cu ildə tamamlayıb və kitab 2011-ci ildə nəşr olunub.
   
   - Maraqlıdır, Quran sizi İslam dininə nə qədər yaxınlaşdırdı?
   - Xristian olsam da, özümü dindar saymıram. Uşaq vaxtı məni kilsəyə nənəm aparardı, indi getmirəm. İslam mədəniyyətini çox sevirəm. Yenə deyirəm, sitayiş nöqteyi-nəzərindən dindar deyiləm. İstanbulda bir neçə ay kitabxanalarda çalışdım. Cümə günləri məscidə gedirdim, ibadət etmək üçün yox, ibadətə gələnlərə tamaşa etmək üçün. Onların nə hiss etdiklərini, nə duyduqlarını bilmək istəyirdim.
   
   Berzinş “İncil”in tərcüməsi məsələlərinə dair Amsterdam açıq universitetində keçirilən beynəlxalq seminarda, Quranın tərcüməsi məsələlərinə dair Lund Universitetində təşkil olunan forumda iştirak edib. 2002-ci ildən Latviya Universitetində türk dilini tədris edir.
   
   - Tərcüməçi kimi Nizami Gəncəvinin yaradıcılığına müraciət etmisinizmi?
   - Nizaminin yaradıcılığını rus dilində oxumuşam, amma tərcümə etməmişəm. Düşənbədə tacik dilində çap olunan “Xəmsə”ni də oxumuşam. Nizaminin əsərləri ərəb, fars dilində məndə yoxdur. Amma axtarıb tapacağam.
   
   Uldis Berzinş türk poeziyasını, o cümlədən Yunis Əmrəni çox sevdiyini, onun bir çox şeirlərini əzbərdən bildiyini deyir.
   
   - Sonuncu dəfə üç il əvvəl Azərbaycanda olmusunuz. Ölkəmizə daha tez-tez gəlmək istəmirsiniz?
   - Təbii ki, istəyirəm. Azərbaycan dilindən latış dilinə ilk tərcümə etdiyim kitab Rəsul Rzanın şeirlər kitabı olub. Orada Rəsul Rzanın “Rənglər” silsiləsi də var. İndi mən bu kitabı yenidən, daha mükəmməl tərcümə etmişəm. Mənim dostum da bu kitabı İsveç dilinə çevirib. İndi onu çap etdirmək istəyirik. Mənə Azərbaycan filoloqu Arif Acaloğlu kömək etdi, indi İstanbulda yaşayır. Kitaba ön sözü də o yazmışdı. İndi də ön sözü o yazacaq.
   
   Uldis Berzinşin ilk şeirlər toplusu 1980-ci ildə işıq üzü görüb. Sonrakı illərdə 11 kitabı nəşr olunub. Şeirləri alman, İsveç, eston, Litva, çex, ingilis, island, bolqar, Azərbaycan və Ukrayna dillərinə tərcümə olunub.
   Eyni zamanda XX əsr Azərbaycan, türk, polyak, rus və başqa xalqların poeziyasından nümunələri latış dilinə tərcümə edir.
   Hazırda qədim ispan eposu olan “Mənim Sidem haqqında mahnı”nı latış dilinə tərcümə edir. ABŞ, İsveç universitetlərində poetik və dini mətnlərin tərcümə problemləri haqqında mühazirələr oxuyur. Latviya Elmlər Akademiyasının fəxri akademikidir.
   Uldis Berzinş orijinal poeziyasına və tərcümələrinə görə bir çox mükafatlara layiq görülüb. Bu təltiflər arasında Zinaida Lazda mükafatı, “Üç ulduz” ordeni, Baltik Assambleyası mükafatı, Spidola, Aleksandra Çaka mükafatları var.
   
   - Nizaminin 870 illik yubileyində iştirak etdiniz. Təəssüratlarınızı bizimlə bölüşərsiniz?
   - 30 il bundan əvvəl Nizami Gəncəvinin 840 illik yubileyinə gəlmişdim. O vaxt mənim üçün çox xoş oldu ki, Nizaminin yaradıcılığını Azərbaycan dilində eşitdim. 30 il keçdi, yenə dahi şairin yubileyinə gəldik. XX əsrdə Nizamini Səməd Vurğun, Abdulla Şaiq və başqaları Azərbaycan dilinə çox gözəl tərcümə ediblər. Amma mən belə düşünürəm ki, Nizami anası, övladları, yaxınları ilə Azərbaycan dilində danışsa da, ilham pərisi ilə farsca danışırdı. Onun əsərlərinin orijinalı, əsl mətni də yaşamalı və məktəblərdə öyrədilməlidir. Nizami Gəncəvinin 870 illik yubileyində mənim üçün ən böyük sürpriz isə Latviyanın sabiq prezidenti Vaira Vike-Freibergaya ilə Gəncədə görüşməyimiz oldu. Ona Gəncə Dövlət Universitetinin fəxri doktoru adını verdilər. Çox şad, çox məsud oldum.
   - Müsahibəyə görə çox sağ olun. Sizi hər zaman Azərbaycanda görmək istəyirik.
   - Təşəkkür edirəm.
   
   Təranə Vahid