Mişel Vais: “Əgər tamaşa mükəmməldirsə, burada dil, tərcümə şərt deyil”
   
   II Bakı Beynəlxalq Teatr Konfransının nüfuzlu xarici qonaqlarından biri də Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais idi. Onunla müsahibəni oxuculara təqdim edirik.
   
   - Sizcə, teatr dünya mədəniyyətində hansı əhəmiyyəti kəsb edir və bu gün teatrın üzləşdiyi problemlər nədən ibarətdir?
   - Hazırda dünya teatrı böhran dövrünü yaşayır və məncə, bu çətinliklər əslində teatrlar üçün vacibdir. Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının saytında hər bir məsələ üçün bizim xüsusi mövzumuz var. Bu mövzular iki dildə - ingilis və fransız dillərində yerləşdirilib. Növbəti mövzumuz «Teatrlar böhran dövründə» adlanır. Ümumilikdə böhran dövründə insanlar teatra ehtiyac hiss edirlər. Məsələn, Polşadan olan rejissor, ssenarist Kşiştof Zannusi də öz çıxışında bununla bağlı maraqlı məqama toxundu. O, 1999-cu ildə Yuqoslaviyada baş verən hadisələrdən (NATO-nun həyata keçirdiyi əməliyyat - red.) bəhs edərkən dedi: “Belqrad gündüzlər bombalanır, lakin axşamlar insanlar teatra gedirlər”. Yəni şəhər bombalansa, dağıdılsa da, teatr yaşayır. Vaxtilə Sarayevoda da (Bosniya-Herseqovina) belə olub. Məlumdur ki, Sarayevo 4 il Serbiya tərəfindən bombardmana məruz qalıb. Lakin bombardman zamanı insanlar təkcə teatra deyil, konsertlərə də gedirdi. Bu o deməkdir ki, incəsənət böhranlar dövründə həyatın ayrılmaz, əsas, əhəmiyyətli hissəsidir.
   - Demək istəyirsiniz ki, bəşəriyyətin hər zaman teatra ehtiyacı olacaq?
   - Əlbəttə. Çünki bizim kim olmağımızı bilməyə ehtiyacımız var. Aramızdakı qarşılıqlı əlaqə zamanı bizim həm də dil baryerlərinin kəsişməsinə ehtiyacımız var. Çünki teatr emosiya, həyəcan, praktika deməkdir. Mən ötən il İranın paytaxtı Tehranda keçirilən teatr festivalında iştirak edirdim. Orada xarici teatr tənqidçiləri tamaşaya fars dilində baxmalı oldular. Biz hərəkətlərdən, ifadələrdən hər şeyi başa düşürdük. Xarakterlər arasında münasibətlərdən, ifadələrdən də tamaşanı anlamaq olurdu. O zaman bu tamaşaya gözəl aktyor oyununa, direktora mükafat verdik. Demək istəyirəm ki, əgər tamaşa mükəmməldirsə, burada dil, tərcümə şərt deyil. Biz müxtəlif dillərdə danışırıq. Ona görə də ünsiyyətə ehtiyacımız var. Bu mənada teatr gözəl ünsiyyət vasitəsidir.
   Bu gün dünyada qloballaşma prosesi gedir, dünyamız getdikcə kiçilir, əlaqə, təmas imkanları günbəgün artır. Bu baxımdan teatrlar arasında əlaqələr də genişlənir, teatrlar çox asanlıqla səyahət edir. İndi isə sürət əsridir. İncəsənət adamları tez-tez bir ölkədən digərinə gedir, fikir mübadiləsi aparırlar. Müxtəlif ölkələrdə keçirilən teatr festivalları da bunun üçün yaxşı imkanlar yaradır. Biz teatr tənqidçiləri də müxtəlif ölkələrdəki festivallarda iştirak edərək teatrların inkişafı, yeni tendensiyalarla yaxından tanış oluruq. Bu bizim sənətin özəlliyidir.
   - Yeri gəlmişkən, konfrans çərçivəsində səsləndirilən fikirlərdə o da vurğulandı ki, teatr tənqidçisi həm də doğru yol bələdçisi olmalıdır. Bu fikrə münasibətinizi bilmək maraqlı olardı...
   - Mən bu fikrə çox təəccübləndim. Tənqidçilik sadəcə bir vəzifədir. Və bizim işimiz tamaşaya baxıb onu başa düşməkdir. Teatr bir həyatdır - orada «bu düzgündür», «bu səhvdir» demək olmaz. Sadəcə, biz tənqidçilər öz fikirlərimizi söyləyir, müşahidə aparır, cəmiyyət və teatr arasında baş verənləri anlamağa çalışırıq. Bizim assosiasiyanın 59 ölkədən 3 mindən çox üzvü var. Ortaya müxtəlif fikirlər çıxır və bəzi məsələlərdə biz razılaşmaya bilərik. Məsələn, mən bir festivalda kiminsə qalib adına layiq görülməsi fikrini səsləndirsəm də, digəri onunla razılaşmayıb. Yəni tənqidçilikdə çoxlu subyektiv fikirlər ola bilər. Məsələn, tamaşanın nümayişindən sonra iki tənqidçi müzakirə aparır və əgər onların fikirləri üst-üstə düşmürsə, bir-biri ilə razılaşmırlarsa, o halda qalib tamaşanın özüdür.
   - O halda teatrlarda bugünkü vəziyyətlə bağlı teatr tənqidçiləri nə düşünür?
   - Bütün ölkələrdə teatr sahəsində problemlər ola bilər. Düşünürəm ki, bir ölkənin formatında hər hansı şounu təfsilatı ilə göstərmək vaxt aparır. Bir çox ölkələrdə teatr tamaşaları ən aktual mövzulara, suallara toxunur. Teatr yenilikçi sənətdir. Hətta onu inqilabi sənət də hesab edirlər. Bu baxımdan ayrı-ayrı ölkələrdə bəzən teatrlar, rejissorlar, sənətkarlar siyasi proseslərin, münaqişələrin mərkəzində yer alırlar. Sadəcə, biz teatr üçün çox faydalı olmalı, auditoriyanı inkişaf etdirməliyik. İndi xüsusilə Avropa teatrlarında zorakılıq nümayiş etdirilir. Bəzən tamaşa zamanı heyvanı səhnədə öldürürlər. Biz bunları tənqid etmişik və hətta bununla bağlı kitab da nəşr etmişik. Yəni hazırkı teatr tamaşalarında gördüklərimiz xoşagəlməz halların qarşısını yalnız təbliğat vasitəsilə ala bilərik. Teatr hər bir halda fikir yaradır, insanları düşünməyə vadar edir. Teatr təkcə əyləncə deyil, o həm də fikrin, düşüncənin oyanmasıdır. Onun yeganə həlli azadlıqdır. Bir sözlə, teatr azadlığa ehtiyac duyur. Əlbəttə, bu o demək deyil ki, cəmiyyətdən təcrid olunasan. Teatr tənqidçiləri də bütün bunları dəyərləndirir, şərh edir. Bizim peşəmiz belədir. Eyni zamanda tənqidçilər də insan, fərd olaraq cəmiyyətin bir hissəsidirlər. Hökumətlər teatrla tənqidçilər arasına girməməlidir.
   - Bu sizin Bakıya üçüncü səfərinizdir. 2010-cu ilin noyabrında Bakıda birinci teatr konfransında, 2011-ci ildə beynəlxalq kukla teatrları festivalında iştirak etmisiniz. Peşəkar teatr tənqidçisi kimi bu tədbirləri necə dəyərləndirirsiniz?
   - 2010-cu ildə I Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində üç gün burada oldum. Həmin tədbir dünyanın bir çox ölkələrindən gələn insanlarla görüşmək, fikir mübadiləsi aparmaq üçün çox gözəl imkan idi. Biz bir-birimizin ideyalarını soruşur, fikir mübadiləsi aparırdıq. Konfrans gedişində bir daha yəqin etdim ki, Azərbaycanda teatr çox yaxşı inkişaf edir. Və sonra biz qərara aldıq ki, Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçirək. Düşünürəm ki, bu festival müxtəlif ölkələrin kukla teatrları arasında təcrübə mübadiləsinin təşkili, ənənəvi mədəniyyəti inkişaf etdirmək, körpülər qurmaq baxımından çox gözəl fürsət idi və Bakı bunun öhdəsindən uğurla gəldi.
   Azərbaycanda teatrlar mühüm inkişaf yolu keçib. Mən bir məqamı da özüm üçün aşkarlamışam ki, Bakının həm ənənəvi, həm də müasir teatrı birləşdirmək baxımından yaxşı imkanları var. Bu çox maraqlı üsuldur. Eyni zamanda Azərbaycan çox müasir ölkədir. Ona görə də siz müasir teatrları ölkənizə gətirmək üçün böyük imkanlara maliksiniz. Teatrın tarixinə nəzər salsaq görərik ki, dünyada elm və texnikanın bir çox yenilikləri teatrda da bir növ təcrübədən keçib. Məsələn, götürək qazı, nefti, elektriki. Onlar kəşf ediləndə teatrı işıqlandırmaq üçün də istifadə edilmişdi. Bir sözlə, teatr yeni texnologiyaların təcrübədən keçirildiyi məkandır. Mən Azərbaycan hökumətinə minnətdaram ki, belə tədbirləri təşkil edir və İkinci Beynəlxalq Teatr Konfransı da uğurla gerçəkləşdi. Belə zəngin imkandan istifadə etmək vacibdir. Ümid edirəm ki, bu tədbirlər yaxşı ənənə halını alacaq.
   
   Mehparə