Kərim Tahirov: “Əgər Milli Kitabxanaya yeni nəşr verilirsə, deməli, bütün ölkə ərazisində onun elektron variantından istifadə etmək mümkün olacaq”
Dekabrın 20-də Azərbaycan kitabxanaçılarının II Ümumrespublika müşavirəsi keçiriləcək. Təkcə kitabxanaçılıq işi sahəsində deyil, ümumilikdə mədəni həyatımızda əlamətdar hadisə olan tədbir öncəsi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovla görüşüb söhbət etdik.
- Kərim müəllim, kitabxanaçıların birinci ümumrespublika müşavirəsi 2005-ci ildə keçirilib. Ötən dövr Milli Kitabxananın həyatında nə ilə yadda qalıb?
- Ötən müşavirədən keçən müddət ərzində təkcə Milli Kitabxananın yox, bütövlükdə Azərbaycan kitabxanalarının siması dəyişib, bu mədəniyyət ocaqları yeni inkişaf dövrünə qədəm qoyub. Kitabxanamızın fəaliyyəti, oxuculara xidmət informasiyalı cəmiyyətin, müasir zamanın tələblərinə uyğun olaraq yenidən qurulub. Kiçik müqayisəni nəzərə çatdırım. Əgər 7-8 il öncə kitabxanada bir neçə kompyuter vardısa, bu gün 250-dən artıq kompyuter var, oxuculara xidmət tam avtomatlaşdırılıb. Hər hansı kitabı sifariş verən oxucu bir neçə dəqiqə ərzində həmin nəşri əldə edə bilir. Binada müasir istilik-sərinlətmə sistemi qurulub. Bir sözlə, oxucuların rahatlığı üçün hər cür şərait yaradılıb.
- Oxuculara xidmətin avtomatlaşdırılması haqqında bir qədər ətraflı danışmağınızı istərdik. Prosesdə hansı yeniliklər var?
- Son illərdə informasiya texnologiyalarının tətbiqi oxuculara xidmət baxımından bir çox prosedurların sadələşdirilməsinə imkan verib. Ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” artıq beş ildir ki, icra olunur. Proqrama əsasən Milli Kitabxana da Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə sistemli iş aparır, o cümlədən son iki ildə həyata keçirdiyimiz “Avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi” layihəsi oxuculara kitab verilişi prosesində mühüm yenilikdir. Elektron kataloq, elektron kitabxana xidmətləri bizdə çoxdan formalaşdırılıb. İndi oxucuya xidmətin avtomatlaşdırılması prosesi gedir ki, bu zaman oxucu şəxsiyyətini təsdiq edən sənədi təqdim edir, iki dəqiqə ərzində ona elektron bilet verilir. Elektron biletlə avtomatik qeydiyyata düşür, qeydiyyatdan keçir və elektron kataloqdan sifarişini verir. Oxucu artıq kitabxanada tələbnamə yazmır. Elektron kataloqda istədiyi kitabı seçir, sifariş verir, bir neçə dəqiqə ərzində kitab tapılır və oxucu kitabın olduğu zala dəvət edilir. Yeri gəlmişkən, bu xidmətin təqdimatını yaxın vaxtlarda keçirəcəyik.
- Elektron kataloqların formalaşdırılması müsbət haldır. Bəs ənənəvi kataloqların taleyi necə olacaq?
- Elektron kataloqdan istifadə etmək oxucu üçün çox sadədir. Amma elə istifadəçi var ki, kitabı ənənəvi kataloq üzrə axtarmaq istəyir. Bunu nəzərə alaraq köhnə kataloqları kompyuterin yaddaşına köçürmüşük. Yəni oxucu bu kataloqlar üzrə istədiyi nəşri kompyuterin monitorunda da axtara və sifariş edə bilər.
Yeni layihə kitabxanaların əsas problemini aradan qaldıracaq
- Milli Kitabxana yeni nəşrlərin alınması məsələlərini necə həll edir?
- Etiraf edək ki, bu gün kitabxanaların ən böyük problemi yeni nəşrlərin alınması ilə bağlıdır. Bu daha çox bölgələrdəki kitabxanalara aiddir. Amma Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə icra etdiyimiz layihə artıq bu problemi aradan qaldıracaq. Çünki Milli Kitabxana ölkə ərazisində çap olunmuş kitabların məcburi nüsxələrini pulsuz alır. Təəssüf edirik ki, bütün nəşriyyatlar çap etdikləri kitabların nüsxələrini bizə göndərmirlər. Halbuki bu, qanunda öz əksini tapıb. Çox vaxt biz onları axtarıb tapmağa məcbur oluruq. İstərdim ki, nəşriyyatlar bu məsələyə diqqətlə yanaşsınlar. Çünki biz kitab fondunun arxivini gələcək nəsillər üçün yaradırıq. Bu gün Milli Kitabxananın fondu 5 milyonu ötüb. İldə ən azı 25 min nüsxə yeni ədəbiyyat alırıq. Həmin nüsxələrin qısa zamanda elektron variantını hazırlamaq üçün sürətli avtomatik skayner almışıq, onun köməyi ilə 1 saata 3000 səhifəni rəqəmsallaşdırmaq mümkündür. Bu o deməkdir ki, biz hər gün təxminən 10-15 kitabı elektronlaşdıra bilirik. Bu prosesdən sonra kitabların elektron variantı bizim saytımıza qoyulacaq və istənilən kitabxana bu layihənin imkanlarından mərkəzləşmiş qaydada istifadə edə biləcək. Əgər bir yeni kitab Milli Kitabxanaya verilirsə, deməli, bütün ölkə ərazisində ondan istifadə etmək mümkün olacaq.
- Deməli, artıq kitabxanaların bir-birindən xəbərsiz eyni nəşrləri elektronlaşdırmasına ehtiyac qalmayacaq...
- Bəli, bu məsələ də aradan qalxacaq. Biz görürdük ki, kitabxanalar ayrı-ayrılıqda eyni nəşri öz imkanları daxilində adi skaynerdən çıxarırlar. Amma bundan sonra kitabxanalarımız eyni zamanda iki çətin işdən azad olunacaqlar. Həm kataloq kartoçkası yazmayacaqlar, həm də nəşrlərin elektron variantını hazırlamalı olmayacaqlar. İstifadəçi yeni çap olunmuş nəşri əldə etmək istəsə, cüzi məbləğ ödəməklə printerdə çap edib apara biləcək. Yəni kitabxanalarımız tədricən pullu xidməti də həyata keçirə biləcəklər. Bu layihə bir növ ona istiqamətlənib.
Gənclərimiz daha çox öz ixtisasları üzrə kitabları oxuyurlar
- Kitabxanada oxucu statistikasında necə, artım varmı? Ümumiyyətlə, bu gün ölkəmizdə kitabla, mütaliə, maarifləndirmə ilə bağlı təbliğat işlərini necə qiymətləndirirsiniz?
- Bu gün kitaba kütləvi maraq yenidən yaranmaqdadır. Mən şənbə və bazar günləri kitabxanamızda gənclərin kitab oxumaq üçün növbəyə dayandığını görəndə fəxr edirəm. Həftə sonları kitabxanadakı 13 zalın demək olar ki, hamısı dolu olur. Bu isə 1500-dən çox oxucu deməkdir. Ancaq gənclərimiz daha çox öz ixtisas sahələri üzrə nəşrləri oxuyurlar, bədii ədəbiyyata az yer verirlər. Bütövlükdə isə son bir neçə ildə ölkənin kütləvi informasiya vasitələrində kitab və mütaliə ilə bağlı aparılan təbliğat işi məni çox sevindirir. Biz bir neçə il öncə bununla bağlı həyəcan təbili çalırdıq. Artıq insanların mütaliəyə qayıtdığını görürük. Sözsüz ki, bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihələrin xüsusi rolu var. O ki qaldı kitabxanamızdakı xidmətlərlə bağlı yeniliklərin təbliğinə, bu barədə mütəmadi elanlar verir, oxucuları məlumatlandırırıq. Məsələn, saytımızın (www.anl.az) “Bizdən soruşun” bölməsində oxucular onları maraqlandıran suallara cavab ala, evdən kitab sifariş edə bilərlər. Milli Kitabxananın bu gün oxucu problemi yoxdur. Virtual oxucularımız daha çoxdur. İldə 450 mindən artıq virtual oxucu bizim xidmətlərdən istifadə edir. Qeyd edim ki, elektron sayğacda yalnız elektron kataloqdan və elektron kitabxanadan istifadə edənlər qeyd olunur.
Milli Kitabxananın elektron resursundan xarici ölkələrdə istifadə edənlər də az deyil. Ancaq biz müəllif hüquqları qorunan kitabları internetdə yerləşdirə bilmirik.
Onların müəyyən hissəsini lokal şəbəkədə istifadəyə təqdim edirik.
Azərbaycanın dövri mətbuatının elektron salnaməsi hazırlanır
- Azərbaycanın dövri mətbuatının elektron salnaməsinin hazırlanması işi hansı mərhələdədir?
- Kitabxanada ötən əsrlərin müxtəlif mətbu nümunələri var. Onların elektron variantlarının yaradılması iki məqsəd daşıyır. İlk növbədə istəyirik ki, oxucular üçün bu baxımdan da istifadəni asanlaşdıraq, digər tərəfdən əsrlərlə yaşı olan mətbu nümunələrini mühafizə edək, ömürlərini daha da uzadaq. Çünki köhnəlmiş qəzet nüsxələrindən istifadə etdikcə onlar tədricən yararsız hala düşür. İndiyədək yüzə qədər köhnəlmiş qəzetin elektron versiyalarını hazırlamışıq. Bu istiqamətdə işlərimiz davam edir.
Yeri gəlmişkən qeyd etmək istərdim ki, son illərdə Milli Kitabxana çox ciddi nəşriyyat fəaliyyəti də həyata keçirir. Ayrı-ayrı görkəmli şəxsiyyətlər haqqında biblioqrafik vəsaitlər hazırlanır, hər il 35-40 adda biblioqrafik və metodiki material hazırlanıb kitabxanalara paylanılır. İndi kitabxanada cildlərlə 400-500 səhifəlik biblioqrafiyalar var. Bütün bunlar Milli Kitabxananın informasiya resurslarının açılmasına xidmət edir.
Dövlətin diqqət və qayğısı bizi yeni layihələri həyata keçirməyə ruhlandırır. Biz çalışırıq ki, ölkə kitabxanaları arasında birləşdirici, koordinasiya edici funksiyanı da həyata keçirək. Kitabxanamızda ildə 100-150 tədbir keçirilir. Görkəmli şəxsiyyətlərin yubileyləri, kitab sərgiləri, beynəlxalq konfranslar, elektron kataloqların təqdimatları və s. Bu tədbirlər sayəsində Milli Kitabxana mühüm mədəniyyət mərkəzinə çevrilib.
Daha üç ölkə ilə əməkdaşlıq sənədi imzalanacaq
- Son illər Milli Kitabxananın beynəlxalq əlaqələri də genişlənir...
- Dünyanın 80-ə yaxın ölkəsinin kitabxanaları ilə kitab mübadiləsi həyata keçiririk. İldə təxminən hər kitabxanaya 50-60 kitab göndərir və ya alırıq. Son beş ildə əlaqələrimiz daha da genişlənib. Artıq 28 ölkənin kitabxanası ilə əməkdaşlıq sənədi imzalamışıq. Bu günlərdə Yunanıstan Milli Kitabxanası ilə anlaşma memorandumu imzaladıq. İndoneziya, Polşa, Bolqarıstan kitabxanaları ilə əməkdaşlıq sənədləri hazırlanıb, yəqin ki, onların imzalanması gələn ilin əvvəlində reallaşacaq. Bu əməkdaşlıq sayəsində kitabxanalar arasında kitab, təcrübə mübadiləsi daha da genişlənir, qarşılıqlı kitab sərgiləri təşkil olunur.
Dünyanın müxtəlif ölkələrində Azərbaycan, onun tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri barədə qiymətli əlyazmalar var. Qarşılıqlı əməkdaşlıq bu baxımdan da əhəmiyyətli rol oynayır. Məsələn, Çexiyanın Milli Kitabxanasında əlyazma fondunda olarkən müəyyən kitablar diqqətimi cəlb etdi. AMEA Əlyazmalar İnstitutu ilə birgə oraya mütəxəssislər göndərdik. Gördük ki, çox qiymətli və bizə məlum olmayan əlyazmalarımız var. Dahi Nizami Gəncəvinin yubileyində Çexiya tərəfi əlyazmaların surətlərini bizə təqdim etdi. Digər ölkələrdə Azərbaycanla bağlı tarixi materialların tapılaraq ölkəmizə gətirilməsinə nail olmuşuq. Eyni zamanda, müxtəlif ölkələr fars və ərəb dillərində məlumatları araşdırmaq üçün bizim mütəxəssislərin köməyinə ehtiyac duyurlar. Əməkdaşlıq birgə tədqiqatların aparılmasına da imkan verir.
Ceyhun Zərbəliyev