Pərviz Məmmədrzayev: “Mənfi obraz mənim problemimə toxunursa, ideya məni çəkirsə, o obrazı məmnuniyyətlə canlandıraram”
   
   Pərviz Məmmədrzayev 1971-ci il fevralın 13-də Bakıda anadan olub. 1994-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini bitirib. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrının yardımçı heyətində, 1994-cü ildən isə teatrın nəzdində fəaliyyət göstərən “Dəli yığıncağı” pantomima teatr-studiyasında çalışmağa başlayıb. Daha sonra dövlət statusu alan Pantomima Teatrında fəaliyyət göstərib. “Kimdir müqəssir?” (Mahmud), "Nağaraçılar" (Nağaraçı müəllim), "Bayraqdarlar" (Yol göstərən), "Dulusçu" (Dulusçu), "Gəldim ki, olam qəmin hərifi" (Məcnun), “Kölgə” (Heykəl) və s. tamaşalarda oynayıb. Bu günə qədər 25-ə yaxın filmdə çəkilib (“Yalan”, “Cavid ömrü”, “Düyün”, “Hökmdarın taleyi”, “Qala”, “Bir addım”, “Sübhün səfiri” və s.). 2001-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Səhnə hərəkəti və plastikası üzrə dərs deyir. 2010-cu ildə “Simsar" teatr-studiyasını yaradıb. 2006-cı ildə respublikanın “Əməkdar artist”i fəxri adına layiq görülüb.
   
   - Kino və teatr. Hansını daha çox sevirsiniz?
   
- Teatrı daha çox sevirəm. Bura mənim doğma yuvamdır. Səhnəyə çıxdığım zaman tamaşaçı ilə canlı ünsiyyəti heç nəyə dəyişmərəm. Kinonu əvvəldən sevməmişəm. Kinokamera mənə olduqca soyuq görünür. Kino başqa aləmdir. Mənim dünyam isə teatrdır.
   - Aktyorluqda ən vacib olan nədir?
   - Aktyorluq sənəti mənim üçün özünü ifadə etmək bacarığıdır. Burada ən vacib olan fikirdir. Fikir olmasa, model kimi səhnəyə çıxmağın mənası yoxdur. Aktyor rejissorla eyni cəbhədə vuruşan tərəfdaşdır.
   - Daxilən sizə uzaq olan rolu oynamaq necə?
   - Rol mənim daxilimdən uzaq ola bilər. Ancaq ümumi ideya məni narahat edirsə, mən onu canla-başla oynayıram. Mənfi obraz mənim problemimə toxunursa, ideya məni çəkirsə, o obrazı məmnuniyyətlə canlandıraram. Eyni zamanda, hesab edirəm ki, aktyor rol təklifinə diqqətlə yanaşmalıdır. Qazandığı statusu saxlamağı bacarmalıdır.
   - Başqa teatrlara gedirsiniz? Sonuncu dəfə hansı tamaşaya baxmısınız?
   - İmkan olanda gedirəm. Sonuncu dəfə “Yuğ” teatrında “Tabu” tamaşasına baxmışam. Yozum, plastik həll mənim üçün maraqlı idi. Akademik Milli Dram Teatrında “Yaşlı xanımın gəlişi” tamaşasına baxmışam. Təbii ki, bəyəndiyim və bəyənmədiyim məqamlar olur. Mən teatra professional gözlə baxıram.
   - Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsiniz. Yeni nəsil aktyorlar yetişdirirsiniz. Aktyor necə olmalıdır?
   - Mənə görə, aktyorun əxlaqı vacibdir. Əxlaqlı insan ona verilən tapşırığı vaxtında yerinə yetirəcək. Məsuliyyəti hiss edəcək. Maksim Qorki deyir ki, dahilik 1 faiz istedad, 99 faiz alın təri tələb edir. Zəhmətlə müəyyən yerə gəlib çıxmaq olur.
   - Yaxşı pedaqoqsunuz?
   - Pedaqoq böyük anlayışdır. Mən hələ özümə bunu deyə bilmərəm. Mən sadəcə bildiklərimi öyrətməyə çalışıram. Tələbələrim cəmiyyət üçün nümunə olacağı halda, mən deyə bilərəm ki, nəsə etdim.
   - Sənətdə yeni nəslin yetişməsində tələbənin və müəllimin rolu nə qədərdir?
   - Hər dövrdə istedadlı tələbələr olur. Tələbəyə ürək qızdırmaq, onu sındırmamaq lazımdır. Tələbə hiss etməlidir ki, müəllim onun işinə biganə deyil. Pedaqoq tələbənin taleyi ilə maraqlanmalıdır. Bayaq qeyd etdiyim kimi, hər ikisində əxlaq önəmli rol oynayır. Tələbə ilk olaraq müəllimin işə yanaşmasını qiymətləndirir. Ondan nümunə götürür.
   - Bəs evdə necə atasınız? Üç övlad böyüdürsünüz...
   - Nə qədər gərgin işim olsa belə, çalışıram gün ərzində bir neçə dəfə evə zəng edim. İstirahət günlərimi də onlarla keçirməyə çalışıram. Uşaqlarıma bacardığım qədər çox vaxt sərf etməyə çalışıram.
    - Teatrda sizi sevgi rollarında çox görmüşük (Məcnun, Mahmud və s.). Aktyorun şəxsi həyatında sevgi önəmlidirmi?
    - İnsan sevməlidir. Söhbət təkcə qadına olan sevgidən getmir. Tərəf-müqabilini sevməlisən, tələbəni sevməlisən.
   - Aktyorluqdan başqa Pərviz Məmmədrzayev nə bacarır?
   - Dülgərliyi bacarıram. Vaxtilə öyrənmişəm və Rus Dram Teatrında bir müddət dülgər kimi çalışmışam.
   - Tamaşa qurursunuz. Bəs film çəkmək necə?
   - Təklif olub, amma imtina etmişəm. Hər kəs öz işi ilə məşğul olmalıdır. Kinorejissorluğun poetikası başqadır. Kinoda kadr anlayışı var. Buna dərindən bələd olmaq lazımdır. Mən isə teatr adamıyam.
   - Sizcə, milli kinomuzun problemi nədir?
   - Azərbaycanın milli kinosunda bir qədər maddi problemlər var. İkinci məsələ işə vicdanla yanaşmaqdır. Rejissor əlində olan pula görə ağılla hərəkət edib keyfiyyətli məhsul ortaya çıxarmaq üçün çalışmalıdır.
   - Aktyor olaraq bugünkü tamaşaçının zövqü sizi qane edir?
   - Xeyr. Bayağı musiqilər, şoular dəbdədir. İnsana nə verirlər onu yeməməlidir. Ac qal, axtar, tapacaqsan. Mən öz yerimdə çox çalışıram. Tələbələrimi israrla nəyəsə çağırıramsa, övladlarıma düzgün istiqamət verməyə can atıramsa, demək, dəyişməyə çalışıram. Problemin həlli üçün hər kəs öz yerində çalışmalıdır.
    - Son illər çəkilən filmlər barədə fikriniz.
   - Samir Kərimoğlunun “Niyyət” filmini çox bəyənirəm. Təəssüf ki, son illər çəkilən filmlər az nümayiş olunur. “Dolu” filmini izlədim. Döyüş səhnələri diqqətimi çəkdi. Bu cür səhnələr çəkilirsə, demək, bundan daha yaxşılarını çəkəcəyik.
   - Kinoda hələlik axırıncı rolunuz olan Dərviş Abdulla (“Dərvişin qeydləri”, rejissor Eldar Quliyev) hansı xüsusiyyətinə görə sizi cəlb etdi?
    - Mənim sufizmə marağım çoxdur. Ssenarini oxuyanda bu rolu sufizmə yaxın gördüyüm üçün çox bəyəndim.
   - Olub ki, işinizdən bezəsiniz?
   - Olub. Bəzən hər şeyi atıb, çıxıb getmək istəmişəm. Lakin məni saxlayan şeylər olub.
   - Gələcəkdən gözləntiləriniz.
   - Çox istərdim ki, tələbələrim, övladlarım ümidlərimi doğrultsunlar. Necə ki, bağban əziyyət çəkir və bəhrəsindən zövq alır. Mən də istərdim, əziyyətimin bəhrəsini görüm.
   
   Söhbətləşdi: Reyhan İsayeva