İsrafil İsrafilov: “Yaşca cavan olsa da, intellekti «qocalmış», dünyagörüşü məhdud olanlar var. Odur ki, istedadlı, məsuliyyətli, intellektli gənc insanlara şərait yaradılmalıdır”
   
   Akademik Milli Dram Teatrının kollektivi İranın Tehran şəhərində 31-ci Beynəlxalq Fəcr Festivalından qayıdıb. 22 ölkənin təmsil olunduğu festivalda teatr Afaq Məsudun «Qatarın altına atılan qadın» əsərinin tamaşası ilə (quruluşçu rejissor Mehriban Ələkbərzadə) iştirak edib. Teatrın direktoru, sənətşünaslıq elmləri doktoru İsrafil İsrafilovla festival təəssüratları, yaradıcılıq planları və qayğıları barədə söhbət etdik.
   
   - İsrafil müəllim, Fəcr festivalının əsas şərtləri, ümumi prinsipləri nədir?
   - «Fəcr» şəfəq, işıq, ziya deməkdir. İranda bu ad altında ənənəvi olaraq teatr və kino festivalları keçirilir. Fəcr teatr festivalı iki miqyasda - İranın paytaxt və bölgə teatrlarının festivalı və beynəlxalq teatr festivalı formatında keçirilir. Festivala qatılmaq istəyən teatrlar repertuarlarında olan əsərləri disk şəklində təşkilatçılara təqdim edir və münsiflər heyəti o tamaşalara baxıb özləri hansısa tamaşanı seçir. İran islam respublikası olduğu üçün seçilən tamaşalara da islami dəyərlər prizmasından yanaşır və qiymətləndirirlər. Bizim teatrın tamaşaları arasından «Qatarın altına atılan qadın» seçildi. Tamaşa festival günlərində iki dəfə - yanvarın 25 və 26-da oynanıldı. Orada dünyanın müxtəlif ölkələrindən çox maraqlı kollektivlər, fəxri qonaqlar vardı. Cənubi Koreya, İtaliya və Macarıstan teatr kollektivlərinin maraqlı tamaşalarına baxdıq. Hətta Avstraliyadan tamaşa gətirmişdilər.
   - Festivalın hansı nominasiyaları vardı?
   - Festivalda nominasiyalar yox, sadəcə mükafatlandırmalar nəzərdə tutulub. Bağlanış və mükafatlandırma mərasimi yanvarın 31-nə planlaşdırılmışdı. Biz daha əvvəl qayıtdığımız üçün bu mərasimdə iştirak edə bilmədik və nəticələrdən xəbərsizik. Tanınmış rejissorumuz Cənnət Səlimovanın da üzv olduğu münsiflər heyəti müşavirə keçirib tamaşaları müzakirə edəcəkdi. Onu da deyə bilərəm ki, bizim tamaşamız böyük maraqla qarşılandı. Xüsusən ikinci tamaşanı 10 dəqiqə ayaq üstə alqışladılar. Tamaşadan sonra xeyli sayda seyrçi binanın çıxışında aktyorların çıxmasını gözləyirdi. İranın tanınmış rejissorları aktyorlarımızla görüşüb təbriklərini çatdırırdılar. Bu mənada bu çıxışımızı uğurlu hesab edirəm. Həmçinin, son on ildə ilk dəfə idi ki, Akademik Milli Dram Teatrı İrana gedirdi.
   - Bu səfər müxtəlif ölkələrlə teatr əlaqələrinin qurulmasına necə, təsir etdimi?
   - Koreya, Macarıstan, Gürcüstan teatrları ilə daha sıx əlaqələr yaratdıq. Roma teatrının heyəti ilə söhbətlərimiz oldu. Açığını desək, bizim indiyədək İran teatrları ilə əlaqələrimiz yox idi, halbuki, çağdaş dövrümüzdə İranın teatrı və kinosu xeyli inkişaf edib. Qonşu kimi müxtəlif mədəni məsələlərlə bağlı fikir mübadilələrimiz oldu. Gələcəkdə imkan olarsa, qarşılıqlı qastrolların təşkili müzakirə olundu. İran tərəfi bizə bir sıra qastrol təklifləri ilə müraciət etdi. Tehranda çox sayda azərbaycanlı yaşayır, tamaşaçı zalında da azərbaycanlılar çox idi. Yeri gəlmişkən, tamaşa birbaşa Azərbaycan dilində, tərcüməsiz nümayiş olundu.
   - İsrafil müəllim, Akademik Milli Dram Teatrının bu il üçün planları nələrdir? "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində nə işlər görürsünüz?
   - Qastrollar haqqında düşünürük. Bizi Qazaxıstanın Almatı şəhərindən qastrola dəvət ediblər. Bosniya-Herseqovinadan Sarayevoda çıxış etmək üçün, Rusiyanın Tümen vilayətindən dəvətlərimiz var. Bu yaxınlarda Elçinin «Qatil» əsərinin tamaşası ilə Gürcüstana dəvət ediblər. Milli teatrımızın 140 illik yubileyi ilə bağlı tədbirlər düşünürük. Başqa ölkələrdən olan həmkarlarımızı dəvət edib, səliqəli, sadə bir yubiley tədbiri keçirmək istəyirik. Bir araya gəlmək, teatrın keçdiyi yolu xatırlamaq, indiki vəziyyəti müzakirə etmək, teatrımızın tarixində böyük xidmətləri olan sənətkarları bir daha anmaq üçün yubiley tədbiri gözəl bir imkandır. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin də nəzərdə tutduğu tədbirlər var - teatr haqqında kitabların çap olunması, müxtəlif nəşr nümunələrinin hazırlanması və s. Yəni bununla bağlı tədqiqatçılar və teatrların görəcəyi işlər var.
   2009-2019-cu illər üzrə Azərbaycan teatrının inkişaf perspektivini əks etdirən Dövlət Proqramı icra olunmaqdadır. Teatr kollektivinin strukturunun formalaşmasından tutmuş, repertuar siyasəti, teatrın ictimaiyyətlə əlaqəsi, nəzəri məsələlər, kadr hazırlığı, kadrların yerləşməsi prinsipləri bu proqramda öz əksini tapıb. Əsas olan bir məqam mübadilə məsələsidir. Biz hər sahədə olduğu kimi, teatr sahəsində də dünyadan təcrid olunmuş şəkildə yaşaya bilmərik. Başqa teatr kollektivləri ilə yaradıcılıq əlaqəsi və əməkdaşlıqlar qurmalıyıq. Ötən ilin sonunda Mədəniyyət və Turizm Nazirliyi bizim dörd mütəxəssisi (quruluş hissə müdiri, səs rejissoru, qrim ustası) Rusiyanın əsas teatrlarından olan «Böyük Teatra», «Vaxtanqov Teatrı»na ezam etdi. Onlar təcrübə qazandılar. Bu, çox faydalı və səmərəli bir iş oldu.
   Azərbaycan dramaturqlarının əsərlərinin ölkədən kənarda yayılması istiqamətində bir sıra işlər görülüb. Bizim müəlliflərin - Elçin, Kamal Abdulla, Hüseynbala Mirələmov, Afaq Məsud, Əli Əmirli, Firuz Mustafa, Elçin Hüseynbəylinin əsərlərini tərcümədə bütün türkdilli dövlətlərin teatrına göndərmişik. Bəzən jurnalistlər soruşurlar ki, «teatrda islahatlar aparıldı, nəticəsi hanı?» Bu ağacı əkən kimi ondan meyvə istəməyə bənzəyir. Zaman keçməlidir, ağac böyüməlidir, şaxtadan, soyuqdan qorunmalıdır ki, meyvəsi olsun.
   - 2 fevral Azərbaycanda Gənclər Günüdür. “Teatr və gənclər”, “Akademik Teatrda gənclər» mövzusunda fikirləriniz maraqlıdır...
   - Mədəniyyət və Turizm Nazirliyi böyük etimad göstərərək bir sıra bölgələrdə istər baş rejissor, istər direktor vəzifələrinə gəncləri təyin etdi. Bu gənclər ümidləri doğrultdular, maraqlı tamaşalar hazırladılar. Bir şeyi də nəzərə almaq lazımdır, hər kəs gəncdirsə, ona şərait yaradılmalıdır kimi bir qayda yoxdur, gənclərin də içində işinə ciddi yanaşmayan, hətta yaşca cavan olsa da, intellekti «qocalmış», dünyagörüşü məhdud olanlar var. Odur ki, istedadlı, məsuliyyətli, intellektli gənc insanlara şərait yaradılır. Bizim teatrın özündə səhnədə, afişada az-az görünən gənclər əsas rollarda çıxış etməyə başlayıb. Gənc aktyor və aktrisaların çıxış faizi daha çoxdur - Hikmət Rəhimov, İlahə Həsənova, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı - onlar aparıcı rollarda çıxış edirlər. Gənc rejissorlar tamaşalar hazırlayırlar. Bəzən bu hallar qınanılır, gənclərə meydan verilməsi narazılıqla qarşılanır- amma tarixə nəzər salsaq, teatrın parlaq simaları, rejissorları ilə paralellər aparsaq, onların haqlı olmadıqlarını görərsiniz. Tofiq Kazımov, Adil İsgəndərov teatra rəhbərlik edəndə çox gənc idilər. Amma teatrın böyük və parlaq bir dövrü onların adı ilə bağlıdır. Əlbəttə, biz gənclərə meydan verməliyik. Gənclik öz mövzusu ilə gəlir teatra. Bu isə çox maraqlıdır.
   
   A.Dadaşova