Turizm imkanlarımız əcnəbi qonağın gözü ilə
Benyamin Ayxner: “Turizmə sərmayə yatırmaq ağıllı qərardır, Azərbaycan kimi inkişaf edən ölkələrdə isə xüsusilə”
Özünü başqa birinin gözü ilə görmək həmişə inkişafa aparan amil kimi dəyərləndirilir. Bu prinsipi əsas tutub yollandıq “Park İnn Radisson” hotelinə. Bizi hotelin baş meneceri Benyamin Ayxner gözləyirdi. Azərbaycanda az müddətdir olmasına baxmayaraq, ölkəmiz və onun turizm imkanları ilə bağlı maraqlı yanaşması olan cənab Ayxnerlə söhbətə başlayırıq.
- Öncə özünüzü oxucularımıza təqdim edin. Nə vaxtdan Bakıdasınız?
- Adım Benyamin Ayxnerdir. Ailəliyəm. Almaniya vətəndaşıyam. Şəhərinizə yeni gəlmişəm. Üç həftədir ki, buradayam.
- Neçə ildir, bu sektordasınız? Keçdiyiniz turizm yoluna nəzər salaq...
- 10 ilə yaxındır ki, turizm sektorunda çalışıram. İlk işim mətbəx və restoranın idarə olunması ilə bağlı olub. Hotelçiliyə restoran işindən gəlmişəm. Əsas sahəm qida və içkidir. Bakıya gəlməmişdən öncə Rusiyanın Həştərxan şəhərində işləmişəm. 6 il Rusiyada hotel sektorunda çalışmışam. Ondan əvvəl Almaniyada işləmişəm. Ən maraqlı və yaddaqalan fəaliyyətim isə Karib və Havay adalarına, Alyaskaya turist daşıyan hotel-gəmidə olub. 2011-ci ildən isə “Park İnn Radisson” hotellər şəbəkəsində baş menecer kimi çalışıram.
- Belə başa düşdüm ki, hotel-gəmidə işləmək daha maraqlı olub?
- Mən hətta deyərdim ki, inanılmaz dərəcədə maraqlı idi. Təsəvvür edin, həm öz işinizi görürsünüz, həm də dünyanın müxtəlif məkanlarına səyahət edirsiniz. Müxtəlif mədəniyyətlərlə, insanlarla tanış olursunuz. Çox maraqlı idi. Amma deyim ki, maraqlı olduğu qədər də çətindir. Gəmidə işlədiyiniz üçün getməyə yeriniz yoxdur. Bütün həftəni istirahət günü olmadan işləyirsiniz. 7 ay eyni rejimdə, istirahət günü olmadan. Müqaviləmiz belə idi.
- İşlədiyiniz ölkələrlə Azərbaycan arasında hansı fərqlər var?
- Müşahidələrimdən deyə bilərəm ki, buranın insanları ilə təbiəti arasında əsrarəngiz uyğunluq var. İnsanları da iqlimi kimi mülayimdir. Mən bu bölgənin insanları ilə Həştərxanda işləyərkən tanış oldum. Rusiyanın cənub şəhərində müşahidə etdiyim səmimiyyət, ünsiyyətə açıqlıq, qonaqpərvərlik, gülərüzlülük Azərbaycanda da var və deyərdim, burada daha çoxdur. Ümumiyyətlə, soyuq iqlimi olan ölkələrdə bu cür xüsusiyyətləri müşahidə etmək olmur. Mən ona görə bəzən insanların xüsusiyyətlərini iqlimlə bağlayıram.
- Tanınmış bir hotelin meneceri kimi deyil, sadə əcnəbi turist kimi təəssüratlarınız necədir?
- Az müddətdir ki, şəhərinizdə olmağıma baxmayaraq, Bakının bir sıra yerlərinə baş çəkmişəm. İçərişəhərdə olmuşam, soyuq olmasına baxmayaraq, Xəzər dənizinin gözəl mənzərələrini seyr etmişəm. Şübhə etmirəm ki, yay və payız aylarında şəhəriniz xüsusilə gözəl olur. Bir də onu deyim ki, Bakının turizm infrastrukturu məni valeh etdi. İstənilən əcnəbi turist burada çaşqınlıq yaşamaz. Yollarda işarələr hara getmək istədiyinizi aydın göstərir, təmizlik, müasirlik, yaxşı təşkil olunmuş nəqliyyat sistemi, metro - bütün bunlar çox əladır. Mənim həyat yoldaşım Cənubi Afrikadandır. Biz hərdən Fəvvarələr bağında gəzirik. Şəhər ümumilikdə onun çox xoşuna gəlir. Şəhəriniz müxtəliflikləri özündə ehtiva edir. Turist üçün bir şəhərdə bu qədər müxtəliflik görmək həm rahatdır, həm də maraqlıdır. Məsələn, müasir unikal binalarla İçərişəhər, Qız qalası ilə Şirvanşahlar sarayı tamam fərqli hisslər yaradır. Xəzər dənizi, şəhərin gecə mənzərəsi əsrarəngizdir. Burada mətbəx də zəngindir. Demək olar ki, istənilən ölkənin mətbəx nümunələrinə Bakıda rast gəlmək olur. Restoranlar, əyləncə mərkəzləri, istirahət məkanları müasir standartlara cavab verir. Turist üçün hər cür infrastruktur yaradılıb.
- Necə oldu ki, işləmək üçün Azərbaycana gəldiniz, qərarınıza təsir edən xüsusi məqam oldumu?
- Mən deyərdim ki, Azərbaycanda işləməklə bağlı qərarıma ötən il Bakıda keçirilən “Eurovision” musiqi yarışması xüsusi təsir etdi. Müsabiqə əla təşkil olunmuşdu. Fasilələr zamanı yayımlanan Azərbaycan musiqisi, təbiətinizdən, gəzməli-görməli yerlərdən hazırlanmış çarxlar məndə xüsusi təəssürat yaratdı. Odur ki, Azərbaycanda işləmək təklifi alanda bir an belə tərəddüd etmədim. Ölkəniz haqqında internetdə də müəyyən qədər araşdırma apardım. Amma yenə də deyim ki, əsas məqam “Eurovision” yarışması oldu. Ümumiyyətlə, Azərbaycan məni təbiəti ilə yanaşı, iqtisadiyyatı ilə də cəlb etdi. Ölkəniz dinamikdir, tikinti, quruculuq gedir, dünyanın ən məşhur hotelləri açılır, iqtisadiyyat inkişaf edir. Axı turizm də iqtisadiyyatdır.
- Bakıdan kənarda, regionlarda olmusunuzmu?
- Xeyr, olmamışam. Amma “Eurovision” yarışmasında gördüyüm bütün mənzərəli yerlərdə olmaq istəyirəm. İlk imkanda regionlara gedəcəyəm. Daha maraqlı təəssüratlar yaşayacağıma şübhə etmirəm. Öz avtomobilim var. Regionları şəxsi avtomobilimlə gəzmək fikrindəyəm.
- Yəqin ki, bu müddət ərzində restoranlarda olmusunuz. Bir turist kimi xidmətin səviyyəsi sizi qane edirmi?
- İlk öncə onu deyim ki, mən xidmətin səviyyəsini boşqabı, stəkanı sağdan və ya soldan stola qoymaqla, qaydalara ciddi əməl etməklə ölçmürəm. Mənim üçün əsas gülərüz, mehriban və dostcasına xidmətdir. Köhnə fransız məktəbinin xidmət kriteriyalarına xüsusi əməl etməyi də vacib saymıram. Gördüyüm qədərilə, burada xidmət sektorunda işləyənlər müəyyən hazırlıq keçiblər. Mehribanlıq, səmimiyyət isə insanların özündə var. Ona görə də məni qane etdi. Bir də onu deyim ki, işçilərin peşəkarlığı menecerlərdən asılıdır. Sizin onlara özlərini inkişaf etdirmək üçün nə qədər vaxt verməniz və özlərinin göstərdikləri səy önəmlidir. Məsələn, mən 3 il işlədikdən sonra ofisiant ola bildim. Ümumiyyətlə, işçilərin bilik və bacarıqları onlara verilən imkanlarla bağlıdır. Bir menecer kimi işçilərinizin inkişafına nə qədər diqqət ayırırsınızsa, bir o qədər də xidmətin səviyyəsi artmış olur.
- Azərbaycan mətbəxindən necə, dada bilmisinizmi?
- Bəli, dadmışam. Lüləkabab çox xoşuma gəldi, qoyun ətindən hazırlanmış yeməklər də əladır, mənim damaq dadıma uyğundur. Yeməklərə qatılan ədviyyatlar, acılıq xüsusi tam verir ki, bu da çox xoşuma gəlir. Azərbaycanın özündə becərilən meyvə-tərəvəzlər də dadlıdır, görünüşləri xoşdur, Avropa ilə müqayisədə daha çox təbiidir.
- 10 ildən sonra Azərbaycanın turizm infrastrukturunu necə görürsünüz?
- Fikirləşirəm ki, Azərbaycanda turist bumu yaşanacaq, əcnəbi turistlər Bakını kəşf etmək istəyəcəklər. Ölkə inkişaf edir. İnfrastruktur, metro sistemi, ictimai nəqliyyat, restoranlar, qədimlik və müasirlik mövcuddur. Ona görə turist axınının çox olacağını və turizmin inkişaf edəcəyini düşünürəm.
- Bəs özünüz, kifayət qədər vəsaitiniz olsaydı, Azərbaycanın turizminə sərmayə yatırardınızmı? Məsələn, yeni bir hotel açmaq istərdinizmi?
- Kiçik büdcəmlə çətin ki, bunu edə biləm. Amma görünən odur ki, Azərbaycan turizmi, yerli iş adamları kimi, xaricilər üçün də cəlbedicidir. “Hilton”, “Mariott”, “Four Seasons”, “Kempinski” hotelləri istifadəyə verildi, “Fairmont” hoteli yaxın zamanlarda açılacaq. Bu hotel şəbəkələrinin sahibləri, belə deyim, pullarını saymağı bacarırlar. Sadəcə, artıq vəsaitləri olduqlarına görə investisiya qoymurlar. Bütün bunlar düşünülmüş biznes qərarlarıdır və sərmayələrinin geri dönəcəyinə əmindirlər ki, yatırımlar edirlər. Ümumiyyətlə, turizmə sərmayə yatırmaq ağıllı qərardır, Azərbaycan kimi inkişaf edən ölkələrdə isə xüsusilə. İmkanım olsaydı, Azərbaycanda düşünmədən hotel açardım. Hazırda dünya üzrə turistlərin səyahət üçün xərclədikləri vəsaitdə də artım var. Bu isə sektorun hələ də inkişafda olduğunu göstərir.
- Yerli hotel menecerlərinə idarəetmə ilə bağlı nə məsləhət görərdiniz?
- İlk öncə hotel meneceri yaxşı müəllim olmalıdır. İşə götürdüyünüz insanlara nə etməli və necə etməli olduğunu səbrlə öyrətməlisiniz. Bəzən yanlış olaraq fikirləşirlər ki, lazımi avadanlıq, imkan varsa işçi işləyə bilməlidir. Məsələn, hər hansı bir şəxsə avtomobili düzəltmək üçün lazım olan alətlər verilsə, o bu işin öhdəsindən gələ bilərmi, xeyr. İnsanlar zamanla öyrənirlər. Onlara, sadəcə, öyrənmək, inkişaf etmək üçün imkan yaratmaq lazımdır.
- Xidmət sektorunda çalışanları treninq üçün hansı ölkəyə göndərməyi məsləhət görərdiniz?
- Tailandda inanılmaz qonaqpərvərlik var. Müştəriyə necə qulluq etməyi gec və ya tez işçilərə öyrətmək olar, ancaq Tailandda xidmətin, qonaqpərvərliyin fəlsəfəsi tamam başqadır, dərindir. Siz orada inanılmaz xidmət mədəniyyəti, ənənəsi kəşf edirsiniz.
- Təsəvvür edin ki, Bakıya bir turist kimi gəlmisiniz. Hansı hoteldə qalardınız?
- Əlbəttə ki, “Park İnn”də (gülür). Ümumiyyətlə, qərarvermə prosesinə təsir edən amillər var. Bu daha çox sizin üstünlük verdiyiniz məqamlarla bağlıdır, hava limanına yaxın olmaq istəyə bilərsiniz və ya şəhər mərkəzinə. Dənizkənarı mənzərə, əyləncə mərkəzlərinə yaxınlıq, ticarət mərkəzlərinin olması, şəhərin tarixi yerlərinə piyada məsafə, qiymətlərin cibə uyğunluğu sizi cəlb edə bilər. Bütün bunlar hər bir turistin individual seçimlərindən asılıdır. Mənə gəldikdə, seçim imkanım olmasa da, bəxtim gətirib. İstəklərimlə uyğunluq təşkil edən bir hotelin meneceriyəm.
- Bakını dünyanın hansı şəhəri ilə müqayisə edərdiniz?
- Bakını hər hansı başqa şəhərlə müqayisə etmək çətindir. Həm bənzərliklər var, həm də fərqlər. Şəhəriniz unikaldır. Müasir və baxımlı şəhərdir. Müqayisəyə gəlincə, Soçini demək istəyərdim, amma o, Bakıdan geridə qalır. İtalyanın Florensiya, Sieana şəhərlərinə də bənzətmək olar. Bakı, ümumiyyətlə, hərtərəfli şəhərdir, ona görə də hansısa şəhərin dəqiq adını çəkmək olmur. Bəzi nüansları ilə Bakı Dubaya, Birləşmiş Ərəb Əmirliklərinin digər şəhərlərinə də bənzəyir. Eyni zamanda qədim tarixi olan, Şərq və Qərb elementlərini əks etdirən bənzərsiz bir şəhərdir.
Sadiq Musa