İlham Nəzərov: “İtaliyada təhsil almaq uşaqlıqdan arzum olub”
Onun repertuarında italyan, fransız, alman, rus, ingilis, eston, Azərbaycan bəstəkarlarının əsərlərini zövqlə dinləmək olar. Bir çox dünya şöhrətli opera ifaçılarından - Alla Simoni, William Matteuzzi, Mariella Devia, Antonio Juvarra, Sonia Prina, Cristina Muti, Raina Kabaivanskaya, Franco Fagiolidən dərs alıb. Adları tarixə düşmüş dirijorlar - Antonio Greco, Carlo Goldstein, Stefano Demicheli, Jacub Klecker, Alejo Perez və digərləri ilə tamaşa və konsertlərdə çıxış edib. Azərbaycan Dövlət Opera ve Balet Teatrında Ü.Hacıbəylinin “Leyli ve Məcnun” operasında Nofəl, R.Leonkavallonun “Təlxəklər” operasında Silvio, V.Motsartın “Sehrli fleyta”sında Papageno, C.Puccininin “Canni Skikki” operasında Betto di Sinya, Sergey Raxmaninovun “Aleko”sunda Aleko rolunu ifa edib. Heydər Əliyev Sarayında tamaşaya qoyulan R.Koççantenin “Notre Dame de Paris” müziklində Kvazimodo, Firəngiz Əlizadənin “İntizar” operasında Yad adam obrazlarını canlandırıb...
Oxucunu daha çox intizarda saxlamayıb müsahibimizi təqdim edirəm: İlham Nəzərov. 1985-ci ildə anadan olub. Musiqiyə gəlməyinin səbəbi isə Tanrının bəxş etdiyi səsdir. İlham Nəzərov olduqca nadir səs sayılan iki səs tembri ilə (bariton və kontrtenor) ifa edən opera ifaçısıdır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Ozimo şəhərində yerləşən D\"Arte Lirica Akademiyasında kontrtenor səs tembri üzrə təhsil alır. Müsahibim bizə təhsilindən, bu günündən, gələcək planlarından danışdı.
- Necə oldu musiqiyə gəldiniz? Ailənizdə musiqiçi varmı?
- Ailəmizdə və qohumlarım arasında musiqiçi yoxdur, ilk mənəm. Hər şey orta təhsildən başladı. Bülbül adına orta ixtisas məktəbində təhsil almışam. Öncə xanəndəlik, sonra vokal sinfində təhsilimi davam etdirdim. Bakı Musiqi Akademiyasında vokal üzrə bakalavr, daha sonra magistr təhsilini başa vurdum. İş həyatına da ali təhsil aldığım illərdə başladım. Musiqili Komediya Teatrında, Dövlət Filarmoniyasının nəzdindəki mahnı və rəqs ansamblında, daha sonra Dövlət Xor Kapellasında çıxış etdim, “Üns” yaradıcılıq səhnəsi fəaliyyətə başladığı vaxtdan isə orada çalışıram.
- Xarici ölkədə təhsilinizi davam etdirmək istəyi haradan yarandı?
- İtaliyada təhsil almaq uşaqlıdan arzum idi. Lakin ailəmin buna maddi imkanı olmayıb. Demək ki, arzuların reallaşdığı anlar da olur. Buna can atmaq lazımdır. Dövlətimizin dəstəyi ilə mənə bu imkan verildi. Hazırda oxuduğum D\"Arte Lirica Akademiyasına qəbul olmaq da çətindir. Oraya Türkiyə, Ukrayna, Meksika, Yaponiya, Koreya, Almaniya, Braziliya kimi ölkələrdən olduqca istedadlı insanlar təhsil dalınca gəlirlər. Akademiya dünyada ad qazanmış, sayılıb-seçilən təhsil ocağıdır. Onu da deyim ki, qəbul olunmaq hələ məzun olacağının qarantı deyil. Çünki növbəti təhsil ilinə keçmək üçün müəllimlər rəy yazırlar və nəticələrə əsasən sən ya təhsili davam etdirirsən, ya da akademiyanı tərk edirsən. Amma mən öhdəsindən gələ bildim.
- Ora getmək üçün burada ali təhsil almanız şərtdirmi?
- D\"Arte Lirica Akademiyasına səsi hazır olan, vokalı bilənləri qəbul edirlər. Orada musiqinin ibtidai təhsilini vermirlər, professionallığı təkmilləşdirirlər. Təhsilimin üçüncü ilidir. İyun ayında bitirib qayıdıram. Akademiyada hər ilin öz qayda-qanunları var. Birinci il hazırlıqdır. Qəbul olunanlar birinci il italyan dilini öyrənirlər. Daha sonra vokal dərsləri başlayır.
- İlk getdiyinizdən bu günə qədər sizi təəccübləndirən nə oldu? Hər halda Azərbaycanda ali təhsil almısınız və işləmisiniz...
- Məni daha çox təəccübləndirən akademiyanın sərt qaydaları oldu. Əgər burada 45 dəqiqəlik bir ariyanı bir aya öyrənirəmsə, orada bunun üçün sənə bir həftə vaxt verirlər. Akademiyada hər tələbəyə fərdi yanaşırlar. Hər hansı qəlib yoxdur. Bizim alətimiz də səsimizdir. Onlar səsin formalaşmasına fərdi baxırlar. Bundan başqa, səsi ağılla nəzarətdə saxlamağı bacarmaq lazımdır. Gözəl səs vacibdir, lakin daha vacib olan səsi idarə etməkdir.
- Sərt qaydalardan danışdınız. Sənət adamları adətən azad ruhlu və həssas olurlar. Oranın ortamı sizi yormadı ki?
- Geri qayıda bilməzdim, dövlət tərəfindən mənə etimad göstərilmişdi. Həmçinin nəyisə çox istədikdə ona dözürsən. İnsana şans bir dəfə verilir. O şansı maksimum dəyərləndirmək lazımdır. Təbii ki, çətinliklər çox olur. Başqa mühit, tanış olmayan insanlar. Burdan getdiyimdə düşünürdüm, italyan dilini bilirəm. Ancaq yanılırmışam.
- İtalyan dili opera dilidir. Təbii ki, burda italyan dilinə bələd idiniz. Lakin bu dildə daim danışmaq, ünsiyyətdə olmaq tam başqadır. İtalyan dilində sevdiyiniz kəlməni bizə deyin.
- Akademiyada mənə “İlham, sei la nostra stella” deyirlər. Tərcüməsi “İlham, sən bizim ulduzsan!” deməkdir. Yəqin ki, yaddaşımda ən çox qalan bu olacaq. Çünki bu sözü daha çox sənətə olan qiymət kimi dəyərləndirirəm. O qədər əziyyətin qarşısında bu cür sözlər eşidəndə insan həvəslənir.
- Akademiyada başqa ölkələrdən olan tələbələrlə aranız necədir?
- İspaniya, Meksika, Ukrayna, Qazaxıstan, Estoniya və s. ölkələrdən xeyli dostlar qazandım. Bir də onu deyim ki, düzgün insanlarla qarşılaşdığımda, ünsiyyətdə olduqda milliyyətindən asılı olmayaraq dostluq, yoldaşlıq edə bilirəm.
- Musiqimizi, sənətimizi orada təbliğ edirsiniz, bu, məlum məsələdir. Bəs mədəniyyətimizi onlara aşılayırsınızmı?
- Milli yeməklərimizi bişirirəm. Artıq Azərbaycan plovunun, dolmanın dadına baxıblar, çox bəyəniblər. Bizim adətlərimiz də onlara maraqlıdır, öyrənirlər. Mentalitetimizdən, məişət qanunlarımızdan danışıram. Qarşılıqlı olaraq mən də onlardan öyrənirəm. Maraqlı fikir mübadiləsi gedir.
- Bizə bir qədər İtaliyadan danışın. Azərbaycanlılar bu ölkəni çox sevirlər...
- Gözəl ölkədir. İtalyanlar da bizə çox oxşayır. Bizim kimi istiqanlıdırlar. Lakin şimal bölgəsinin insanları soyuqqanlı olur. Milanda yaşayanlar zövqlü geyimə üstünlük verirlər. Romada isə insanlar istiqanlı və mehribandırlar. Kömək etməyə çalışırlar hər zaman. Mən yaşadığım vilayətdə də insanlar soyuqqanlıdır. Ona görə Romanı daha çox sevirəm.
- İtaliyada opera səhnəsində çıxışlarınız olub?
- Roma Opera Teatrında çıxış edən ilk azərbaycanlı opera ifaçısıyam. Yanvar ayında D.Şostakoviçin “Burun” operasında Mayor obrazını canlandırdım. Tamaşada Rusiyadan, Ukraynadan, İspaniyadan solistlər iştirak edirdilər. Onlarla bir yerdə səhnə bölüşmək olduqca məsuliyyətli və zövqlüdür. Şostakoviçin musiqisi olduqca çətindir. “Burun” operasında isə musiqi və vokal bir-birindən fərqlənir. Gərgin məşqlər gedirdi. Nəticə uğurlu alındı.
Bundan başqa, 2012-ci ilin iyul ayında İtaliyada dünya musiqi festivalları arasında möhtəşəmliyi ilə seçilən 38-ci “Della Valle D’itria” festivalında çıxış etmişəm. Orada Luici Rossininin “Orfeo” operasında baş rolu - Orfeo obrazını canlandırmışam. Bu günlərdə, aprelin 6-da isə Çexiyada, Janackovo Opera Teatrında Benjamin Brittenin “A Midsummer Night’s Dream” operasında baş rolu ifa edəcəyəm. Bu yaxınlarda Vyana şəhərində məşhur estoniyalı bəstəkar Avro Partın “Stabat Mater” əsərini ifa etmişəm. Dəvətlər olur. Çalışıram yararlanım.
- İtaliyada Azərbaycan musiqisi ifa edirsinizmi?
- Akademiya tələbələri arasında hər ölkənin musiqisi üzrə müsabiqə keçirildi və Azərbaycan musiqisi ikinci yerə çıxdı. Xalq mahnısı “Sarı gəlin”i ifa etdim. Təəssüf ki, milli alətlərlə ifa edə bilmədim. Lakin pianonun müşayiəti ilə maraqlı ifa alındı. Artıq Akademiyada o musiqi səslənəndə ağıllarına yalnız Azərbaycan gəlir və tələbələr bu musiqini tez-tez zümzümə də edirlər. Bu, məni çox sevindirir.
- Təhsili bitirdikdən sonra planlarınız?
- Orada müxtəlif təkliflər alıram. Lakin yayda Bakıya qayıdacağam, sentyabrdan da Akademik Opera və Balet Teatrında, Xor Kapellasında fəaliyyətə başlayacağam. Tələbələr yetişdirməyə çalışacağam. Dəvətlər olduqda xarici ölkələrə gedəcəyəm. Tamaşanı oynayıb geri qayıdacağam. Öz musiqimizə xidmət edəcəyəm.
Söhbətləşdi: Reyhan İsayeva