Şahmar Qəribli: “Təvazökarlığı valideynlərimdən və müəllimlərimdən öyrənmişəm”
Özü demişkən, Sumqayıt teatrında işə qəbul olunanda hamı oraları “Gənclik şəhəri” kimi tanıyırdı. İndi isə Sumqayıt “Gənclik şəhəri” statusunu təhvil verib, Şahmar Qəribli də artıq 60 yaşına çatıb. Deməli, aradan xeyli zaman keçib.
Amma arxada qalan illəri müsahibim boşuna yaşamayıb. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında bir-birindən maraqlı obrazlar yaradıb. Doğma teatrın səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər”inə quruluş verib.
Azərbaycan Televiziyasının “Sabah” yaradıcılıq birliyində Yusif Vəzir Çəmənzəminlinin əsərləri əsasında hazırlanan “Ağ dünyam” tamaşasının quruluşçu rejissoru və baş rolun ifaçısı kimi uğurlu bir işə imza atıb. Müxtəlif telekanallarda hazırlanan və maraqla baxılan sənədli filmlərin rejissoru olub.
Şahmar Qəriblinin kinomuzda da öz yeri var. Bu yeri “Qəzəlxan”, “Fəryad”, “Yerlə göy arasında”, “Cavid ömrü”, “Dolu”, “Sübhün səfiri”, “Çölçü” və başqa filmlərdə yaratdığı rollarla qazanıb.
- Sizinlə teatr aktyoru və rejissoru, kinematoqrafçı kimi danışmaq üçün xeyli mövzu var. Başlayaq teatr aktyoru Şahmar Qəriblidən. Fəaliyyətiniz Sumqayıt Musiqili Dram Teatrı ilə sıx bağlıdır. Amma bioqrafiyanızın bir Şəki mərhələsi də var...
- İncəsənət İnstitutunda görkəmli pedaqoq və rejissor Adil İsgəndərovun kursunda oxuya-oxuya televiziyadan, radiodan, kinostudiyadan dəvətlər alırdım, çəkilirdim, dublyajda iştirak edirdim. Adil müəllim bizi kino aktyoru kimi hazırlayırdı və kinostudiyada işə götürmək istəyirdi. Lakin iş elə gətirdi ki, onu kinostudiyanın direktoru vəzifəsindən azad etdilər, kurs yoldaşlarımın hərəsini bir yerə göndərdilər. Mənim də təyinatımı Şəki Dövlət Dram Teatrına verdilər. Lakin orada cəmi üç ay qala bildim. Çünki yaradıcılıq potensialımı tam açmaq üçün şərait yox idi.
- Elə ilk gündən iddianız belə böyük idi?
- Söhbət böyük iddiadan getmir. Diplomu alan kimi gedib Şəki teatrında dağı dağ üstə qoyan deyildim ki... Sadəcə, orada yaradıcılıq üçün geniş imkan yox idi. Teatr fəaliyyətə tam başlamamışdı, səhər-axşam məşq edib dağılışırdıq... Paytaxtda isə mühit tam fərqli idi. Bayaq dediyim kimi, televiziyanın, radionun, kinostudiyanın qapılarını artıq açmağa başlamışdım. Ona görə də üç aydan sonra Bakıya qayıdası oldum.
O zaman Sumqayıt teatrının baş rejissoru Vaqif Şərifov məni işə çağırdı, hətta yataqxanada yerlə təmin etdi və oldum sumqayıtlı. 1991-ci ilə kimi bu teatrda aktyor kimi çalışdım. “Komsomol poeması”nda Şahsuvar, “Adamın adamı”nda Fağır Bağır, “Müfəttiş”də Qumarbaz, “Dəyirman”da Kərim müəllim, “Bütün Şərq bilsin”də Jandarm və başqa rollar oynadım. Özü də səhnəyə çıxan gündən qarşıma prinsip qoymuşdum. Heç kimə bənzəməmək, heç kimi təkrarlamamaq və ən epizodik rolu belə yaddaqalan etmək. Sonra getdim Moskvaya, ali rejissorluq kursunda təhsil aldım. 9 aydan sonra imtahan verib təhsilimi vaxtından əvvəl başa vurdum.
- Aktyor kimi tanınmaq sizi qane etmədiyindən rejissor olmaq qərarına gəldiniz?
- Bu, bir-iki günə verilmiş qərar deyildi. Səhnədə çalışdığım illərdə bu prosesin getdiyini hiss edirdim. Satira janrında iki tamaşa da hazırlamışdım və müsbət fikirlər eşidirdim. Əslində burda qəribə bir şey də yox idi. Çünki hər bir aktyorun daxilində rejissorluq var. Bu dəfə də Tanrı məni güclü müəllimlə görüşdürdü. Leonid Xeyfetsin emalatxanasında ali rejissorluq kursunda oxudum. Həmin il çox böyük seçim olmasına baxmayaraq, bu görkəmli rejissor mən də daxil olmaqla cəmi üç nəfəri həmin kursa qəbul etdi.
- Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinə verdiyiniz quruluşun yaratdığı əks-sədadan belə başa düşdüm ki, aktyor olaraq heç kimi təkrarlamayan Şahmar Qəribli rejissorluqda da bu prinsipə sadiq qalıb...
- Başqa cür ola da bilməz. Sənin əsərə yozumun digər rejissorun baxışından fərqlənmirsə, o tamaşanı niyə hazırlayırsan? Sumqayıt teatrı “Ölülər”i Bakıda tamaşaçılara təqdim edəndə görkəmli sənətkarlarımız Məlik Dadaşov və Həsənağa Turabov müsbət fikirlər səsləndirdilər. Tamaşanın özü və xüsusilə rəhmətlik Məzahir Ağayevin ifasındakı Şeyx Nəsrulla onların çox xoşuna gəlmişdi. Bizim tamaşada Şeyx Nəsrulla əsərin qəhrəmanı idi. Mən quruluşçu rejissor kimi klassik əsərə müdaxilə etməmişdim. Mirzə Cəlilin öz mətnindən istifadə edərək belə bir yozum vermişdim. Şeyx Nəsrulla hara gedirsə hadisəni özü qurur, özü də idarə edir. O, bizim nağılsevər millət olduğumuzu yaxşı bildiyindən maraqlı nağıllar uydurur. Camaat da Kefli İsgəndərə yox, ona inanır.
- Bu gün hansı klassik əsərə quruluş verməklə tamaşaçını təəccübləndirə bilərsiniz?
- Qismət olsa, Mirzə Cəlilin “Dəli yığıncağı” və Cəfər Cabbarlının “Aydın” pyeslərini hazırlamaq istəyirəm. Hər iki əsər günümüzlə çox səsləşir.
- İstərdim, söhbətin bu yerində kinonun qazandığı Şahmar Qəriblidən danışaq...
- Bayaq dediyim kimi, Adil İsgəndərovun sayəsində tələbə vaxtlarından kino aləmindəyəm. İlk rola 1986-cı ildə Tofiq İsmayılovun “Yay gününün xəzan yarpaqları” filmində çəkilmişəm. O vaxtdan bu günə kimi mütəmadi dəvətlər alıram. Ssenarisini bəyənmədiyim, yaxud maddi şərtləri məni qane etməyən və geri çevirdiyim təkliflər də olub. Hər filmə də çəkilmək olmur axı...
- Hər bir bədii film böyük yaradıcı və texniki heyətin birgə əməyi sayəsində ekrana çıxır. Uğurlu nəticədən filmdə əməyi olan hər kəsə pay düşür. “Dolu” filminin qazandığı uğur münasibətilə sizi də təbrik etmək olar...
- Kinonun içində olan, bu sahədə yaxşını pisdən ayırmağı bacaran adam kimi deyə bilərəm ki, “Dolu” son illərdə milli kinomuzun qazandığı ən böyük uğurlardan biridir. İstedadlı yazıçı Aqil Abbasın eyniadlı əsəri əsasında Elxan Cəfərovun çəkdiyi filmdə Mühasib rolunu oynamışam. Məni filmə dəvət edən hər bir rejissora deyirəm ki, tapşırılan rola vicdanla və məsuliyyətlə yanaşacağam, film ekrana çıxanda mənim roluma görə heç kim sizi tənqid etməyəcək. İnanıram ki, “Dolu”dakı oyunuma görə də Elxan Cəfərovu tənqid edən olmayıb. İlk dəfə idi ki, onun filmində çəkilirdim. Aktyorla işi çox gözəl bacarır, konkretliyi sevir.
- Bir sıra sənədli filmlərdə quruluşçu rejissor kimi çalışmısınız. Bədii film çəkmək fikriniz yoxdur ki?
- İki ssenarim var. Təkliflərimi “Azərbaycanfilm”ə təqdim etmişəm.
- 60 illik yubileyinizi necə qeyd etdiniz?
- Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının rəhbərliyi yubiley münasibətilə təbriklərini çatdırdılar, pul mükafatı verdilər. Bunun özü yaradıcı adama böyük diqqətin göstəricisidir. Əlavə təmtərağa nə ehtiyac? Valideynlərimdən və sənət müəllimlərimdən təvazökar həyat sürməyi öyrənmişəm. İnsan çalışdığı sahədə uğur qazana bilirsə, deməli əbəs yerə yaşamır...
Etibar Cəbrayıloğlu