Elnarə İsmayılova : “Azərbaycan musiqisi o dərəcədə gözəldir ki, ifa etdiyim ölkələrdə hər zaman müsbət qarşılanıb, sevilib”
   
   Bu xanım Almaniyada çox sevilir. Peşəkar musiqiçidir. 20 ilə yaxındır Almaniyada yaşayır. Mahir piano ifaçılığı, yüksək intellektual səviyyəsi ilə Azərbaycanı “köhnə qitə”də layiqincə təmsil edir. Elnarə İsmayılova dahi bəstəkar Lüdviq van Bethovenin vətəni Bonn şəhərində keçirilən piano ifaçılığı müsabiqəsinin qalibi olub. Almaniyanın Bayroyt şəhərində ənənəvi olaraq keçirilən Rixard Vaqner festivalında görkəmli bəstəkar və pianoçu Ferents Listin əsərlərinin ən parlaq və özünəməxsus fərqliliklə ifa və interpretasiyasına görə mükafata layiq görülən ilk azərbaycanlıdır. Almaniya-Avstriya Mədəniyyət və Musiqi Cəmiyyətinin fəxri üzvüdür, Almaniyada beş kompakt diski çıxıb.
   
   Elnarə İsmayılova Bakıda Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfini və Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirdikdən sonra Almaniyaya köçüb. Bizimlə söhbətə də elə buradan başladı:
   
   - Sərhədlərin yeni açıldığı vaxtlarda Almaniyada beynəlxalq konsert keçirilirdi. Mənim də daxil olduğum azərbaycanlı musiqiçilər heyəti həmin tədbirdə iştirak edirdi. İlk səfərdən sonra əlaqələr yarandı və mən 1995-ci ildə Almaniyada daimi işləməyə dəvət aldım. Çıxışlarla bərabər təhsilə də maraq göstərirdim. Onu da deyim ki, Azərbaycanda musiqi təhsili yüksək səviyyədədir və konservatoriyanı bitirmiş şəxs kimi bunu Almaniyada bir daha yəqin etdim. Köln və Essen musiqi akademiyalarının aspirantura bölmələrini fərqlənmə diplomları ilə bitirdim. Hazırda hər iki akademiyada dosent işləyirəm.
   - Gənc ikən xarici ölkəyə getmək, orada daimi yaşamaq, işləmək, uyğunlaşmaq çətin olmadı ki?
   - Alman dilini müəyyən qədər bilirdim. Bundan əlavə, musiqiçinin öz dünyası, öz dili var. Ünsiyyət üçün musiqinin özü bəzən ən gözəl vasitəyə çevrilir. Ünsiyyət baxımından elə ciddi problemlərim olmasa da, iqlimlə bağlı müəyyən sıxıntılar yaşadım. Günəşli Azərbaycandan boz, tutqun səmalı Almaniya təbiətinə düşdüm. Lakin məni yenə də musiqi xilas etdi. Mədəniyyət, mentalitet, adət-ənənə və s. fərqlər var idi. Gənc idim, yenilikləri qəbul edirdim. Lakin önəmli olan özlüyünü qorumaqla yeniliyi qəbul etməkdir və mən çalışdım ki, birini itirmədən ikincini qazanım. İnsanın kimliyi vacib amildir. İstənilən ölkədə buna əhəmiyyət verirlər. Sən o zaman təsdiqlənirsən ki, kökün, kimliyin var. Öz mədəniyyətin var.
   - Azərbaycana tez-tez gəlirsiniz?
   - İlk 4 il çox gərgin olduğundan gələ bilmirdim. Həm təhsil, həm konsertlər çox olurdu. Aspiranturanı bitirdikdən sonra işlər qaydasına düşdü və ürək rahatlığı ilə gəlib-gedə bilirəm. Bura gələndə insan rahatlıq tapır, dincəlir. Almaniyada isə işimlə əlaqədar gərginlik çox olur.
   - Orada tələbələriniz var. Bura da tez-tez gəlirsiniz. Gənclər sizə hansı təsiri bağışlayır?
   - Hər millətin emosiyası, temperamenti musiqi ilə sıx bağlıdır. Avropalı musiqini daha sakit temperamentlə, azərbaycanlı içdən, daxilən yaşayaraq ifa edir. Onlar sakit, romantik üsluba daha yaxındırlar. Biz isə daha çılğınıq. Təhsil baxımından isə ölkəmiz heç də onlardan geri qalmır. Qeyd etdiyim kimi, Azərbaycanda musiqi təhsili beynəlxalq səviyyədədir. Lakin Avropa, alman bəstəkarlarını onların öz vətənində öyrənmək həmin bəstəkarın musiqi dünyasını milli çalarları ilə mənimsəmək deməkdir.
   - Azərbaycan musiqisini orada təbliğ edirsinizmi?
   - İlk illər peşəkarlığımı göstərmək, təsdiq etmək üçün Avropa bəstəkarlarının əsərləri ilə çıxış etməli oldum. Hər hansı ada, pilləyə çatdıqdan sonra artıq konsert proqramlarıma, dahi Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də daxil etdim. Bu, həmişə maraq, sevgi və müvəffəqiyyətlə qarşılanırdı. Almaniyada yeni mədəniyyət hər zaman maraq doğurur. Bizim musiqi o dərəcədə gözəldir ki, ifa etdiyim ölkələrdə hər zaman müsbət qarşılanıb, sevilib. Musiqimiz hər kəsin ruhuna, mənəviyyatına toxuna bilir.
   - Daha çox hansı bəstəkarlarımızın əsərlərini ifa edirsiniz?
   - Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Firəngiz Əlizadə və digər bəstəkarların musiqilərini ifa edirəm. Firəngiz Əlizadə Almaniyada tanınmış bəstəkardır. Tofiq Quliyevin “Qaytağı” əsərini ifa etdiyimdə bütün zala çaxnaşma düşür. Məni Almaniya radiosuna dəvət etdilər və radionun qızıl fonduna mənim ifamda Qara Qarayevin əsərləri daxil edildi. Bu bizim musiqimizə, Qara Qarayev sənətinə verilən yüksək qiymətdir.
   - Almanların hansı xüsusiyyətləri sizi heyran edir?
   - Olduqca sadiqdirlər. “Dost” sözü onlarda adi bir söz deyil. Dost qazandınızsa, bu artıq ömürlükdür. Əcnəbi olaraq ora getdikdə bu cür dostların olması insana əmin-amanlıq, güvən verir.
   - Musiqiçi kimi uğurlarınız çoxdur. Elnarə İsmayılova nəyə can atır?
   - Avropada, Almaniyada bizim mədəniyyəti daha geniş təbliğ etmək istəyirəm. Ona görə hansısa ölkəyə konsertə getdikdə mütləq milli musiqimizi ifa edirəm. Hətta bir vokalçıya Azərbaycan dilində mahnılarımızı da öyrətmişəm, mənim müşayiətimlə mahnılarımızı çox gözəl oxuyur. Təbliğat prosesinə artıq başlamışam. Tələbələrim var, onlara da öyrədirəm. İmtahan proqramlarına daxil edirəm. Çalışıram ki, mədəniyyətimizi, musiqimizi tanıtdırım.
   - Musiqidən başqa incəsənətin hansı sahəsinə marağınız var?
   - Ədəbiyyatı çox sevirəm. Poeziyaya marağım böyükdür. Nizami Gəncəvi, Seyid Əzim Şirvanı, Ömər Xəyyamın əsərlərini oxumuşam, Avropa klassiklərindən Şekspir, Höte, Balzak və digərlərinin adını çəkə bilərəm. Rus klassik ədəbiyyatını, müasir ədəbiyyatdan yaponiyalı Haruki Murakami, braziliyalı Paolo Koelye və başqa yazıçıları qeyd edə bilərəm. Yazıçı Anarın əsərlərini çox sevirəm. O, yaşayaraq yazır və yaşadır. Bəstəkarların həyatı ilə bağlı kitabları oxumağı çox xoşlayıram. Xarici dilləri çox sevirəm. Dünyada nə qədər dil varsa, hamısını öyrənmək istərdim. Ana dili də öz növbəsində. Türk, rus, alman, ingilis, fransız dillərini bilirəm. İtalyan dilini də öyrənməyə başlamışam. Hesab edirəm ki, dil insan zəkasını açıq saxlayır. Mənim üçün ən vacib dil musiqidir. Onu da mən 5 yaşından mənimsəməyə başlamışam.
   - Beş yaşından musiqini öyrənirsiniz... Ailədən gəldi bu meyl?
   - Məndən böyük bacım Bülbül adına orta ixtisas məktəbində təhsil alırdı. Mən də onun fortepiano dərslərinə gedirdim və beləcə musiqiyə vuruldum. Onun ifa etdiklərini təkrar etməyə çalışırdım. Dinləməyi də çox sevirdim. Evə qonaq gələn kimi qaçırdım piano arxasına ki, ifama qulaq assınlar.
   - Kumiriniz varmı?
   - Həyat o qədər çoxtərəflidir ki, hər hansı kumir seçmək çətindir. Uşaqlıqda pərəstiş etdiyim insanlar çox olub. Məşhur musiqiçilərə həsəd aparırdım. Görkəmli pianoçularımız Fərhad Bədəlbəyli, Elmira Səfərova, dünyada tanınmış pianoçular Svyatoslav Rixter, Tatyana Nikolayeva, Emil Gilels və digərlərinə həsrətlə baxırdım. İndi isə sevdiyim insanlar tək musiqiçilər deyil, filosof, vətənpərvər insan, görkəmli siyasətçi və s. ola bilər.
   - Sizin üçün musiqi nədir?
   - Mənim üçün musiqi hər şeydir - hava, su, həyat, sevgi - hər şey. Bu mənim şəxsi münasibətimdir. Bir qədər bədii formada ifadə etsək, musiqi Yaradanın bizə müraciətidir, Tanrının bizimlə ünsiyyət dilidir. Mənim üçün musiqi göydən, ilahidən gələn qüvvədir.
   - Dünyanı nə xilas edəcək?
   - Məhəbbət, tolerantlıq, bir-birini anlamaq. Mühakimə etməmək. Bəzən bunu etmək çətindir. Lakin anlayışla tolerant cəmiyyət qurmaq mümkündür. İnsan neqativ hisslərdən azad olmalıdır. Sevgi və anlayışla yaşamalıdır. O zaman hər kəs xoşbəxt ola bilər.
   
   Söhbətləşdi: Reyhan İsayeva