Sentyabrın 11-də Qəbələdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilib. İclas başa çatandan sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədləri imzalanıb.
   Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının Protokolu”nu imzalayıblar.
   Mərasimdə Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında “Türkologiya layihəsi” üzrə əməkdaşlıq protokolu, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Türkiyə Radio-Televiziya Qurumu arasında əməkdaşlıq sənədi, habelə iki ölkənin Xarici İşlər, Nəqliyyat nazirlikləri arasında anlaşma memorandumu, iki ölkənin hökumətləri arasında kənd təsərrüfatı, axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi, texniki tənzimlənmə, standartlaşdırma, metrologiya sahələrində əməkdaşlıq haqqında sazişlər imzalanıb.