“Əgər sən gerçək inanclısansa, hər kəsi sevəcəksən. Amma öz dinindən millətçi vasitə kimi istifadə etmək yanlış yoldur”

Sentyabrın 1-2-də Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda Avropa Şurasının mübadilə görüşündə müxtəlif ölkələrdən qonaqlar iştirak edirdi. Onların sırasında “Court of the Gentiles”in icraçı direktoru, Roma Papasının yanında Mədəniyyət Şurasının üzvü Jan Loren (Jean Laurent) Mazas da var idi. Onunla söhbətimiz din və mədəniyyətin qarşılıqlı əlaqəsi və dünyada baş verən proseslərə təsiri barədə oldu.

- Sizcə, bu tədbirin mövzusu müasir dünyamız üçün nə dərəcədə aktualdır?
- Mədəniyyətlərarası dialoqda din və mədəniyyətin münasibətləri müasir dünyamız üçün çox aktual məsələdir. Bu baxımdan bütün dinlərə liberal münasibətin hökm sürdüyü, hörmətlə yanaşıldığı Azərbaycanda belə mövzuda tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Ümid edirəm ki, digər inanclara tolerantlıq nümayiş etdirən, dini icmaların fəaliyyətinə lazımi şərait yaradılan bu ölkədə dinlərarası dialoqun müsbət nəticələri olacaq.

- Dünyanın müxtəlif yerlərində lokal müharibələr baş verir, günahsız insanlar qətlə yetirilir, mədəniyyət abidələri məhv edilir. Bəzən bu savaşlar din pərdəsi altında aparılır. Bu mənada mədəniyyət və din birlikdə necə rol oynaya, hansı təsir vasitələrindən istifadə edə bilər?
- Düşünürəm ki, din pərdəsi altında savaş açmaq yolverilməzdir. “Din xilas edə bilər” anlayışı ilə də razı deyilik. Ümumiyyətlə, müharibə etmək doğru addım deyil. Bu gün müxtəlif dinlərə hörmətlə yanaşan Azərbaycan bütün dünyaya nümunədir, ölkəniz dinlərarası dialoqa böyük töhfələr verir. Hər kəs özü fərdi olaraq başqalarının mədəniyyətinə hörmətlə yanaşmalıdır. Lokal müharibələrə gəlincə, biz bu gün İraqın şimalında baş verən prosesləri böyük narahatlıqla izləyirik. O insanlar əcdadlarının yaşadıqları torpaqlardan kənarda qalıblar. Beynəlxalq ictimaiyyət bu humanitar böhranın aradan qaldırılmasına müdaxilə etməlidir. Təəssüf ki, artıq beynəlxalq hüququn mexanizmi işləmir, insanlar dini baxışlarına görə sistematik məhv edilir. I Dünya müharibəsindən ötən 100 il ərzində hərb sənayesi sürətlə inkişaf edib. İnsanların bir-birinə qarşı dözümsüzlüklə yanaşdığının şahidi oluruq. Vaxt yetişib, biz ən yaxşı yolların araşdırılmasına çalışmalı, qardaşlıq prinsiplərini yaymalıyıq.

- Lakin təəssüf ki, bəzi qüvvələr öz maraqları naminə hətta dinləri üz-üzə də qoyurlar...
- Tamamilə razıyam. Bu gün din anlayışı bir sıra qüvvələr tərəfindən istismar olunur. Əgər insan hesab etsə ki, din onun həyat tərzidir, sirdaşıdır, daxili aləmidir, o zaman bütün insanlara bacı və qardaşımız kimi yanaşacaq. Çünki insanı Allah yaradıb və bütün yaradılanlar bizim bacı-qardaşlarımızdır. Əgər sən gerçək inanclısansa, hər kəsi sevəcəksən. Amma öz dinindən millətçi vasitə kimi istifadə etmək yanlış yoldur.

- Sizcə, din və mədəniyyəti bir araya gətirərək bu cür tədbirləri keçirməklə belə tendensiyaların qarşısını almaq olarmı?
- Hesab edirəm ki, belə tədbirlər ortaya çıxan problemlərlə bağlı yeni yollar axtarmaq, səy göstərmək üçün yaxşı vasitədir. Cəmiyyətlər, insanlar arasında daha çox dözümlülük olmalıdır. Çünki indi bəşəriyyət özünün çətin dövrünü yaşayır. Məsələn, mən Romada hər gün miqrantların həyat tərzini görürəm. Yaşamaq üçün yeri olmadığından küçədə yatan insanları görürük. Yaxud varlı və kasıblar arasında böyük fərqləri götürək. Bir də insanlarda bir qədər şərəf və ləyaqət olmalıdır ki, bu istiqamətdə nəyisə dəyişməyə nail ola bilək. Hesab edirəm ki, bu mənada din təhsilin, şüurun inkişaf etdirilməsinə kömək edə bilər.

- Mədəni cəhətdən rəngarəng cəmiyyətlərdə dini və qeyri-dini təşkilatların tolerantlığı özünü necə büruzə verir? Bu diskriminasiya, dözümsüzlük və zorakılığın bütün növləri ilə mübarizəyə hansı töhfəni verə bilər?
- Məsələn, mən Vatikanda inanclı və inancsızların birlikdə iclasını keçirirəm. Bu mənim işimdir və düşünürəm ki, bu gün üçün çox vacibdir. Onlar bir araya gəlir və cəmiyyətin üzləşdiyi problemləri nəzərdən keçirir, müzakirə edir, ortaya çıxan suallara cavab axtarmağa çalışırlar. Nəzərə almaq lazımdır ki, onlardan bəzilərinin inanclı, digərlərinin ateist olmalarına baxmayaraq, biz eyni cəmiyyətdə yaşayırıq. Artıq bu mədəniyyətlərin, dinlərin dialoqu deyil, inanclı və inancsızların dialoqudur. Məsələn, Fransa cəmiyyətində belə hesab olunur ki sənin dinin sənə məxsusdur və sən onu qəlbində saxlamalı, ifadə etməməlisən. Yəni biz sadəcə insanıq.

- Deməli, dinindən asılı olmayaraq bütün insanları bir araya necə gətirmək məsələsi gündəmə gəlir?
- Əlbəttə, mədəniyyət burada mühüm rol oynayır. Biz insanıq və həyatda səhv də edə bilərik. Və ya sən istehsal etdiyin, hazırladığın bir şeyin keyfiyyətli olmasını istəyirsən. Mədəniyyət təkcə bizim yatmağımız, yemək yeməyimizdən ibarət deyil. Buraya həm də fikirləri, düşüncələri inkişaf etdirmək daxildir. Din isə insanın seçimidir və onun həyatına gedən yoldur. İnsanlar bunu öz qəlblərində saxlamalı, bir-biriləri ilə inanclarından asılı olmayaraq mehriban, sülhpərvər tərzdə davranmalıdırlar.

- O zaman əsas problem nədir?
- Problem inamlı və ateistlərlə bağlı deyil, alimlər və ifrat liberallarla bağlıdır. Məgər insan istədiyi hər bir şeyi etməlidirmi? Axı insan bəzən özünə sərhəd də qoymalıdır. Alimin insanların ağlını dəyişməyə səy göstərməsi nə dərəcədə doğrudur? Bu qeyri-mümkündür. Çünki bəzi alimlər buna təkamül nəzəriyyəsi aspektindən yanaşırlar. Məsələn, ifrat liberallar peyğəmbərlərin karikaturalarını çəkirlər. Əlbəttə, bütün bunlar neqativ, xoşagəlməz hallardır. Cəmiyyətin gələcəyi yeni texnologiyadan, elmin tərəqqisindən asılıdır. Lakin bu tərəqqi ifrat dərəcədə çox olmamalı, etik hədlər gözlənilməlidir. Məsələn, götürək klonlaşmanı. Din söyləyir ki, insan Allahın yaratdığını yarada bilməz. Beləliklə, insan hər hansı addımı atdıqda öz ağlı, şüuru ilə hesablaşmalıdır.

- Din və mədəniyyət bir araya necə gələ bilir? Ümumiyyətlə, bütün dünyada mədəniyyət və dininin bir yerdə olma modeli necə olmalıdır?
- Din mədəniyyətin özülüdür. Götürək islam və xristian mədəniyyətini. Əgər xristian mədəniyyətinə nəzər salsaq, görərik ki, bizim musiqimiz, şeirimiz, xorumuz və digər mədəni elementlərimiz var. İslam dinində də zəngin mədəniyyət var. Din daha çox şəxsi və mərhəm elementdir. Mədəniyyət insan həyatının məhsuludur. Qeyd etdiyim kimi, mədəniyyət dinin əsasında dayanır. Məsələn, götürək Motsartı. O, “Rekviyem”i yazarkən qəlbinin dərinliyindəki hissləri, inamı ifadə edirdi. Mən buddist deyiləm, amma onların mahnısını da dinlədikdə, o mənə nə isə deyir. Göründüyü kimi, din və mədəniyyət bir-birini tamamlayır.

- Maraqlıdır, müasir dünya, baş verən proseslər sizə necə görünür?
- Dünyada böyük ziddiyyətlər var. Müsbət məqamlarla yanaşı, bu gün bütün dünyada böyük çətinliklər yaşanır. Müharibə, cinayət, mafiya, əxlaqsızlıq və nə qədər xoşagəlməz hallar var. Götürək, yeni texnologiyaları, məsələn iPhone telefonları. Dünən mən restoranda bir mənzərənin şahidi oldum. Orada bir ailə də əyləşmişdi. Ata, ana və qız - hər üçü ancaq telefonla məşğul idilər. İnsanlar bir yerdə əyləşir, amma bir-biriləri ilə deyil, telefonla ünsiyyətdədirlər. Əlbəttə, bu çox pis haldır. Çünki istər cəmiyyətdə, istərsə də ailədə insanlar arasında dialoq lazımdır. Mən telefondan bir alət kimi istifadə edirəm. Məsələn, sən kompüterin önündə əyləşib Google-da axtarış edərkən artıq o sənin maraqlarını, nə istədiyini bilir. Yəni istədiyini axtarıb sənə verir. Burada artıq beyin düşündürmür. Əlbəttə, bu da texnologiyanın inkişafının bir qədər mənfi tərəfləridir.

- Mədəni irsin, o cümlədən dini-mədəni irsin mədəniyyətlərarası dialoqa töhfəsi nədir?
- Bildiyiniz kimi, Vatikanda da müxtəlif xalqların irsi qorunur. Qeyd etdiyim kimi, mədəniyyət təkcə din üçün deyil, bütün bəşəriyyət üçündür. Biz təkcə həm də Vatikan muzeyinə, kitabxanalarına nəzarət edirik. Bildiyiniz kimi, Vatikan kitabxanalarında, arxivlərində Azərbaycan da daxil olmaqla bir sıra xalqların irsi qorunur. Biz insanlardan soruşmuruq ki, o xristian, yaxud da müsəlmandır. Hər kəs bu muzeylərə, kitabxanaya gələ bilər. Avropada həm də çoxlu məscidlər var. Amma məsələn, Səudiyyə Ərəbistanında kilsə tikilməsinə qadağa qoyulub. Biz onlarla bu barədə söhbət etmişik. Onlar isə deyir ki, bizim ölkəmiz müqəddəs məkandır və burada kilsə tikmək olmaz. Azərbaycan bu mənada tolerant ölkədir. Burada məscidlərlə yanaşı kilsələr, sinaqoqlar da var. Yəni bir ölkədə digər xalqların da mədəni irsinə və dini mədəni irsinə belə hörmətlə yanaşılırsa, bunun özü mədəniyyətlərarası dialoqa bir töhfədir. Bu baxımdan Azərbaycanla sıx əlaqələrimiz var. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva əlaqələrimizin qurulmasında və inkişafında böyük rol oynayır. Məsələn, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Roma katakombalarının bərpası ilə bağlı yardımını yüksək qiymətləndiririk.

- Sonda Azərbaycanla bağlı təəssüratlarınız öyrənmək də maraqlı olardı...
- Bu mənim Azərbaycana üçüncü səfərimdir. Bundan əvvəl 2009-cu ildə “Bakı İslam Mədəniyyətinin Paytaxtı” adlı konfransa, 2011-ci ildə isə Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna gəlmişəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycan dünya mədəni aləminə böyük uğurla daxil olub. Budəfəki səfərimdə Beynəlxalq Muğam Mərkəzində oldum. Bina sadəcə fantastikadır. Muzeyləriniz də xoşuma gəldi. Əlbəttə, bunun özü insanlarınızın mədəniyyətə münasibətindən irəli gəlir. Son olaraq deyim ki, Bakının ev sahibliyi ilə keçirilən, Avropa Şurasının nümayəndəsi və Qafqaz Müsəlmanları İdarəsinin sədrinin də iştirak etdikləri bu tədbirdən müsbət gözləntilərimiz var.

Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar