Cahangir Zülfüqarov: “Uşaq kiçik yaşlarından mütəmadi olaraq yaxşı mahnılar, musiqilər eşidirsə, onun incə zövqü formalaşır”
Bu gün teatrda tamaşalar üçün musiqilərin yazılması, hər nümunədə bəstəkar yaradıcılığının nümayişi aktual məsələlərdəndir. Səhnə əsərinin təsir gücünün artırılmasında, tamaşaçıya nüfuz etməsində musiqinin önəmini nəzərə alanlar xüsusən uşaq tamaşalarında bu məqamı daha da qabardırlar. Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri, Azərbaycan Dövlət Kukla Teatrının musiqi hissə müdiri, Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov da bu qənaətdədir. Bizimlə söhbətində yetişən nəsillərin musiqi zövqü, uşaq mahnıları, tamaşalarda bəstəkar işi, uşaqlar üçün musiqi yazmağın özəlliklərindən danışdı. Öncə isə bu günlərdə Həştərxanda münsiflər heyətinin üzvü olaraq qatıldığı festivalla bağlı təəssüratlarını bölüşdü, belə tədbirlərin sənət mübadiləsi, yeni təcrübələrin öyrənilməsi baxımından önəmini diqqətə çatdırdı:
- Bildiyiniz kimi, Qax Dövlət Kukla Teatrı oktyabrın 1-dən 8-dək Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən IV “Xəzər sahili” Beynəlxalq Kukla Teatrı Festivalında iştirak etdi. Beş Xəzəryanı ölkənin (Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran) aparıcı kukla teatrı kollektivlərinin təmsil olunduğu festivalda tamaşaları üç nəfərdən ibarət peşəkar və beşnəfərlik rəmzi xarakterli uşaq münsiflər heyəti qiymətləndirdi.
Sankt-Peterburq Teatr İncəsənəti Akademiyasının kukla teatrı fakültəsinin dekanı, professor Nikolay Naumov sədrlik etdiyi peşəkar münsiflər heyətində mənimlə yanaşı Obrazsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının quruluşçu rejissoru, Rusiyanın Əməkdar artisti Yekaterina Obrazsova da yer alımışdı.
Fərəhli haldır ki, festivalda ölkəmizi təmsil edən Qax Kukla Teatrı “ən yaxşı rejissor” mükafatı ilə təltif olundu. “Turp” rus xalq nağılı əsasında hazırlanmış eyniadlı pantomim-tamaşa istər münsiflər, istərsə də seyrçilər tərəfindən yüksək səviyyədə qarşılandı. Nümunə haqqında xoş sözlər eşitmək məni bir azərbaycanlı kimi çox qürurlandırdı. Onu da deyim ki, bu festivalın himnini yazmaq da mənə nəsib oldu. Bu mənim üçün xüsusilə əhəmiyyətlidir. Düşünürəm ki, zaman keçəcək və o tədbirdə daim Azərbaycan bəstəkarının musiqisi səslənəcək.
- Cahangir müəllim, teatrlarımız mütəmadi olaraq beynəlxalq festivallarda iştirak edirlər. Sizcə, bu əməkdaşlıq teatrlara nə verir?
- Əlbəttə, belə tədbirlər aktyorların ünsiyyəti, yeni yaradıcılıq axtarışları, rejissorların yeni səhnə, sənət meyllərini mənimsəməsi, ümumilikdə teatr adına yaradıcı mübadilənin təşkili anlamında çox vacibdir. Xalqlar, mədəniyyətlər arasında ünsiyyət sırf mədəniyyətlə mümkün olduğundan bu kimi layihələr həmişə önəm kəsb edir.
- Həştərxan festivalında iştirakçılar tərəfindən ustad dərsləri də təşkil olunub. Bu barədə nə deyə bilərsiniz?
- Biz öz yaradıcılıq istiqamətimizə uyğun olaraq ustad dərsləri keçdik. “Teatrda musiqi” mövzusunda ustad dərsimi təqdim edərkən ümumilikdə teatrda musiqinin önəmi, xüsusilə də kukla tamaşalarında vacibliyini xüsusi vurğuladım. Çünki məhz kukla teatrı incəsənətin, teatrın əsas görüntüsüdür. Burada sənətlə bağlı hər bir element cəmlənib. Ona görə də kukla teatrı deyərkən məhdud çərçivədə qalmaq yanlışdır. Çünki kukla teatrı aktyorunda hər bir yaradıcı xüsusiyyət cəmlənir. O, aktyor olaraq mütləq şırmanın arxasında qalır, onu ifadə edir, onu yaşayır, onu hərəkətə gətirir. Bu, çox çətindir. Amma mümkündür. Bunu yüksək peşəkarlıqla edən milli kukla teatrlarımız bu gün artıq müəyyən inkişaf yolu keçərək təyin etdikləri istiqamətə çatıblar.
- Amma ölkəmizdə incəsənət tədrisi sahəsində kukla teatrı aktyorluğu fakültəsi və ya şöbəsi yoxdur. Necə düşünürsünüz, belə festivallarda bu məqam çatışmazlıq kimi görünmürmü?
- Təəssüflə qeyd edim ki, bu problem illərdir qeyd edilsə də, hələ ki nəticə hasil olmayıb. Amma buna baxmayaraq, bizim aktyorların peşəkarlıq səviyyəsi heç də onlardan geri qalmır. Əksinə, mən deyərdim ki, daha da üstündür. Bütün bunlara rəğmən kukla teatrı aktyorunun hazırlığı peşəkar səviyyədə, elmi-praktik əsaslarla tədris olunmalıdır. Əvvəldə dediyim kimi, kukla teatrı aktyoru dedikdə yaradıcı diapazon genişliyi - plastikadan əl hərəkətinə, səs tembrindən səhnə energetikasına ən xırda görünə bilən detal da vacib və labüddür. Bunu mən festival zamanı təqdim olunan ustad dərslərində bir daha gördüm.
- Gəlin, sırf sizin yaradıcılıq istiqamətiniz - musiqi və kukla teatrından danışaq. Kukla tamaşaları üçün musiqi yazmaq asandırmı?
- Kukla tamaşaları üçün musiqi yazmaq çox çətindir. Ona görə əvvəllər də bəstəkarlar buna az maraq göstəriblər. Son vaxtlar isə sadəcə bir neçə bəstəkar var ki, sırf teatrlar üçün yazırlar. Əslində bu sahədə hansısa bölgü aparmaq yanlışdır. Əsas istedad və peşəkarlıqdır. Bu ölçülərdə olan bəstəkar üçün janr və auditoriyanın önəmi yoxdur. Dahi bəstəkarlarımızın hamısı uşaqlar üçün musiqilər yazıblar. Amma heç kim onları uşaq bəstəkarı kimi qruplaşdırmayıb. Düzdür, az yazılıb, amma yazılıb. Az yazılmasına səbəb isə uşaqlar üçün musiqi yazmağın, onların zövqünə uyğun, maraq dünyasına varmağın çətinliyidir.
- Bu gün uşaqlar üçün ümumiyyətlə, musiqi, janr müxtəlifliyindən asılı olmayaraq, az yazılır...
- Burada səbəb bəstəkarların marağının azalmasıdır. Hətta yazılanların kəmiyyətinə baxmasaq, görərik ki, bu, say olaraq məhduddur. O ki qaldı keyfiyyət göstəricilərinə, uşaqlara gözəl musiqini qavramaq qabiliyyətini uşaqlıqdan aşılamaq lazımdır. Uşaq kiçik yaşlarından mütəmadi olaraq yaxşı mahnılar, musiqilər eşidirsə, onun incə zövqü formalaşır. Ən çətin, məsələn, yetkinlik dönəmində ucuz, əyləncəli mahnıya rast gəldikdə onun immuniteti bitkinləşmiş olacaq ki, o, asanlıqla həqiqi incəsənəti saxtasından ayıracaq.
- Necə düşünürsünüz, hər kukla tamaşasının özünün müstəqil musiqisi, bəstəkar işi olmalıdırmı?
- Əlbəttə, hər tamaşanın orijinal, yeni musiqisi olmalıdır. Bunu daim vurğulamışam. Hazırda səhnəyə qoyulan yeni tamaşalarda daha çox yığma musiqilərə üstünlük verirlər. Bir şeyi nəzərə alaq ki, bizim həmin yığma musiqilər, məşhur melodiyalarla bağlı müəyyən təsəvvürümüz, xatirəmiz var. Belə olduqda istər-istəməz o musiqi bizim fikrimizi tamaşadan alıb öz ilk reaksiyasına aparacaq. Xüsusən tanınmış musiqilərdən edilən yığmalar hər zaman tamaşaçının fikrini dağıdır.
- Ümumiyyətlə, bəstəkarlara yanaşmada da müəyyən təzadlar var...
- Bəla bundadır ki, bir qisim insanlar elə bilir ki, bəstəkar sadəcə mahnı yazandır. Əslində, kamera, simfonik musiqilər yazan bəstəkardan daha çox bir-iki mahnısı ilə məşhurlaşan bəstəkarlar göz önündə olurlar. Sadəcə nəğməkar kateqoriyalılar ümumilikdə bəstəkar kimi təqdim olunduqlarından həqiqi bəstəkarların işi və kimliyi ikinci plana atılır. Belə olduqda dediyim təzadlı məqam yaranır.
- Sırf uşaqlar üçün musiqilər yazan bəstəkarın digərlərindən fərqli cəhəti nə olmalıdır?
- Uşaqlar üçün musiqi yazan əsl peşəkar bəstəkar elə məhz uşaq olmalı, onların hisslərini, mənəvi dünyasını, psixologiyasını başa düşməlidir. Onu da deyim ki, bu gün bu qəbil bəstəkarların da sadəcə bir-ikisi həqiqətən uşaq ruhuna vara, onlarla öz musiqisinin sehrində dialoq qura bilir. Böyüklərə nisbətən uşaqlarla işləmək daha asandır. Onlar təmiz və sadəlövhdürlər. Nə isə yeniliklər öyrənməyə meyl göstərirlər. Yenilikdən qorxmurlar və demək olar ki, hamısı musiqi qabiliyyəti olan uşaqlardırlar. Onlarla dil tapa bildiyim üçün çox şadam. Bunu atam Oqtay Zülfüqarovdan öyrənmişəm.
- Siz həm də Dövlət Kukla Teatrının musiqi rəhbərisiniz. Teatrda son olaraq hansı nümunəyə musiqi yazmısınız?
- A.Ostrovskinin "Qar qız", B.Brextin "Kuraj ana", A.S.Puşkinin "Qızıl xoruz", Ş.Perronun "Qırmızı papaq", C.Rodarinin "Çipollino", M.F.Axundzadənin "Parisi dağıdanlar" və digər tamaşaların musiqilərinin müəllifiyəm. Son olaraq dövlət sifarişi ilə hazırlanan “Qoğal” tamaşasına musiqi yazdım. Sankt-Peterburqlu rejissorun səhnələşdirdiyi bu nağılda istifadə olunan musiqi aləti balalayka olsa da, səsləndirməsi tarla oldu. Düzdür, əvvəl bəstəkar narahatlığını ifadə etsə də, balalaykanın səs tembrini daha incə ifa edə bilən tar öz milizmaları ilə istər-istəməz tamaşaçının zövqünə nüfuz etdi. Bir məqamı da vurğulamaq istəyirəm, bəstəkar istənilən xalqın musiqi üslubunda və istənilən janrda yaza bilər. Amma millilik və özünün mənsub olduğu xalqın musiqi yaddaşını bir xal belə olsa, o əsərdə hiss etdirməyi bacarmalı, onu dinləyən müəllifin azərbaycanlı olduğunu duya bilməlidir.
- Azərbaycan Dövlət Uşaq Filarmoniyasında nə yeniliklər var?
- 200 nəfərdən artıq uşağın qatıldığı istedadlar sırası ilə filarmoniyanın yaradıcı potensialını artırmaqdadır. Qarşıdan gələn bayram günləri, xüsusən də Yeni illə bağlı proqram üzərində çalışırıq. Artıq ssenari hazırdır və müxtəlif yaradıcılıq istiqamətlərində iş davam edir.
Söhbətləşdi: Həmidə Nizamiqızı